29 il sonra işğalın təqvimdən silinməsi və azadlıq: Azərbaycanın ruhu Şuşaya qayıdır
Bizi izləyin

Qarabağ

29 il sonra işğalın təqvimdən silinməsi və azadlıq: Azərbaycanın ruhu Şuşaya qayıdır

1992-ci ilin 8 mayında Şuşanın işğalından 44 günlük müharibəyə qədər hər il bu təqvimi bayram edən Ermənistan 29 il sonra 8 maya azad olunmuş Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu reallığı ilə oyandı. Ermənistanda yazırlar: “Biz təkcə Şuşanı yox, qələbə ruhunu və bayram təqvimini də əldən çıxardıq”.

1992-ci ilin 8 mayında Ermənistan “Dağlarda toy” adını verdiyi əməliyyatla Şuşanı işğal etdi və 2020-ci il Vətən müharibəsinə qədər hər il bu təqvimi xüsusi bayram olaraq keçirirdi. Əslində “Dağlarda toy” əməliyyatı hücumdan daha çox, Şuşanın təhvil verilməsi idi.

AXC-Müsavat cütlüyü Bakıda hakimiyyət davası apararkən, Şuşa faktiki olaraq mühafizəsiz qalmışdı. Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi sonradan bildirirdilər ki, Bakıdakı siyasi hərc-mərclik onlara torpaqları ələ keçirməyə fürsət verdi. O vaxt müdafiə naziri olmuş Rəhim Qazıyev deyirdi: “Şuşa getsə, başıma güllə vuracam”. Bu sözlərindən iki gün sonra Şuşa işğal edildi.

1992-ci il mayın 12-də Azərbaycan Ali Sovetinin Sədri Yaqub Məmmədov AZTV-də xalqa müraciətində Şuşanın ermənilərə təhvil verdiyini açıq şəkildə bildirmişdi.

Y.Məmmədovun dediklərindən də məlum olur ki, Azərbaycan nümayəndə heyəti Tehranda Ermənistanla danışıqlar aparanda müdafiə naziri olan Rəhim Qazıyev Şuşanı müdafiəsiz vəziyyətə salıb. Şuşanın işğal edildiyi günə qədər Müdafiə Nazirliyi ölkə rəhbərliyinə doğru məlumat verməyib və nəticədə erməni silahlı birləşmələri Qarabağ və ətraf 7 rayonun işalında açar rol oynayan şəhəri ələ keçiriblər.

Bu xəyanət idi və xəyantin nəticəsində Şuşa 28 il düşmən tapdağında qaldı. İşğalçı erməni qoşunlarında xidmət etmiş və Şuşanın işğalında iştirak edən polkovnik Senor Hasratyanın bu gün yayımladığı məqalədə də Rəhim Qazıyevin, ümumilikdə AXC-Müsavat cütlüyünün xəyanətini görmək mümkündür.

Hasratyan yazır ki, “Azərbaycanın müdafiə naziri Rəhim Qazıyevin Şuşanın müdafiəsində iştirak edən qüvvələrin komandiri ilə telefon danışığını ələ keçirmişdik. Qazəyev komandirə bildirirdi ki, “Yaqub Məmmədov Tehranda Levon Ter-Petrosyanla danışıqlar aparır, diqqətli olun, Şuşanın müdafiəsini bütün məsuliyyətimlə üzərimə götürürəm”. Hasratyan daha sonra Şuşanı qısa müddətdə ələ keçirdiklərini qeyd edir.

Şuşa xəyanətin qurbanı oldu və şəhərin işğalı digər ərazilərin də işğalına qapı açdı. Ermənilər 28 il 8 may tarixini “Dağlarda toy” adı ilə bayram etdilər.

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını azad etdi və bu, həm də ermənilərin 8 may bayram təqviminin də ləğv edilməsi idi.

29 il sonra ilk dəfədir 8 mayı Şuşanın işğalı günü kimi qeyd etmirik, 29 il sonra ilk dəfədir bu təqvimdə Şuşa azaddır və biz Şuşaya qayıtmışıq.

Artıq Şuşanın azad olunduğu gün – 8 noyabr tarixi Azərbaycanın Zəfər günü kimi qeyd olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şuşanın azad edilməsindən sonra Ermənistan diz çökdü və kapitulyasiyaya imza atmağa məcbur oldu.

29 il sonra tarix dəyişdi, ədalət bərpa olundu və bu ədaləti məhz Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu bərpa etdi. Dövlət başçısı Şuşanın azad olunması münasibətilə Şəhidlər Xiyabanından xalqa müraciət edərkən bildirmişdi: “Əziz Şuşa, sən azadsan, Əziz Şuşa, biz qayıtmışıq, Əziz Şuşa, biz səni dirçəldəcəyik”.

Ermənistan işğalında qaldığı müddətdə Şuşa demək olar ki, məhv edildi. İşğal dövründə Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilib, 20 kitabxana yandırılıb.

Azərbaycan hazırda Şuşanın bərpa edilməsi, dirçəldilməsi istiqamətində intensiv iş həyata keçirir. Bərpa işlərində şəhərin tarixi simasına və perspektivdə oynayacağı rola xüsusilə diqqət yetilir.

Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması ulu öndər Heydər Əliyevin də ən böyük hədəflərindən biri idi. Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdı.

Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri təsadüfi deyil. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini bildirmişdi.

Mayın 7-də Prezidentin sərəncamı ilə Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı statusu rəsmiləşdi. Sərəncamın məhz bu tarixdə imzalanması özündə mühüm mesajlar daşıyır:

- 1992-ci ilin 8 mayında Şuşanı işğal edən və hər il bu təqvimi bayram kimi qarşılayan Ermənistan 29 il sonra 8 may tarixini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşıladılar.
Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

- Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” digər dövlətlərə də mesajdır. Ən mühüm mədəniyyət mərkəzlərimizin birindən Azərbaycan izini silmək üçün təəssüf ki, Ermənistanla yanaşı digər ölkələr də bilərəkdən və ya bilməyərəkdən iştirak ediblər. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilib. Prezident İlham Əliyev çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləyibdir: “Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik”.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

- Sərəncamın 7 may tarixində imzalanması həm də Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilər.

Əvvəlcədən anons edildiyi kimi, mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra keçiriləcək budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Şuşanın mədəniyyət mərkəzi elan olunmasının daxili auditoriya üçün verilən mesajları da var. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!”.

Əziz Şuşamız azad olunduqdan sonra dirçəliş dövrünü yaşayır:

Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir. Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək. Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası təmir-bərpa işlərindən sonra müasir səviyyəyə çatdırılacaq. Şuşa Xalça Muzeyi bərpa edilir. Keçmiş sanatoriya yenidənqurmadan sonra Park Otel kimi bu il istifadəyə veriləcək və qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellərin yaradılması nəzərdə tutulur. İstismar müddəti bitmiş “xruşşovka”larla bağlı tədbir görülür. Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpa edilməsini öz üzərinə götürüb.

Artıq Şuşaya qayıtmışıq, 29 il sonra 8 mayı Şuşanın işğal təqvimi kimi tarixdən silmişik və bərpa olunan Şuşaya Azərbaycanın ruhu qayıdır.

Prezident İlham Əliyev bəyan edib ki, “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm