Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər

Azərbaycan ilə Ukrayna arasında diplomatik əməkdaşlığın tarixi artıq 110 ilə yaxınlaşır. Bu illər ərzində həm Ukraynada, həm də Azərbaycanda çox şey dəyişib. Lakin dəyişməz qalan vacib meyar dostluq, hörmət və qarşılıqlı dəstəkdir. Bu münasibətlərin səmimiliyi hər iki ölkənin çətin dövrlərində də aydın şəkildə nümayiş etdirilib. Ukrayna 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstəyini nümayiş etdirib və bu gün də Azərbaycan Ukraynaya dəstəyini nümayiş etdirir. Ukrayna və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləyir. Bu gün Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenskinin birgə səyləri nəticəsində iki ölkə strateji münasibətlərə malikdir. Azərbaycan tammiqyaslı müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım göndərməyə başlayıb, bu gün də bu işi intensive şəkildə davam etdirir.

İki ölkə arasında əməkdaşlığın inkişaf tarixinin böyük bir hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi və müasir Azərbaycanın memarıdır. Onun uğurlu xarici siyasəti sayəsində Azərbaycan bir çox ölkələr, xüsusən də Ukrayna üçün strateji tərəfdaşdır.

Təsadüfi deyil ki, bir çox Ukrayna ictimai və siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycan və Ukrayna arasında dostluğun banisi hesab edirlər. Ulu Öndərin SSRİ Nazirlər Kabineti sədrinin müavini vəzifəsində çalışdığı dövrdə Ukraynaya göstərdiyi xidmətlər, o cümlədən Ukraynada bir neçə iri sənaye müəssisəsinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisində göstərdiyi köməyə görə çox dəyərlidir. Ukrayna xalqı onun Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasındakı nailiyyətlərini və qərarlarını böyük minnətdarlıqla xatırlayır. Ölkələrimiz müstəqillik qazandıqdan sonra Heydər Əliyev Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinin qurulması kimi tarixi missiyasını məharətlə yerinə yetirib.

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Heydər Əliyevi belə xatırlayır: "Azərbaycanın əvəzolunmaz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Dostluq münasibətlərimiz onun sayəsində inkişaf etmiş və möhkəmlənmişdir. Heydər Əliyev dahi şəxsiyyət, müdrik şəxsiyyət idi. Əminəm ki, gələcəkdə Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü daha dərindən qiymətləndirəcək".

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko isə açıqlamalarında dəfələlərlə qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ən çətin vəzifənin - millət quruculuğunun öhdəsindən uğurla gəlib: “Azərbaycan xalqı ən çətin dövrlərdə bütün aspektlərdə tarazlığı qoruya bilən Heydər Əliyevin lider olmasına görə çox şanslıdır”.

1980-ci illərdə Ukrayna SSR baş nazirinin birinci müavini vəzifəsində çalışmış Konstantin Masik Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən bildirib ki, Çernobil qəzası zamanı SSRİ Kommunist Partiyasının Baş Katibi Mixail Qorbaçov və Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Yeqor Liqaçyov faciəni ictimaiyyətdən gizlətmək istəyib. Hətta ona məsələni gizli saxlamaq tapşırığı verilib. Masik həmin vaxt yeganə çıxış yolu kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə zəng edir. O, Heydər Əliyevdən Kiyev və Jitomir vilayətlərindən uşaqların dərhal təxliyə olunmasını xahiş edir. Həmin dövrdə Heydər Əliyevə Qorbaçov tərəfindən güclü təzyiqlər olsa da, o böyük riskə gedərək, uşaqların təhlükəsiz bölgələrə təxliyəsi üçün 100-dən çox qatar və 30-a yaxın təyyarə göndərir. Həmin qatar və təyyarələr vasitəsilə Kiyev və Jitomir vilayətlərindən 980 min uşaq təhlükəsiz ərazilərə təxliyə olunur.

Masik bildirir ki, həmin dövrdə məhz Heydər Əliyevin köməyi ilə Ukrayna xalqının genefondu xilas edilib.

Ukrayna siyasətinin əfsanəsi, SSRİ dövründə parlament üzvü, Ukrayna Nazirlər Kabinetinin keçmiş müavini və Ukrayna Qadınlar Birliyinin sədri Mariya Orlik 2019-cu ildə Azərtac-a verdiyi müsahibədə Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: "Ulu Öndərlə ikinci görüş Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışdığı və Ukraynanın inkişafı üçün bir çox sənədlər imzaladığı dövrdə baş tutub. O dövrdə Ukraynada 80-dən çox mədəniyyət obyekti yarımçıq qalıb. Siyahı tərtib etdikdən sonra onu SSRİ Nazirlər Sovetinə təqdim etdim. Heydər Əliyev məni qəbul etdi və problemi dinlədi. Onun humanitar hərəkəti müsbət mənada o vaxtkı Ukrayna rəhbərliyini təəccübləndirdi. Heydər Əliyev bütün bu obyektlərin tikintisinin başa çatması ilə bağlı sənəd imzaladı".

Ukrayna SSR Dövlət Plan Komitəsinin keçmiş rəhbəri və Respublika Nazirlər Sovetinin sədri Vitali Masol sovet dövründə Heydər Əliyevlə işlədiyini xatırlayır: "Biz Heydər Əliyevlə yalnız Sov.İKP MK-nın qurultaylarında və plenum iclaslarında görüşdük. O, Moskvada hökumətdə işləməyə başlayanda daha yaxşı tanış olduq. Sonra Respublika Dövlət Plan Komitəsinin sədri və daha sonra Ukrayna SSR Nazirlər Sovetinin sədri kimi Ukrayna ilə bağlı məsələləri onunla həll etməli oldum. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini respublikamızın maraqlarına çox diqqətlə yanaşırdı. Çernobıl fəlakətindən sonra Heydər Əliyev Ukraynaya xüsusi diqqət yetirdi: zərərçəkənlərə mənzil tikintisi üçün bizə əlavə vəsait ayrıldı və Birlik Fonduna vəsait azaldıldı".

Heydər Əliyevin müstəqillik illərində Ukraynaya verdiyi ianələr çoxdur, amma mən yalnız birini qeyd etmək istərdim. Heydər Əliyevin sayəsində Ukrayna 1997-ci ildə əkdiyi taxılı yığa bildi. O dövrdə Rusiya Ukraynanın satdığı yanacağın qiymətini qaldırdı. Buna görə də Ukrayna başqa mənbələr axtarırdı. Məhsul yığımı təxirə salına bilməzdi, çünki hava çox isti idi və məhsul yığımına başlamaq lazım idi. Ukraynanın o vaxtkı prezidenti Leonid Kuçma Heydər Əliyevə zəng edərək yanacaqla bağlı kömək istədi. O vaxt Azərbaycanın özündə məhsul yığımı vaxtı idi. Lakin Heydər Əliyev hökumətə tapşırıq verdi və yanacaq Ukraynaya vaxtında çatdırıldı. Ukraynalı fermerlər hələ də Azərbaycan rəhbərliyinin bu xoşməramlı jestini xatırlayırlar.

Ukraynanın daxili işlər nazirinin sabiq birinci müavini, hüquq elmləri doktoru, professor, general-polkovnik Sergey Qusarov 2023-cü ildə Azərtac-a müsahibəsində deyib: “Mənim şəxsən peşəkar olmağımda Heydər Əliyevin mühüm rolu olub. Daxili işlər orqanlarında işləyərkən, sonra isə Ukrayna Ali Radasının deputat korpusunun üzvü kimi görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halına tez-tez qayıdırdım. Bir çox çətin vəziyyətlərdə onun qətiyyətli hərəkətlərini təhlil edərək, peşəkar suallara və ya problemin həllinə cavab tapırdım. O, son dərəcə savadlı, müdrik, balanslı, uzaqgörən, qarşısına qoyduğu məqsədə çatmağı bacaran şəxsiyyət idi.

Onun sözlərinə görə, Heydər Əliyev Ukrayna və Azərbaycan xalqlarının tarixi dostluğunu möhkəmləndirdi. “Ukrayna üçün çətin anlarda, ötən əsrin 90-cı illərin sonundakı yanacaq böhranını xatırlayırıq, Azərbaycan Ukraynaya qaz təchizatında dəstək və yardım göstərmişdi. O vaxtkı prezident Leonid Kuçma ona zəng edəndə Heydər Əliyev Ukraynanın əsl dostu kimi diplomatik əlaqələrindən və siyasi çəkisindən istifadə edərək ona kömək etdi. Bu, onun Ukraynaya şəxsi dəstəyi və sadiqliyi ilə bağlı yeganə hal deyil. Hələ SSRİ dövründə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyev Ukraynanın mədəni və iqtisadi potensialının inkişafı üçün çox böyük işlər görmüşdür. Xüsusilə, onun bilavasitə köməyi ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün vəsait ayrıldı. Onun təşəbbüsü ilə Obolon zavodu, uşaq qidası fabriki tikildi. Kiyev metrosunun ən yüksək səviyyədə tikintisində onun şəxsi dəstəyi danılmazdır. Hesab edirəm ki, Heydər Əliyevin Ukraynaya xüsusi münasibəti var idi”, - deyə o vurğulayıb.

Bu gün Ukraynada Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir. Kiyevin mərkəzində Heydər Əliyevin adını daşıyan park və onun abidəsi ucalır. Ukraynadakı dövlət kitabxanalarında Heydər Əliyevin fəaliyyəti haqqında müxtəlif kitablar var. 2013-cü ilin mart ayından etibarən Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu gün Ukraynada Heydər Əliyevin irsi öyrənilir və gələcək nəsillərə ötürülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm