ABŞ
Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı
ABŞ-da əlverişsiz hava şəraiti ilə əlaqədar Şükranlıq Günündə 576 mindən çox abonent elektrik enerjisiz qalıb.
Publika.az xəbər verir ki, bu barədə PowerOutage.us saytı məlumat yayıb.
Portalın onlayn sayğacına əsasən, hazırda ABŞ ərazisində 576 437 istehlakçının elektrik enerjisi təchizatı kəsilib.
Ən çox zərər Şimali Karolina sahilləri boyunca yerləşən ərazilərə və Tədqiqat üçbucağına dəyib. Enerji şirkətləri fırtınaya əvvəlcədən hazırlaşmağa başlayıblar. Belə ki, Dominion Energy hələ çərşənbə günü axşam bayram günlərində baş verə biləcək qəzalara operativ reaksiya verməyə hazır olduğunu bəyan edib.
“Güclü külək və yağış hər iki Karolina ştatında elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Ən yüksək risk Şimali Karolina sahilləri boyunca və Üçbucaq bölgəsində gözlənilir”, – deyə "Duke Energy" şirkəti "X" sosial şəbəkəsində paylaşım edib.
Virciniya və Qərbi Virciniya ştatlarında fəaliyyət göstərən Appalachian Power şirkəti hava şəraitini izlədiyini və qəza yerlərinə briqadalar göndərməyə hazır olduğunu bildirib. İllinoys və Missuri ştatlarına xidmət göstərən Ameren Power şirkəti isə hələlik vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verməyib.
Merilend ştatında fəaliyyət göstərən Pepco və Delmarva Power şirkətləri müştərilərini enerji təchizatı kəsildiyi halda istifadə etmək üçün əvvəlcədən enerji ilə doldurulmuş ehtiyat enerji mənbələrini və fənərləri əl altında saxlamağa, qırılmış elektrik naqillərindən isə uzaq durmağa çağırıblar.
“Bayram günlərində gözlənilən fırtınaları nəzərə alaraq, elektrik enerjisinin kəsilməsi hallarında operativ reaksiya vermək üçün briqadalarımız hazır vəziyyətdədir”, – deyə "Delmarva" şirkətinin bəyanatında bildirilib.
İllinoys və Missuri ştatlarında qış fırtınası ilə bağlı xəbərdarlıqlar qüvvədədir. Sent-Luis dairəsində 10-20 santimetr sulu və ağır qar yağacağı gözlənilir. Qar artıq ağacların aşmasına səbəb olur. Dairə nümayəndəsinin sözlərinə görə, qarın ağırlığı səbəbindən şəhərin hər yerində ağaclar aşır.
"AccuWeather" meteoroloqu Co Lundberq əvvəlcədən qarın “ağır, sulu və yapışqan” olacağını, ağacların və elektrik xətlərinin üzərinə düşən yükü xeyli artıracağını xəbərdar etmişdi. Milli Meteorologiya Xidməti intensiv qar yağışı səbəbindən avtomobillə hərəkətin son dərəcə çətin, hətta mümkünsüz olacağını proqnozlaşdırıb.
Nyu-Yorkda isə güclü külək səbəbindən Şükranlıq Günü münasibətilə "Macy’s" univermaqlar şəbəkəsinin təşkil etdiyi yubiley xarakterli 100-cü parad təxirə salınıb. Bu, tədbirin bir əsrlik tarixində ilk belə haldır.
Hüseyn İbadlı
-
Sosial22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı
-
Gözəllik21:36Qışda saçlara necə qulluq edilməlidir? - Stilistdən tövsiyə
-
Hadisə21:12Azərbaycanda zəlzələ oldu
-
Region20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
























.jpg)












