Nida Xəbər
Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: Bakı və Daşkənddən strateji gediş
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında son illərdə sürətlə inkişaf edən münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, logistika, humanitar, mədəni və hərbi-texniki sahələrdə əməkdaşlıq genişlənir. Bakı və Daşkənd regional və beynəlxalq platformalarda bir-birini dəstəkləyir, bir sıra məsələlərdə eyni mövqedən çıxış edirlər. Səfər çərçivəsində keçirilən görüşlərdə qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, Xəzər dənizində daşımalar, Zəngəzur dəhlizi və işğaldan azad edilmiş ərazilərin bərpası kimi məsələlər də diqqət mərkəzində olub. Tərəflərin imzaladığı sənədlər və səsləndirdiyi bəyanatlar Azərbaycan-Özbəkistan əlaqələrinin gələcəkdə daha da genişləndiriləcəyini göstərir.
Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımovun fikirlərini öyrənib.
Politoloq bildirdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər son 5-6 ildə olduqca intensiv tempdə inkişaf edir. Onun sözlərinə görə, bu müddət ərzində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik münasibətlərinə, daha sonra isə əbədi dostluq münasibətlərinə çevrilib.
Oqtay Qasımov qeyd etdi ki, son bir neçə ildə iki ölkə arasında dövlət və cəmiyyət həyatının bütün istiqamətlərində əməkdaşlıq davam edir. Azərbaycan və Özbəkistan bir-birini regional və qlobal beynəlxalq formatlarda müdafiə edir, faktiki olaraq bütün məsələlərdə eyni mövqedən çıxış edirlər.
Politoloqun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi son bir neçə ildə üç dəfə artıb və qarşıdakı illərdə onun 1 milyard dollara çatdırılması ilə bağlı hədəflər müəyyənləşdirilib.
Oqtay Qasımov bildirdi ki, Azərbaycan Özbəkistanla siyasi, iqtisadi, ticari, enerji, nəqliyyat, logistika, humanitar, mədəni və hərbi-texniki sahələrdə əməkdaşlıq edir. O vurğuladı ki, keçirilən görüşlər zamanı səslənən bəyanatlar hər iki tərəfin bu münasibətləri daha da dərinləşdirmək və gələcəkdə inkişaf etdirmək əzmində olduğunu göstərir.
Politoloq diqqətə çatdırdı ki, Azərbaycan-Özbəkistan münasibətləri yalnız rəsmi səviyyədə deyil, cəmiyyətlər səviyyəsində də ciddi xarakter daşıyır. Onun sözlərinə görə, iki ölkənin KİV və media qurumları arasında əməkdaşlıq formatları fəaliyyət göstərir.
Bundan başqa, Azərbaycan və Özbəkistanın xeyli sayda şəhərləri qardaşlaşıb. Oqtay Qasımov hesab edir ki, bu da həm şəhərlər, həm də cəmiyyətlər səviyyəsində əlaqələrin güclənməsinə xidmət edir. Beləliklə, iki ölkə arasındakı əməkdaşlıq dövlətlərarası münasibətlərdən başlayaraq cəmiyyət həyatının müxtəlif sferalarına yayılır.
Oqtay Qasımov bildirdi ki, keçirilən görüşdə xüsusilə enerji, qarşılıqlı investisiyalar, Orta Dəhlizin müasirləşdirilməsi və Xəzər dənizində daşımaların inkişafı ilə bağlı məsələlər diqqət çəkib. Onun sözlərinə görə, Özbəkistanın Orta Dəhlizdə iştirakı xüsusi əhəmiyyət daşıyır və Azərbaycan bu istiqamətdə Özbəkistana imkanlar yaradır.
Politoloq Xəzər dənizində donanmanın yaradılması məsələsinin də daşımaların inkişafı baxımından önəmli olduğunu vurğuladı. O qeyd etdi ki, bu layihələr Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsinə yönələn siyasəti ilə də uzlaşır.
Oqtay Qasımovun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması, Qarabağın və işğaldan azad edilmiş ərazilərin bərpası məsələləri də Azərbaycan-Özbəkistan əməkdaşlığında xüsusi diqqət mərkəzindədir.

Politoloq qeyd etdi ki, Özbəkistan Azərbaycana investisiya qoyuluşuna görə dördüncü ölkədir. Eyni zamanda, Daşkənd işğaldan azad edilmiş ərazilərin bərpasında da iştirak edir və bu istiqamətdə öz töhfələrini verir.
“Füzulidəki Mirzə Uluqbəy adına orta məktəbin tikintisi, Xankəndidə tekstil fabrikinin açılışı, bundan başqa Füzuli rayonunda 100 hektar ərazidə “Dostluq bağı” adlı böyük nar bağının salınması və sair layihələr Özbəkistanın töhfələridir. Bu istiqamətdə addımların atılması davam etdiriləcək”, - deyə o vurğuladı.
Oqtay Qasımov bildirdi ki, Azərbaycan şirkətləri də Özbəkistana investisiyalar qoyur. Onun sözlərinə görə, xüsusilə turizm və enerji sahələrində iki ölkənin şirkətləri arasında əlaqələr inkişaf edir.
Politoloq hesab edir ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq qarşıdakı illərdə də ciddi şəkildə inkişaf edəcək. O, bunun əsas səbəblərindən biri kimi Özbəkistanın Mərkəzi Asiyadakı mövqeyini göstərib:
“Özbəkistan Mərkəzi Asiyanın ən önəmli ölkəsidir və faktiki olaraq hazırda bu regionun parlayan ulduzu statusundadır”.
Onun sözlərinə görə, Özbəkistanda ciddi şəkildə investisiyaların cəlb olunması, milli gəlirin əhəmiyyətli dərəcədə artması və iqtisadi inkişaf tempinin sürətlə yüksəlməsi ölkənin regional əhəmiyyətini artıran mühüm amillərdir. Politoloq Özbəkistanın 60 böyük iqtisadi gücə malik ölkələr sırasına daxil olmasını da önəmli faktor kimi qiymətləndirdi.
Müsahibimiz Azərbaycan və Özbəkistanın yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional müstəvidə də yaxın mövqelərə malik olduğunu vurğuladı. Onun sözlərinə görə, hər iki ölkə Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid geopolitik məkan hesab edir:
“Bu, çox önəmlidir. Çünki Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan Orta Asiyanı Avropaya bağlayan, dünyanı birləşdirən əsas körpüdür, necə deyərlər, Avropaya açılan qapıdır”.
Oqtay Qasımovun sözlərinə görə, bu baxımdan Azərbaycan və Özbəkistan prezidentlərinin görüşünün əhəmiyyəti kifayət qədər yüksəkdir. O hesab edir ki, gələcək illərdə də iki ölkə arasında əməkdaşlığın dərinləşəcəyi şübhə doğurmur.
Politoloq keçirilən görüş çərçivəsində imzalanan sənədlərin də bunun bariz nümunəsi olduğunu bildirdi. Onun sözlərinə görə, sənədlər Azərbaycan və Özbəkistanın münasibətləri daha da inkişaf etdirmək istiqamətində siyasi iradəsinin olduğunu göstərir.
Oqtay Qasımov Azərbaycan və Özbəkistan münasibətlərinin Türk Dövlətləri Təşkilatı baxımından əhəmiyyətinə də diqqət çəkdi. O qeyd etdi ki, iki ölkə arasındakı əlaqələrin daha da dərinləşməsi təkcə Azərbaycan və Özbəkistan üçün deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından mühüm nəticələr yarada bilər.
Politoloq sonda bildirdi ki, Azərbaycan bundan sonra da özünün geosiyasi imkanlarından və təşəbbüslərindən istifadə edərək həm regionun, həm də Türk Dövlətləri Təşkilatının və bütövlükdə Türk dünyasının önəmli ölkəsi kimi çıxış etməkdə davam edəcək.
Müəllif: Adəm Abbaslı
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq









.jpg)



.jpg)


















.jpg)

.jpg)
