Anarxiyadan sabitliyə doğru: İnkişafa gedən yolun başladığı gün
Bizi izləyin

Nida Xəbər

Anarxiyadan sabitliyə doğru: İnkişafa gedən yolun başladığı gün

Anarxiyadan sabitliyə doğru: İnkişafa gedən yolun başladığı gün

“Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaq”.

Bunu Publika.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

O vurğuladı ki, müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır:

“Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.


1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşmişdi.

Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi”.

Deputat qeyd etdi ki, iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçilməsi ilə siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas edib:

“Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizəyə başladı. Beləliklə, Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi.

Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu.

Bu gün bütün sahələrdə əldə etdiyimiz uğurların əsasında Ulu Öndərin möhkəm təməlini qoyduğu iqtisadi-siyasi inkişaf strategiyası dayanır. Azərbaycana böyük uğurlar gətirən bu inkişaf, tərəqqi kursu bu gün Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan daha da çiçəklənir, ölkəmiz yeni-yeni uğurlara imza atır. Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm