Qüdrət Həsənquliyev: “Hər kəs öz məsuliyyətini dərk etməlidir”
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: “Hər kəs öz məsuliyyətini dərk etməlidir”

Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edir:

- Qüdrət bəy DSX-nın zabitlərinin ölümü ilə nəticələnmiş vertalyot qəzası ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Siz nə düşünürsünüz?

- Qəza nəticəsində dünyasını dəyişən hərbçilərimizə Allah rəhmət eləsin. Bu ağır itki ilə əlaqədar xalqımıza, şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm.
Qəza ani yaranan texniki nasazlıqdan, pilotun nə qədər təcrübəli olmasından asılı olmayaraq yol verdiyi ciddi səhfdən, yaxud texniki nasazlığa və qəzaya səbəb olacaq kənar müdaxilədən ola bilər. Biz şərq düşüncəli və emosional bir millət olsaq da belə anlarda soyuqqanlı olmağa çalışmalı və istintaqın nəticəsini gözləməliyik. Əminəm ki, Baş Prokururluq tərəfindən yaradılan istintaq qrupu bütün fərziyyələri ciddi şəkildə araşdıracaq, qəzanın baş vermə səbəbinə aydınlıq gətirəcəkdir.
Atəşkəs elan olunsa da biz müharibə vəziyyətində olan ölkəyik, hələ sülh sazişi imzalanmayıb, danışıqlar gedir. Dövlətimiz müstəqillik tarixinin ən qürurlu və müxtəlif çağırışlarla üzləşdiyi mürəkkəb dövrünü yaşayır. Böyük güclər prosesə qoşulub, hər birinin regionda öz marağı var. Ermənistan və havadarları keçən əsrin 90-cı illərində ölkəmizdə yaranmış siyasi istiqrarsızlıqdan və qarşıdurmadan istifadə edib torpaqlarımızın 20%-ni işğal etdilər. İndi böyük güclərin Qarabağın taleyini, ölkəmizin ərazi bütövlüyünü masa üzərinə daşımaq istədikləri bir dönəmdə hər kəs öz məsuliyyətini dərk etməli, təxribatçı qüvvələrin istifadə edə biləcəyi hərəkətlərdən, aksiyalardan çəkinməlidir.

- Qüdrət bəy 15 dekabrda Brüssüldə keçiriləcək danışıqlardan gözləntiləriniz nədir?

- Ciddi bir gözləntim yoxdur. Qarabağ problemini birdəfəlik və beynəlxalq hüquq çərçivəsində həll etmək üçün Rusiya ilə danışmalı,onu problemin həllinə razı salmalıyıq. 30 il heç kim Ermənistandan tələb etmədi ki, BMT qətnamələrini yerinə yetirsin. İndi də heç kim tələb etmir ki, 10 noyabr sazişinin tələblərini icra etsin. Bizdən və Tükiyədən başqa bütün maraqlı tərəflər “nə hərb, nə sülh” mövqeyindən çıxış edir. Azərbaycan Brüsseldə onu edə bilər ki, ermənilər və qərbli havadarları anlasınlar ki, rus sülhməramlılarına güvənib danışıqları daha 30 il davam etdirməyə imkan verməyəcəyik. Rahat yaşamaq və ölkələrini inkişaf etdirmək istəyirlərsə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdırlar. Bundan sonra kommunikasiyalar açıla bilər.Ermənistan bunu etməsə Azərbaycan Laçın dəhlizi daxil bütün sərhəd boyunca nəzarəti öz əlinə almalıdır.

- Qüdrət bəy, Prezident iki gün öncə Emin Hüseynovu “Qarabağ iqtisadi zonası” üzrə özünün səlahiyyətli nümayəndəsi təyin etdi. Bir çoxları bu sərəncamı icra hakimiyyətlərinin ləğvi istiqamətində atılan adım kimi qiymətləndirdi. Siz necə düşünürsünüz?

- Konstitusiyanın 124-cü maddəsinə görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətləri başçıları həyata keçirir. Məhz buna görə Konstitusiyanı dəyişmədən “icra başçıları” sözü dəyişdirilə bilməz.
Konstitusiyanın 95-ci maddəsinə görə, inzibati ərazi bölgüsünü Azərbaycan Respublikasının Milli Məclisi həll edir. Konstitusiyanın 94-cü maddəsinin 21-ci bəndinə görə ərazi quruluşuna dair ümumi qaydaları Milli Məclis müəyyən edir. Bundan başqa 13 iyun 2000-ci ildə qəbul olunmuş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirirlir”.
Biz ilk növbədə aydınlaşdırmalıyıq ki, “iqtisadi zonalar” ərazi vahididir ya yox. Ərazi vahidi deyilsə, nədir?
Yeri gəlmişkən qeyd edim ki, 14 aprel 2009-cu ildə “Xüsusi iqtisadi zonalar” haqqında Qanun qəbul edilsə də bu istiqamətdə addım atılmayıb. 18 may 2018-ci ildə “Ələt azad iqtisadi zonası” haqqında Qanun qəbul edilib, normativ-hüquqi baza yaradılıb, amma hər hansı istehsal prosesi haqda məlumat yoxdur.
Prezidentin həm iqtisadi zonaların yaradılması haqqında, həm də Emin Hüseynovun səlahiyyətli nümayəndə təyin edilməsi barədə Sərəncamında Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə istinad edilib. Həmin bənddə qeyd olunur ki, Prezident Milli Məclisin və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Hesab edirəm “İqtisadi zonalar” və “Dövlət qoruqları” haqqında Konstitusiya ilə ziddiyyət təşkil etməyən qanunlar qəbul edilməli,s əlahiyyətli nümayəndələrin statusu müəyyən olunmalıdır və bu yerlərdə icra hakimiyyətinin həyata keçirilməsi xarakteri daşımamalıdır. Çünki bu Konstitusiya ilə yerli icra hakimiyyətləri başçılarına həvalə olunub.
Yerlərdə dövlət hakimiyyətinin həyata keçirilməsi istiqamətində islahatlar olacaqsa, bu Konstitusiyada və Qanunlarda dəyişikliklər edilməklə həyata keçirilməli, qanunvericiliyin sistemləşdirilməsi yolu ilə kolliziyalar aradan qaldırılmalıdir.
Biz BAXCP olaraq hesab edirik ki, regionların inkişafı üçün bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməli və onların səlahiyyətləri genişləndirilməlidir. İcra hakimiyyət başçıları isə Prezidentin səlahiyyətli nümayəndələri kimi Konstitusiyaya nəzarət funksiyasını həyata keçirməlidirlər. Türkiyədəki valilər kimi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm