Məhəmməd İmanlı: Milli Qurtuluş Günü - Müstəqil Azərbaycan dövlətçiliyinin xilası və tərəqqi yolunun başlanğıcıdır
Bizi izləyin

Nida Xəbər

Məhəmməd İmanlı: Milli Qurtuluş Günü - Müstəqil Azərbaycan dövlətçiliyinin xilası və tərəqqi yolunun başlanğıcıdır

Məhəmməd İmanlı: Milli Qurtuluş Günü - Müstəqil Azərbaycan dövlətçiliyinin xilası və tərəqqi yolunun başlanğıcıdır

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan 15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin taleyində həlledici rol oynayıb, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin edilməsi və davamlı inkişaf yoluna qədəm qoyması ilə səciyyələnən əlamətdar tarixi hadisədir. Bu gün Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik ənənələrinə sədaqətinin və ümummilli həmrəyliyinin təcəssümü kimi böyük qürur hissi ilə qeyd olunur.

Publika.az xəbər verir ki, bunu sözləri Teleqraf-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan son dərəcə mürəkkəb və ağır ictimai-siyasi vəziyyətlə üzləşmişdi:
“1991-ci ildə dövlət müstəqilliyinin bərpası xalqımızın əsrlər boyu arzuladığı ən böyük tarixi nailiyyətlərdən biri olsa da, həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, idarəetmə böhranı və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz dövlət müstəqilliyinin taleyini ciddi təhlükə altına qoymuşdu. Hakimiyyət strukturlarında müşahidə olunan pərakəndəlik, daxili çəkişmələr, müxtəlif silahlı qrupların fəaliyyətləri və ölkənin müxtəlif bölgələrində separatçı meyillərin güclənməsi Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu.

1993-cü ilin iyun ayında ölkədə yaranmış gərgin vəziyyət özünün ən kritik həddinə çatmışdı. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi reallığa çevrilmiş, xalqın gələcəyinə dair ciddi narahatlıqlar yaranmışdı. Belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz xilaskar liderinə – zəngin dövlət idarəçiliyi təcrübəsinə, yüksək siyasi nüfuza və xalqın böyük etimadına malik olan ulu öndər Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi və çağırışı ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək taleyini müəyyənləşdirən mühüm hadisə oldu.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyuldu.

Məhz həmin tarix Azərbaycan xalqının müstəqilliyini, dövlətçiliyini və milli birliyini xilas edən dönüş nöqtəsi kimi tarixə həkk olundu. Sonralar Milli Məclisinin qərarı ilə 15 İyun tarixi Milli Qurtuluş Günü elan edildi və dövlət bayramları sırasında öz layiqli yerini tutdu”.

Professor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində ölkədə siyasi sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı:
“Dövlət idarəçiliyi sistemi yenidən formalaşdırıldı, qanunçuluğun təmin edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi, ölkədə vətəndaş qarşıdurmasının qarşısı qətiyyətlə alındı. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkə parçalanmaq təhlükəsindən xilas oldu və inkişaf yoluna qədəm qoydu.

Milli Qurtuluşdan sonra ölkədə aparılan məqsədyönlü siyasət iqtisadi dirçəliş üçün də geniş imkanlar yaratdı. Azərbaycanın zəngin təbii ehtiyatlarından xalqın rifahı naminə səmərəli istifadə olunması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin sentyabr ayında imzalanmış və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş beynəlxalq neft sazişi ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə şərait yaratdı və milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına mühüm töhfə verdi.

Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə start verildi. İnsan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquq sisteminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun dövlət institutlarının yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesində mühüm hüquqi baza rolunu oynadı.

Bu mənada ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə də mühüm təsir göstərdi. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirdi, regionda etibarlı tərəfdaş və sabitlik amili kimi tanınmağa başladı. Balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli maraqlarının qorunmasına və beynəlxalq nüfuzunun artmasına xidmət etdi.

Məhəmməd İmanlı hesab edir ki, Milli Qurtuluş Günü yalnız keçmişin mühüm tarixi hadisəsi deyil, həm də Azərbaycanın bu günü və gələcəyi üçün böyük siyasi və mənəvi əhəmiyyət daşıyan bir gündür:

“Bu tarix xalqımızın birliyinin, milli həmrəyliyinin, dövlətçilik ideallarına sadiqliyinin və müstəqillik əzminin rəmzi kimi qiymətləndirilir. Məhz həmin gündən etibarən ölkəmizin inkişafının möhkəm təməli qoyulmuş, Azərbaycan davamlı tərəqqi və yüksəliş yoluna qədəm qoyub.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizin siyasi, iqtisadi, sosial və hərbi sahələrdə qazandığı mühüm nailiyyətlər, beynəlxalq aləmdə artan nüfuzu və milli maraqların qətiyyətlə müdafiə olunması bu siyasətin uğurlu nəticələrini bir daha təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın dövlətçilik tarixində yeni şanlı səhifə açmış, Milli Qurtuluş ideyalarının təntənəsini bir daha nümayiş etdirib.

15 İyun – Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs tarixdir. Bu gün müstəqilliyimizin xilası, dövlətçiliyimizin qorunması, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə göstərilmiş misilsiz xidmətlərin dərin ehtiramla yad edildiyi gündür.

Sözsüz ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsi kimi bundan sonra da böyük qürur hissi ilə qeyd ediləcək, gələcək nəsillərə müstəqil dövlətçiliyin əhəmiyyəti barədə mühüm mesajlar ötürəcəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm