Nida Xəbər
Bakı dünya urbanistikasının mərkəzinə çevrilir - WUF13 Azərbaycana nə qazandıracaq?
2026-cı ilin 17-22 may tarixlərində Bakı BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir. Dünyada urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə ən nüfuzlu platformalardan biri hesab olunan forum çərçivəsində müxtəlif ölkələrdən dövlət rəsmiləri, urbanistlər, investorlar və beynəlxalq təşkilat nümayəndələri Azərbaycanda bir araya gələcəklər.
Forumda dayanıqlı şəhərsalma, ağıllı şəhər texnologiyaları, yaşıl nəqliyyat, sosial mənzil siyasəti və müasir infrastruktur məsələləri müzakirə olunacaq. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaranması və ölkənin şəhərsalma təcrübəsinin dünyaya təqdim olunması baxımından mühüm hadisə hesab olunur.
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bildirdi ki, forumun Azərbaycanda keçirilməsi ölkənin qlobal mövqeyinə mühüm töhfə verəcək.
Azərbaycan urbanistika istiqamətində əsas proqramların iştirakçısına çevrilir
Ekspertin sözlərinə görə, BMT-nin ən böyük proqramlarından birinin Azərbaycanda təşkil olunması ölkənin urbanistika və müasir şəhər idarəçiliyi sahəsində artan rolunu göstərir:
“Birləşmiş Millətlər Təşkilatının 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi birinci növbədə ölkəmizin qlobal reytinqinə ciddi mənada müsbət təsir göstərir. Bundan başqa, Azərbaycanın yeni urban modellərinin, “Ağıllı şəhər” platformalarının istifadəsində israrlı və qərarlı olduğunu göstərən bir məqamdır".
Onun sözlərinə görə, bundan sonrakı dövrlər üçün şəhərlərin idarə edilməsi, smart infrastruktur layihələri, rəqəmsal ekoloji sistemlərin təşkili vacib məqamlardan biridir. Bildirdi ki, BMT-nin ən böyük proqramlarından birinin ölkəmizdə keçirilməsi Azərbaycanın nəinki regionda, dünyada məhz urbanistika istiqamətində əsas proqramların iştirakçısına çevrildiyini göstərir.

Qarabağ və Şərqi Zəngəzur nümunəsi
Ekspert qeyd etdi ki, Azərbaycan artıq bu istiqamətdə ciddi praktiki təcrübə qazanıb:
“Qarabağ və Şərqi Zəngəzurda ağıllı kənd və şəhərlərin qurulmasına başlanılıb. Alternativ enerji mənbələrindən istifadə olunmaqla işıqlandırma sistemləri, ekoloji və digər infrastruktur layihələrinin smart idarəetmə sistemlərinə inteqrasiyası həyata keçirilib. Azərbaycan bu sahədə kifayət qədər təcrübə toplayıb və bunu praktik şəkildə tətbiq etmiş olub”.
Azərbaycan öz təcrübəsini dünya ilə bölüşəcək
R.Abasbəylinin fikrincə, forum Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq platformada təqdim olunması baxımından da xüsusi əhəmiyyət daşıyır:
“Qarabağ və Şərqi Zəngəzurdan sonra Azərbaycanın demək olar ki, bütün iri şəhərlərinin rəqəmsal baş planları hazırlanıb. Yeni şəhərsalma modellərinin tətbiqini daha çox Bakıda müşahidə edirik. Buraya yaşıllıq zonalarının və parkların genişləndirilməsi, magistral yolların idarə edilməsində ağıllı sistemlərdən istifadə olunması daxildir. Demək olar ki, şəhərsalma və şəhərlərin idarəedilməsi istiqamətində Azərbaycan xeyli uğurlar əldə edib".
Müsahibimiz sonda vurğuladı: "Belə bir tədbirin ölkəmizdə keçirilməsi təkcə Azərbaycanın qlobal mövqeyini möhkəmləndirmir, eyni zamanda Azərbaycan əldə etdiyi təcrübələri digər ölkələrlə də bölüşəcək. Hesab edirəm ki, ölkəmizin təcrübələrinin bütün dünyaya nümayiş etdirilməsi baxımından belə bir tədbirə ev sahibliyi etməsi çox ciddi tarixi uğur kimi dəyərləndirilə bilər”.
Müəllif: Adəm Abbaslı
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı





























.jpg)



