YAP Heydər Əliyevin liderliyi ilə Azərbaycanın xilasında həlledici rol oynadı - Samir Vəliyev
Bizi izləyin

Nida Xəbər

YAP Heydər Əliyevin liderliyi ilə Azərbaycanın xilasında həlledici rol oynadı - Samir Vəliyev

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı tarixin bu günündə - 21 noyabr 1992-ci ildə keçirilib. Həmin tarixdən artıq 33 il ötür. YAP-ın yaranması və cəmi altı aydan sonra hakim partiyaya çevrilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Həmin təlatümlü dönəmdə Azərbaycanın taleyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edib və bu məqsədlə xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşiblər. Xalqın Heydər Əliyevə inamı və ümidi yeni yaranan siyasi təsisatın qısa müddətdə ümumxalq partiyasına çevrilməsini və hakimiyyətə gəməsini şərtləndirən əsas amil olub.

Publika.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə öz müstəqilliyini elan edən Azərbaycan həyatın bütün sahələrində böhran kimi səciyyələndirilən ağır çətinliklərlə üz-üzə qalmışdı. Ölkədə xaos hökm sürürdü. İqtisadiyyat tamam çökmüşdü. Sosial sfera, əhalinin gün-güzəranı dözülməz dərəcədə ağır idi. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC – “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı diletant siyasəti ilə dövlət idarəçiliyini iflic hala salmışdı. Bir tərəfdən ərazi itkilərinə məruz qalırdıq, digər tərəfdən isə respublikda vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Müstəqilliyimizin itirilməsi tam real idi. “Vəziyyət sağlam qüvvələri, ziyalıları narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Bu müraciət, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. YAP-ın təsis konfransı yuxarıda qeyd olunan tarixdə Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib”, - deyə Samir Vəliyev bildirib.

Deputat vurğulayıb ki, Ulu Öndər qısa zamanda YAP-ı güclü siyasi qüvvə kimi formalaşdıraraq onu özünün dediyi kimi,“dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldib. Partiyanın Heydər Əliyev tərəfindən müəyyənləşdirilən fəaliyyət proqramında Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, milli həmrəyliyə, güclü və sosialyönümlü iqtisadiyyat quruculuğuna nail olunması, respublikanın beynəlxalq nüfuzunun artırılması kimi mühüm məqamlar yer alırdı. Bu ideyalar bütün cəmiyyət tərəfindən dəstəkləndi və qısa müddətdə ölkənin əksər bölgələrində Yeni Azərbaycan Partiyasının yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Doğma Azərbaycanı çox sevən Heydər Əliyevin xalqın çağırışını cavabsız qoymadığını deyən Samir Vəliyev vurğulayıb: “Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı”.
Deputat Heydər Əliyevin bütün varlığı ilə andına sadiq qaldığını bildirib. O, vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. Heydər Əliyev müstəqilliyimizi qorumaqla, ölkəni sabitliyə və inkişafa istiqamətləndirməklə böyük tarixi missiya yerinə yetirmiş oldu.

Deputat bildirib ki, YAP 2005-ci ildən İlham Əliyevin liderliyi ilə fəaliyyət göstərir. Partiyanın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında YAP-ın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçilib. Siyasi kursun varisliyinin təmin edilməsinin nəticəsidir ki, Azərbaycanda davamlı inkişaf təmin edilir, ölkəmiz hədəflərinə doğru inamlı addımlar atır. YAP Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal faktına son qoyulması, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi son 200 illik tariximizdə xalqımızın qazandığı ən böyük zəfərlərdir.

Samir Vəliyev ötən 33 ildə YAP-ın daha da böyüyərək ölkənin bütün sosial təbəqələrini əhatə edən bir partiyaya çevrildiyinə xüsusi vurğu edib. Partiyanın sıralarının genişlənməsi bunu əyani şəkildə təsdiqləyir. Deputat ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanmasına istinad etməklə YAP-ı qələbələr partiyası kimi səciyyələndirib. “2021-ci il 5 mart tarixində YAP-ın VII qurultayı keçirilib. Həmin qurultayda aparılan müzakirələrə və alınan qərarlara, müəyyənləşdirilən hədəflərə əsaslanaraq YAP-ın keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəldiyini deyə bilərik. Qurultayda qəbul edilən yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür”, - deyə Samir Vəliyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm