ABŞ səfiri Naxçıvanda layihə iştirakçısı olan qadınlarla görüşdü
Bizi izləyin

Nida Xəbər

ABŞ səfiri Naxçıvanda layihə iştirakçısı olan qadınlarla görüşdü

Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çəçivəsində muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsinin iştirakçısı olmuş qadınlarla görüşüb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, görüşdə komitənin sədri Ramilə Seyidova layihənin icrası barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasında, eləcə də Naxçıvan Muxtar Respublikasında qadınların dayanıqlı inkişafı, məşğulluqlarının təmin olunması, sahibkarlıq fəaliyyətlərinin inkişafı və dəstəklənməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müvafiq sahənin inkişafı ilə əlaqədar Dövlət proqramları qəbul edilir, həmçinin qadınlarla, xüsusən də sosial qayğıya ehtiyacı olan qadınlarla bağlı sosialyönümlü layihələr uğurla icra edilir. Naxçıvan Muxtar Respublikasında icra olunan layihələrdən biri də muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsidir.

Komitə sədri qeyd edib ki, layihənin icrasına 2021-ci ilin aprelində başlanılıb və avqustda başa çatıb. Layihə çərçivəsində 20 qadına maksimum 500 ABŞ dolları dəyərində sərmayə kapitalı verilməsi nəzərdə tutulub. Lakin qadınların sahibkarlığa maraqları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilib. Ümumilikdə verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil edib. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”, biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilib. Təlimlərdə muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə, ümumilikdə, 28 qadın o cümlədən sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadınların iştirakı təmin edilib.

Diqqətə çatdırılıb ki, təlimlərdə qadınlara öz bizneslərini qurmaq, idarə etmək və inkşaf etdirmək, eyni zamanda gələcəkdə qadınlara öz maliyyə vəsaitlərindən düzgün, səmərəli istifadə etmək bacarıqlarının formalaşdırılması məqsədi ilə zəruri biliklər çatdırılıb. Sonda iştirakçılar tərəfindən biznes planlar hazırlanıb. Ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. Sərmayə kapitalı almış qadınlar üçün ilk öncə VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb. Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanılıb. Müqavilələr Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib. Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 26 qadına sərmayə kapitalı verilib. Sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilib.

Ramilə Seyidova müvafiq layihənın icrası ilə əlaqədar qadınlara göstərilən diqqət və dəstəyə görə minnətdarlıq edib.

Tədbirdə çıxış edən səfir Örl Litzenberqer layihənin iştirakçılarına təşəkkürünü bildirib. Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini xatırladan səfir burada bir sıra görüşlər keçirdiyini, ancaq bu gün iştirak etdiyi görüşün onun üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu layihə ABŞ üçün çox böyük önəm kəsb edir.

Örl Litzenberqer bildirib ki, bu layihənin icrasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mühüm rolu olsa da, ən böyük məsuliyyət və zəhmət layihə iştirakçısı olan qadınların üzərinə düşür. O, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında bu sahəyə göstərilən diqqətin böyük olduğunu ifadə edib. Qadın sahibkarların öz ailələrinə göstərdikləri yardımı yüksək qiymətləndirən diplomat bəzi qadınların fiziki imkanlarının məhdud olmasına, ailə başçısını itirməsinə, düşdüyü çətin vəziyyətə baxmayaraq, böyük fədakarlıq göstərərək, daha da səylə çalışmalarının böyük hörmətə layiq olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, qadınlara təkcə iqtisadi yox, mənəvi-psixoloji dəstək göstərilməsi də çox vacib məsələlərdəndir. İcra olunmuş bu layihələr də qadınların məşğulluqlarının artırılması ilə yanaşı, onların özunəinamlarının artmasına, psixoloji vəziyyətlərinin yaxşılaşmasına da əsaslı təsir göstərəcək. Bu gün tədbirdə iştirak edən qadınların bəzilərinin bir neçə ildən sonra uğurlu sahibkar kimi özünü subut edəcəyinə əminliyini bildirən səfir atılan bu addımların gələcəkdə biznes sahələrinin artmasına töhfə verəcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə çəçivəsində keçirilən təlimlər haqqında ətraflı məlumat verib, bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda və uğurla icra olunduğunu diqqətə çatdırıb. Sevinc Rüstəmova belə layihələr çərçivəsində keçirilən təlimlərin əhəmiyyətinin vurğulayaraq deyib ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 2019-cu ildən icra olunmağa başlanılan belə layihələrin nəticəsində bu günədək muxtar respublikada 400 qadına sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaları üçün təlimlər keçirilib. Layihə rəhbəri səfir Örl Litzenberqerə səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib.

Səmimi diskusiya şəraitində keçən görüş zamanı layihənin iştirakçıları olan qadınlardan Xanım Hüseyinova, Zəlalət Rzayeva, Həcər Hümbətova, Günel Məmmədova, Rəfayə İbrahimova və Şəhla Cəfərova öz fəaliyyət sahələri ilə əlaqədar ətraflı məlumat veriblər.

Səfir görülən işləri yüksək qiymətləndirib və qadınlara işlərində uğurlar arzulayıb.

Komitənin foyesində qadınların aldıqları sərmayə kapitalı dəyərində əldə etdikləri aktivlərin bəzilərinin, onların əl işlərinin, o cümlədən xalçaçılıq, toxuculuq, silahsazlıq, dərzilik, arıçılıq və digər məsullarının sərgiləndiyi sərgi nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb. Qonaqlar layihə çərçivəsində keçirilən tədbirlərdən, sərmayə kapitalı əldə etmiş qadınların qurduqları təsərrüfat sahələrinin fotolarına da baxıblar.

Komitə sədri Ramilə Seyidova qonaqlara sərgi haqqında ətraflı məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm