Qoşulmama Hərəkatında fəal iştirakımız milli maraqlarımıza xidmət edir - - Ziyafət Əsgərov
Bizi izləyin

Nida Xəbər

Qoşulmama Hərəkatında fəal iştirakımız milli maraqlarımıza xidmət edir - - Ziyafət Əsgərov

“Öz xarici siyasətində heç bir hərbi ittifaqa qoşulmamaq istiqamətini seçmiş dövlətimiz 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Qısaca olaraq Təşkilatla bağlı məlumat verim ki, Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Təşkilatın yaranmasına səbəb bir sıra dövlətlərin soyuq müharibə dövründə özlərini iki siyasi-hərbi qütb arasında qarışdurmaya cəlb edilməkdən qorumaq istəyi olmuşdur. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında Bandunq prinsipləri qəbul edilib, 1961-ci ildə bu prinsiplər əsasında Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülhə, təhlükəsizliyə töhfə vermək, dövlətlərin inkişafına yardım etmək olan Qoşulmama Hərəkatı müasir dövrdə də öz aktuallığını itirməyib, əksinə Hərəkatın nüfuzu artıb. Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının artması və üzv dövlətlərin razılaşdırılmış mövqe ortaya qoymağa başlaması ilə BMT Baş Assambleyası çərçivəsində qərarların qəbulu prosesində Hərəkatın təsiri əhəmiyyətli rol oynamağa başlayıb”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan 2019-cu ilin oktyabr ayında Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə Bakıda ev sahibliyi edib və Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib: “Qoşulmama Hərəkatına üzv dövlətlər Hərəkata uğurlu sədrliyimizi nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, ölkəmiz isə bu müraciətə müsbət cavab verib. Beləliklə, hazırda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılıb. Sədrliyin ölkəmizə keçməsi ilə Qoşulmama Hərəkatının tarixində yeni və olduqca uğurlu bir səhifə açılıb. Hərəkata sədrliyimizin dünyada COVID-19 pandemiyasının yayıldığı bir vaxta təsadüf etməsi bizim fəaliyyətimizi nəinki zəiflətməyib, Azərbaycan dünyada pandemiya ilə mübarizədə fəal rol oynayan ölkə kimi Qoşulmama Hərəkatının da pandemiya ilə mübarizədə fəaliyyətini canlandırıb. Pandemiya ilə mübarizənin ilk günlərindən Cənab Prezident bu işdə həmrəyliyin vacib olmasını qeyd edib, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxıb, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunu bildirib. Bu çağırışların bütün dünyaya çatdırılması məqsədi ilə məhz Qoşulmama Hərəkatının sədri qismində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilib. Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün də bir sıra tarixi qərarlar qəbul edilib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi təsis edilib, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təklif edilib və bu təklif üzv dövlətlər tərəfindən dəstəklənib”.

Deputat bildirib ki, iyun ayının 30-da Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz ilə əlaqədar bütün dünya ictimaiyyətinin diqqəti bir daha vətənimizə yönəlib: “30 iyun-01 iyul tarixlərində ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçirildi. Cənab Prezident İlham Əliyevin şəxsən Bakı Konfransının açılışında iştirak etməsi onun Qoşulmama Hərəkatına və onun Parlament Şəbəkəsinə verdiyi önəmin və diqqətin ifadəsidir və biz parlamentarilər üçün olduqca qürurverici hadisədir. Açılış nitqində cənab Prezident qeyd edib ki, o, Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Həqiqətən də təşkilatlar üçün parlamentin yaradılması beynəlxalq təcrübədə uğurla həyata keçirilən praktikadır və parlamentin yaradılması istənilən təşkilatın fəaliyyətində əlavə müsbət hərəkətverici qüvvə rolunu oynayır. Əminəm ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi də təşkilata üzv dövlətlərin parlamentləri səviyyəsində ələqələrinin yaranması ilə ümumilikdə üzv dövlətlərin birgə səmərəli əməkdaşlığını daha da artıracaq ki, bu da öz növbəsində Qoşulmama Hərəkatının ideya və prinsiplərinin dünyada daha geniş yayılmasına xidmət edəcək. Parlament Şəbəkəsinin yaradılması həm də üzv dövlətlərə parlament təcrübələrini, xüsusilə də sülh, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi və digər ümumibəşəri dəyərlər sahəsində təcrübələrini bir-biriləri ilə mübadilə etmək imkanı yaradacaq. Parlament Şəbəkəsinin yaradılmasının digər mühüm əhəmiyyəti odur ki, Təşkilatın parlament səviyyəsində bəyannamə və digər sənədlərinin qəbul edilməsi üzv dövlətlərin vəzifə və öhdəliklərinin, eləcə də hüquqlarının daha dəqiq gerçəkləşməsinə kömək edəcək. Həmçinin bir mühüm məqamı da qeyd edim ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması Təşkilata imkan verir ki, bundan sonra Təşkilat beynəlxalq parlament əməkdaşlığında və qlobal parlament siyasətinin formalaşmasında iştirak etsin. Məhz bu imkanın gətirdiyi nəticədir ki, Bakı Konfransında üzv dövlətlərdən əlavə, 10 beynəlxalq parlament təşkilatının təmsilçiləri də iştirak edirdi. Bizim üçün olduqca qürurverici hadisədir ki, Bakı Konfransında Milli Məclisin sədri xanım Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk sədri seçildi”.

Z.Əsgərov vurğulayıb ki, xalqın rifahı və milli maraqlar hər zaman cənab Prezidentin həyata keçirdiyi dövlət siyasətinin ən strateji prioritet istiqamətini təşkil edib: “Daim Azərbaycan xalqının milli maraqlarını düşünərək atılan addımlar, bu sahədə Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi cənab Prezidenti Azərbaycan xalqına sevdirən ən mühüm xüsusiyyətlərindən biridir. Beynəlxalq əməkdaşlıq və konkret olaraq Qoşulmama Hərəkatına münasibətdə də biz bu strategiyanın müvəffəqiyyətlə həyata keçirilməsinin şahidiyik. Qoşulmama Hərəkatının ən mühüm prinsipləri dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək və digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinməkdir. Çox təəssüf ki, bəzi dövlətlər tərəfindən məhz bu prinsiplərə əməl edilməməsi nəticəsində torpaqlarımızın 20 faizi 30 il düşmən işğalı altında qalıb. Əfsuslar olsun ki, 30 il ərzində işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilməyib, erməni qoşunlarının ərazilərimizdən çıxarılması barədə BMT qətnamələri icra edilməmiş və münaqişənin həlli üçün yaradılıb ATƏT-in Minsk qrupu münaqişəni həll etmək əvəzində onu donmuş vəziyyətdə əbədi saxlamağa çalıb. Sonda biz Müzəffər Ali Baş Komandan və Rəşadətli Azərbaycan Ordusu sayəsində Vətən Müharibəsində torpaqlarımızı düşmən işğalından azad etdik. Vətən Müharibəsinin davam etdiyi dövrdə, eləcə də ondan əvvəlki işğal dövründə Qoşulmama Hərəkatı tərəfindən qəbul edilib, Azərbaycan-Ermənistan münasibətlərinə toxunan bütün sənədlərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə edilib. Bakı Konfransında üzv dövlətlərin fəal iştirakı bizə inanmağa əsas verir ki, Azərbaycanın sədrliyi dövründə nüfuzu daha da artan və təşkilati cəhətdən daha da təkmilləşən Qoşulmama Hərəkatı bundan sonra da ölkəmizin, eləcə də digər üzv dövlətlərin milli maraqlarının qorunması üçün beynəlxalq miqyasda əhəmiyyətli platforma rolunu oynamağa davam edəcək”.

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm