Ərəb mətbuatı Qarabağda İslam irsinin bərpasından yazdı - FOTO
Bizi izləyin

Qarabağ

Ərəb mətbuatı Qarabağda İslam irsinin bərpasından yazdı - FOTO

Ərəb mətbuatında Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra Qarabağda İslam irsinin bərpası ilə bağlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki, Əlcəzair, Misir və İraq mətbuatında işıq üzü görən və müəllifi Milli Məclisin deputatı Könül Nurullayeva olan “Azərbaycan Qarabağda dağıdılmış məscidləri bərpa edir” sərlövhəli məqalədə Azərbaycanın müsəlman dünyasının bir parçası kimi hər zaman İslam dəyərlərinin mühafizəsini ən yüksək səviyyədə təmin etdiyi bildirilir. Ərəb və ingilis dilində dərc olunan məqalədə qeyd edilir ki, 2020-ci il noyabrın 10-da Qarabağda Azərbaycanın böyük Qələbəsi ilə başa çatan müharibədən sonra işğaldan azad edilmiş ərazilərdəki İslam irsi abidələri üçün də bərpa mərhələsi başlayıb.

Müqəddəs Ramazan bayramı ərəfəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyev tərəfindən yeni məscidin təməlini qoyduğunu diqqətə çatdıran müəllif vurğulayır ki, qədim Azərbaycan torpağı olan Şuşada vaxtilə 17 məscid olub və ermənilər işğal zamanı onların demək olar hamısını dağıdıblar. Yalnız üç məscid - Yuxarı və Aşağı Gövhərağa, həmçinin Saatlı məscidləri yarıdağıdılmış vəziyyətdə qalıb. Onların da təmiri ilə bağlı artıq işlərə başlanılıb.

Məqalədə 2016-cı ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində Şuşa məscidinin bənzərinin inşa edildiyi də diqqətə çatdırılıb.

Otuz ildən sonra Şuşada yenidən bayram namazı qılındığını bildirən müəllif yazıb ki, Ramazan bayramı ərəfəsində Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bu, həm də onu göstərir ki, Azərbaycan üçün İslam irsinə sahib çıxmaq, onu qorumaq, mühafizə etmək hər zaman olduğu kimi, bu gün də prioritetdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm