Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı
Bizi izləyin

Nida Xəbər

Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı

Milli Məclisin deputatı Fəzail Ağamalının oğlu Elçin Ağamalı “Ana Vətən” Partiyasından çıxarılıb.

Publika.az xəbər verir ki, bununla bağlı “Ana Vətən” Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul olunub.

“İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olundu.

Müzakirələrdə ilk olaraq, “Ana Vətən” Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxıldı.

Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı “Ana Vətən” Partiyasından xaric edildi.

Bununla yanaşı, Partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin Qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırıldı. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin Qurultay nümayəndələri qismində Qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edildi.

İdarə Heyəti Partiya Nizamnaməsinin 5.8.1-ci, 10.3-cü və 12.3.7-ci bəndlərini əsas götürərək, 12 rayon təşkilat sədrlərinin (Paşa Alməmmədov – Ağstafa rayon təşkilatı, Telman Qasımov - Ağsu rayon təşkilatı, Orxan Əhmədov - Bərdə rayon təşkilatı, Ziya İbrahimov - Hacıqabul rayon təşkilatı, Elnur Osmanov - Kürdəmir rayon təşkilatı, Mahmud Nuriyev - Qazax rayon təşkilatı, Yaşar Tağıyev - Lənkəran rayon təşkilatı, Azad Əhmədov - Masallı rayon təşkilatı, Bayram Mustafayev - Sabunçu rayon təşkilatı, Nazim Muradəlizadə - Şabran rayon təşkilatı, Çoşğun Məmmədov - Zərdab rayon təşkilatı, Fazil Ağamalıyev - Suraxanı rayon təşkilatı) Partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul etdi.

Partiya üzvü olmayan şəxslərin nümayəndə qismində Qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə, növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verildi.

İdarə Heyətinin yığıncağında verilən bütün qərarlar yekdilliklə qəbul olundu”, - Partiyanın məlumatında qeyd olunub.

Həmçinin qeyd olunur ki, “Ana Vətən” Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun Partiya üzvlüyündən çıxmaq ilə bağlı Partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, Partiyadakı üzvlüyünə xitam verilib.

Elçin Ağamalı “Qafqazinfo”ya açıqlamasında deyib ki, onlar qurultayın nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediblər. Nazirliyin qərarından sonra bu məsələlərə münasibət bildirəcəklər:

“Sabahkı bayram öncəsi belə bir məlumatı oxumaq üzücüdür. Amma Ədliyyə Nazirliyi verəcəyi rəy bizim üçün əsasdır. Həmin rəyin nəticəsindən asılı olaraq da sonrakı fəaliyyətimizi müəyyən edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm