Nida Xəbər
Ruzvelti 4 dəfə seçmək olar, Əliyevi yox?
Təəssüf ki, əksər avropalı siyasətçilər və beynəlxalq təşkilatların yetkililəri Prezident İlham Əliyevin ölkə daxilindəki nüfuzu və reytinqi ilə bağlı danışarkən özlərini olub-bitənlərdən xəbərsizmiş kimi göstərməyə uğursuz cəhdlər edirlər; sanki bunlar Marsdan eniblər və dünyada, ələlxüsus da Azərbaycanda son bir neçə ildə nələrin baş verməsindən məlumatsızdırlar. ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının 7 fevral prezident seçkiləri ilə bağlı aralıq hesabatı bu cür düşünməyə tam əsas verir.
Onlar əslində, hər şeyi bizdən də yaxşı bilirlər və görürlər. Otuz il torpaqları işğal altında olan, evi-əmlakı talan edilən, doğmaları əsir götürülən və öldürülən bir toplumun bu münaqişəni kökündən həll etmiş bir liderə, dövlət başçısına münasibəti necə olmalıdır? Qarabağın azad edilməsinə, sanki bitməyəcək kimi sonu görünməyən bir problemin kökündən həllinə azərbaycanlılar sıradan bir hadisə kimi baxmalıdırlar? Məsələn, futbol matçı kimi. İki komanda oynadı, biri uddu, digəri uduzdu, vəssalam? Oyun bitdi və hamı dağılışsın evlərinə?
Axı bu, belə deyil. Əgər həqiqətən haqq və ədalət tərəfdarıdırlarsa, prosesə Azərbaycan xalqının 30 illik iztirablarını və acılarını duyaraq, 30 il ərzində baş verənləri təhlil edərək qiymət versinlər. Yəqin ki, onların ölkələri heç vaxt işğal olunmayıb, ya da erməni terroru, erməni faşizmi ilə hər hansı formada üzləşməyiblər. Başlarına gəlsəydi, anlayardılar ki, işğal faktoru – günahsız insanların öz evindən, öz şəhərindən didərgin salınması necə dəhşətli və dözülməzdir. Gözünüzün önünə bir şəhər gətirin. Məsələn, Xocalını. 30 il əvvəl kiçik bir əyalət şəhəriydi və əhalisi öz adi, gündəlik həyatını yaşayırdı. Bir gecənin içində bu şəhər adamları ilə birlikdə məhv edildi. Təsəvvür edə bilirsiniz bunun nə demək olduğunu? Təsəvvür etmək belə çətindir, qəbul edirəm. Bu dəhşətlərin və vəhşiliklərin bir millət üzərindəki təsirlərini, izlərini təsəvvür etmək, hiss etmək, anlamaq isə o qədər də çətin deyil, insanlıq məsələsidir…
Və indi bu soyuqbaşlı, soyuqqanlı avropalılar istəyir ki, problemi tamamilə həll etmiş, Azərbaycanın ərazi bütövlüyüyünü və suverenliyini bərpa etmiş bir liderə – İlham Əliyevə insanların sevgisini, etimadını təftiş etsinlər. Misal üçün, niyə digər prezidentliyə namizədlər İlham Əliyevin fəaliyyətini təqdir edirlər. Axı onlar da Azərbaycan vətəndaşlarıdır və İlham Əliyevin bu dövlət üçün etdiklərinin fərqindədirlər. Ən azı siyasi mədəniyyət və siyasi etika tələb edir ki, onlar Azərbaycanın son 200 illik məğlubiyyət tarixini dəyişmiş, son 200 ildə ilk dəfə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş bir şəxslə bağlı müsbət fikirlər səsləndirsinlər. Bəli, bu, indiyədək görmədiyimiz, alışmadığımız, tamamilə yeni, fərqli və qeyri-adi bir situasiyadır. Ən yeni tariximizin ən eyforik mərhələsindəyik və gözümüzün önündə möcüzəvi hadisələr baş verir: Bütün dünyanın “hərblə olmaz” dediyi bir vaxtda 27 sentyabr 2020-ci il tarixi qərarı; bütün dünyanın “Şuşanın alınması hərbi baxımdan mümkünsüzdür” dediyi bir vaxtda azsaylı qüvvə və yüngül silahlarla Şuşanın azad edilməsi, bu möcüzələrin ardınca 23 aprel 2023-cü il sərhəd postunun qoyulması ilə de-yure, 2023-cü il 19-20 sentyabr antiterror tədbiri ilə de-fakto bu münaqişənin tam və qəti həlli, bu yaranın tamamilə təmizlənməsi, Xankəndidə hərbi parad keçirmək qədər miqyassız uğuru gözardı edilməli, xalq hər şeyi bir aya unutmalıdır? Yəni bunları dilə gətirməyək, üzərindən sükutla keçək? Necə olur ki, ABŞ tarixində möhtəşəm iz buraxan Ruzveltin ABŞ siyasi ənənəsinə zidd olaraq 4 dəfə prezident seçilməsi (ABŞ tarixində yeganə haldır), onun səhhətinə, sağlıq durumuna belə baxmadan, xalqın ondan əl çəkməməsi normal qarşılanır, hətta alqışlanır, ancaq Azərbaycan bu qədər böyük qələbəyə çatdıran bir liderin reytinqi Avropanı “təəccübləndirir”?
İlham Əliyevin böyük siyasətçi və dövlət adamı olduğunu görmürlər? Təbii ki, görürlər. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. O tədbirlərin bir neçəsinin iştirakçısı kimi, İlham Əliyevə əcnəbi jurnalistlərin və siyasətçilərin necə rəğbət bəsləmələrinin və bunu qətiyyən gizlətməmələrinin şahidi olmuşam. Şuşada Beynəlxalq Media Forumu keçiriləndə xarici jurnalistlərin Azərbaycan Prezidentini necə əhatəyə aldıqlarını, tədbir bitdikdən sonra da onu müşayiət etmələrini, ayrılmaq istəməmələrini həmkarlarımla birgə görmüşük. O zaman məni bilirsiniz nə düşündürürdü? Avropalılar anlaya bilirlərmi İlham Əliyevə olan sevginin, rəğbətin səbəbini? Az sonra cavab tapmışdım. Şuşa Forumunun iştirakçısı olan latviyalı jurnalist öz Feysbuk hesabında təxminən belə yazmışdı: “İlham Əliyevə olan sevginin səbəbini anlamaq üçün bircə dəfə Şuşada olmaq, bircə dəfə Cıdır düzünü görmək lazımdır…”
Bir millətin öz lideri ilə qürur duymasından təbii və gözəl nə ola bilər?
Avropa bilmirmi ki, rəqiblərinin İlham Əliyevin bu uğurunu vurğulamamasına xalqın reaksiyası necə ola bilər? Onları linç etməzlərmi?
Bu ölkənin ən radikal kəsləri - təbii ki, Sorosdan yallananlar nəzərdə tutulmur, bu ölkəni səmimi şəkildə sevən və onun inkişafını arzulayan, hakimiyyətə də qatı müxalifətdə olduğunu bütün ömrü boyu nümayiş etdirən şəxslər – sosial media hesablarında, açıqlamalarında, müsahibələrində bu seçkilərdə yalnız İlham Əliyevə səs verəcəklərini qürurla bəyan edirlər. Səbəbini də deyirlər. Yəni, bunu da avropalılar "görmür"? Bu qədər sevginin qarşısında İlham Əliyevin rəqibləri hansı məntiqlə Xalqın Liderinin uğurlarına qarşı çıxış edə bilər və ya etməlidirlər?
Ən qısqanc, ən mühafizəkar müxaliflər belə İlham Əliyevin bu seçkilərdə 92+ faiz səs alacağını elan edirsə, bu tənqidləri necə səsləndirmək olar?
Ən azı 2024-cü il 7 fevral seçkisinin nəticələri kimsəni təəccübləndirməməlidir axı!
Aynur Camal
-
Magazin120:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin219:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var
-
Nəqliyyat18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
-
Nəqliyyat18:30
Bakının axşam tıxacı...
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi