Qadın
Tövlədən başlayan milyon dollarlıq biznes imperiyası yaradan qadının UĞUR HEKAYƏSİ
“Mən heç vaxt uğur arzulamamışdım, sadəcə ona nail olmaq üçün hər şeyi etdim” – Estee Lauderin bu ifadəsi heç bir maneə görmədən irəli gedən məqsədyönlü bir insan kimi onu mükəmməl xarakterizə edir. Dünyanın ən nüfuzlu və innovativ şirkətlərindən birini yaradan və idarə edən bu xanım eyni zamanda gözəl həyat yoldaşı, ana və əsl dost idi. O, gözəlliyi sevir, siyatiş edir və onun gücünə bütün qəlbi ilə inanırdı.
Publika.az oxucuları Ester Lauderin həyat hekayəsi ilə tanış edir.
Jozefina Ester Mentzer Nyu-Yorkda çoxuşaqlıq yoxsul bir ailədə dünyaya gəlib. Bəxti onda gətirmişdi ki, Estenin anası çox güclü və ağıllı qadın idi. Anası hesab edirdi ki, qadın özünün gözəl olduğuna inanırsa, başqalarını da buna inandıra bilər və diqqət mərkəzində olub-olmadığına yalnız özü qərar verir. O, qızlarını da bu ideya altında tərbiyə edirdi. Este Lauder müsahibələrinin birində etiraf edib ki, anasının “İnsanlarla dolu otağa girəndə elə təsəvvür etməlisiniz ki, hamı sizi izləyir! Özünüzü buna uyğun təqdim edin” sözləri bütün həyatı boyu ona ilham verib.
Qız gözəllik sektoruna gəlişini dermatoloq əmisi Con Kotsa borcludur. Əmisi onlarla birgə yaşamağa başlayandan sonra Este ona əvvəlcə ailə mətbəxində, daha sonra evin həyətindəki köhnə tövlədə təchiz olunmuş xüsusi laboratoriyada üz üçün müxtəlif kremlər hazırlamağa kömək edirdi. Dəriyə hamarlıq və məxmərlik verən krem reseptləri Estedən ötrü o qədər maraqlı idi ki, gecə-gündüz laboratoriyadan çıxmaq istəmirdi. Beləliklə, bu əməkdaşlıqdan “Estée Lauder” brendinin ilk qulluq məhsulları satışa buraxılır.
Este əmisindən sadəcə krem hazırlamağı yox, həm də ondan istifadə qaydalarını öyrənmişdi. O, bu bilikləri əvvəlcə dostları ilə, sonra tanımadığı qızlarla bölüşməyə başladı. Bu müddət ərzində o, Avstriyadan ABŞ-a mühacirət edən gələcək əri Cozef Lauderlə tanış olmuşdu. Maraqlıdır ki, gənc ər xanımının təşəbbüslərini dəstəkləyir, ona kremlər bişirməyə kömək edirdi. Este isə gözəllik salonlarında dəriyə qulluq və gözəllik məhsullarının reklamına və satışına başladı. O, həmçinin kosmetologiya dərsləri keçir və kremin bütün üstünlüklərini nümayiş etdirməyə çalışırdı.
Biznesin inkişafı üçün əlindən gələni edən Estenin səyləri öz bəhrəsini verdi, işlər gözləniləndən də yaxşı gedirdi. 1946-cı ildə cütlük “Estée Lauder Cosmetics Inc.” adı altında şəxsi brendlərini təsis etdilər. Keçmiş restoranın binasını kiçik bir fabrikə çevirən Este əri ilə gecələr kremlər istehsal edir, gündüzlər satırdılar. Məhz o zaman “Estée Lauder” kosmetika və parfümeriya korporasiyasının təməli qoyuldu. Məhsulların qablaşdırmasına kimi incə detallara diqqət edən Este bütün dost-tanışlarının vanna otaqlarına, eləcə də ən dəbli otellərə baş çəkmişdi. Uzun araşdırmalardan sonra o, bu qənaətə gəldi ki, solğun firuzəyi flakon ən yaxşı seçim olacaq. Çünki, istənilən interyerə uyğun gəlir, ahəngdar görünür və lüks təsiri ötürürdü. Brendin rəsmi istifadəyə verilməsindən bir il sonra onlar “Saks Fifth Avenue” univermaq şəbəkəsindən 800 dollarlıq ilk böyük sifarişlərini aldılar.
Este qadınların nə istədiyini doğuşdan hiss edirdi, sözsüz ki, o, mükəmməl məsləhətçi və marketoloq idi. İnanırdı ki, satış üçün alıcıya toxunmaq, əlində tutduğu kremin xüsusiyyətlərini söyləmək və effektivliyini aydın göstərməklə onda daha böyük maraq oyada bilər. Beləliklə, gözəllik sənayesində satış üzrə məsləhətçi vəzifəsi formalaşdı. Bir məhsul alana üstündə hədiyyə vermək ideyası da xanım Lauderə məxsus idi. Bu da nəinki yeni müştəriləri cəlb etməyə, həm də yaxşı pul qazanmağa kömək etmişdi. Bir müddət sonra dekorativ kosmetika istehsalına başlamaq qərarına gələn şirkət müştərilərinə kirşan (pudra) hədiyyə edirdi. Bu şəkildə onlar yeni makiyaj xəttinin təqdimatını keçirdilər.
“Uğursuz pomada, qalın tonal krem və una bənzər pudra kimi keyfiyyətsiz məhsullar qədər qadını yaşlı göstərən heç nə yoxdur” deyən Este alıcılarını brendin yeniliklərini izləməyə səsləyirdi. Sadəcə bu şüarla kifayətlənməyən xanım Lauder kosmetika məhsullarının istehlakçıları ilə ünsiyyət qurmaq üçün məşhur kosmetika mağazaları və gözəllik salonlarını gəzməyə davam edirdi. Sosial şəbəkələrin yaranmadığı bir dövrdə də o, əmin idi, dildən-dilə ötürülən sözlər ən yaxşı reklamdır. Este həmçinin demək olar ki, hər yeni mağazanın açılışında, gözəllik məsləhətçilərinin satış üsulları və məhsul nümayişi ilə bağlı təlimatlandırılmasında şəxsən iştirak edirdi.
1950-ci illərə qədər qadınların əksəriyyəti ətirdən yalnız xüsusi günlərdə istifadə edirdi. Arzulanan ətir şüşəsinin doğum günlərində hədiyyə olunacağını gözləyirdilər... Este isə qadınların öz ətirlərini özlərinin alması üçün bir yol tapmaq istəyirdi. Beləliklə, 1953-cü ildə o, dəridə xoş ətir buraxan “Youth Dew”u hamam yağını yaratdı. Bu yenilik kosmetika sənayesində əsl sıçrayış idi, Este istədiyindən daha çoxuna nail olmuşdu, həm ətirlərin satış üsulunu dəyişdirmişdi, həm də gənc şirkəti çox milyon dollarlıq biznesə çevirmişdi.
Deyilənlərə görə, brendin guşəsinin yerləşdiyi “Paris Galeries Lafayette”-ə girən Este Lauder bilərəkdən ətirli yağ şüşəsini sındırmışdı. Xoş ətir bütün döşəməni bürümüşdü, qadınlar bir-bir ona yaxınlaşıb ətrin adını soruşmağa başladılar. Təşəbbüskar təsisçi qızlara yağın xüsusiyyətləri haqqında danışır və bildirir ki, onları ən yaxın mağazadan almaq olar. Bəzi mənbələr isə Estenin şüşəni bilərəkdən yox, təsadüfən sındırdığını iddia edir. Söz yox ki, bu, hər iki halda inanılmaz bir uğurdur. Este Lauderin fərqli xüsusiyyəti o idi ki, ən yaxşısını etməyə çalışır və daha azı ilə qane olmurdu. Buna görə o, sadəcə olaraq “yox” demək mümkün olmayan bir insan kimi təsvir edildi, bu cavab onun üçün mövcud deyildi.
Estenin sadəcə kosmetik məhsulların satışı ilə məşğul olan uğurlu sahibkar deyil, həm də qadınlara ilham və inam aşılayan motivator idi. O, evdən heç vaxt dodaqlarını və gözlərini vurğulamadan çıxmazdı, zərif cinsin nümayəndələrini də baxımlı olmağa dəvət edirdi: “Buludlu yağışlı gün makiyaj etməmək üçün bir səbəb deyil! Əksinə, günəş kimi parlamalısan. Və təbii ki, yaxşı əhval-ruhiyyə üçün mütləq gözəl ətir almalısan!”
1960-cı illərin sonunda brend şirkətin simasını seçmək qərarına gəldi. Este Lauder zərif, güclü və ağıllı bir qız axtarışında idi. Axtarışlar nəticəsində model Karen Qrem “Estée Lauder”in siması oldu və düz 15 il bu statusda qaldı. Ondan sonra Paulina Porizkova, Elizabeth Hurley və digər məşhurlar markanın yeni simaları seçildi.
Ailə biznesinə daha sonra Estenin uşaqları və nəvələri də qoşulub. 1995-ci ildə təqaüdə çıxan qəhrəmanımız 24 aprel 2004-cü ildə 95 yaşında Manhettendəki mənzilində ürək tutmasından dünyasını dəyişib.
Este Lauderin həyatının əsas məqsədi bütün dünyanın qadınlarını gözəl və bənzərsiz göstərmək idi. Elə buna görə də o, xanımlar üçün sadəcə kosmetika brendi deyil, çoxmilyonlu imperiya yaratdı. Həmişə zərif və nəzakətli Este Lauder ömrünün sonuna qədər dəbdəbəli geyinməyi sevirdi, onu heç vaxt makiyajsız və ideal saç yığımı olmadan tutmaq mümkün deyildi. E.Lauderin obrazını sevdiyi qəşəng bir ətriyyatı tamamlayardı. Ona baxanda heç kim bilmirdi ki, neçə yaşı var, amma adı hamıya məlum idi. Biznes-ledi sərrast ifadələri şübhəsiz ki, hətta bu gün də öz əhəmiyyətini tirməyib.
Kişilər haqqında
Səmimi insan axtarın. İmkan barədə unudun.
Sevdiyin insanın xırda çatışmazlıqlarını görməzlikdən gəlmək olar. Amma onunla digər məsələlərdə razılaşmağa hazırsınızsa.
Gözəl sözlər, şübhəsiz ki, çox təsirlidir, lakin sevdiyin kişinin pəncərənin altında oxuduğu serenada heç bir halda əsl sədaqət və etibar hissini əvəz edə bilməz. İnsanlar özlərini həyatın çətin məqamlarında aşkar edir, odur ki, ürəyinizi verdiyiniz insana tamamilə güvənmək sizə çox baha başa gələ bilər. Evlilikdə problemlər deyil, simalar dəyişir.
Uğur haqqında
İnsanlar uğuru özləri "yaradır", risk etməyə çəkinməyin, intuisiyanızı dinləyin.
Əgər nəsə əldə etmək istəyirsənsə, bədəlini də ödəməlisən.
Qarşıya qoyulan məqsədə çatmağın ən səmərəli üsulu uğur "dalğasına" köklənməkdir. Bu, son dərəcə vacibdir. Uğuru aydın şəkildə təsəvvür edin və o, reallığa çevriləcək.
Gözəllik haqqında
Makiyaj - özünü ifadə etməyin, özün haqqında "həqiqəti" danışmağın ən gözəl üsuludur.
Yeni yaşınız sizə yeni qırışlar gətirir, lakin özü ilə birlikdə xarakter və ifadəli baxışlar da gətirirlər. Görünüşlə fəxr etmək, digər keyfiyyətlər kimi təbiidir. Çirkin qadın yoxdur, özünə laqeyd olan var. Ümumiyyətlə, gözəl olmaq üçün hansısa sirri bilmək və mürəkkəb manipulyasiyalar etmək lazım deyil. Siz sağlam düşüncəyə sahib olmalısınız, kosmetikadan anlayışınız olmalıdır - və təcrübə, təcrübə, təcrübə!
Gözəl olmaq istəyində şöhrətpərəstlik yoxdur. Əksinə, bu, olduqca praqmatikdir. Əgər xarici görünüşünüzdən razısınızsa, deməli, sizin ovqatınız həmişə xoşdur. Bütün dünyanın ayaqlarınızın altında olduğunu hiss edirsiniz.
Hər bir qadın özünü nə qədər gözəl hesab edirsə, məhz o qədər gözəldir.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO