Ordumuzun Laçında nəzarətə götürdüyü ərazilərin unikal əhəmiyyəti - Detallar/VİDEO
Bizi izləyin

Qarabağ

Ordumuzun Laçında nəzarətə götürdüyü ərazilərin unikal əhəmiyyəti - Detallar/VİDEO

13:49

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Ərazini qarış-qarış tanıyan laçınlı şair İlham Qəhrəman nəzarətə götürdüyümüz həmin ərazilərin əhəmiyyətini Publika.az-a danışıb.

“Öncəliklə ordumuzun Zabux və Cağazur kəndi ərazisində möhkəmlənməsi xəbərini eşidəndə çox sevindim. O vaxtlar SSRİ zamanında biz Gorusa və ermənilərin Laçınla sərhəd olan Dığ kəndinə (Tex) gedəndə ağ-qara zolaqlı daş var idi, hansıki o, hər iki ölkə arasındakı sərhəd nöqtəsini göstərirdi. Hazırda ordumuzun nəzarətə götürdüyü ərazi Laçının Zabux kəndinin torpaq, əkin sahələri cağazurluların isə örüş yeridir.. Zabuxlular orada taxıl, arpa əkirdilər, ot biçirdilər. Laçının Qarakahan kəndi Ermənistan kəndləri ilə həmsərhəd deyildi. Ermənilərin Ərəvis kəndi var idi və həmin kəndin içində anklav ərazisi mövcud idi. Hər il yay fəslində ənənəvi olaraq Qarakahanın kalxoz camaatı Ərəvis kəndindəki anklav ərazidə otlarını biçib maşınlarla gətirirdilər”.

İ.Qəhrəman bildirib ki, möhkəmləndiyimiz ərazilər Laçınla üzbəüz olan digər kəndlər üçün təhlükəni aradan qaldıracaq.

“Hazırda ordumuzun nəzarətə götürdüyü yüksəkliklər strateji olduğundan, Zabux və Cağazur kəndləri ilə yanaşı Laçınla üz-üzə olan digər kəndlər üçün təhlükə sovuşur.

Biz Ermənistanın bir qarış torpağını da nəzarətə götürməmişik, o torpaq Azərbaycana məxsusdur, tarixən bizimdir. Öz suveren ərazilərimizdə möhkəmlənmək hüququmuz var.

Həmin ərazilər ki var, onlar əvvəllər Laçın dəhlizinin və Ermənistana birləşən hissəni təşkil edirdi. Orada sülhməramlılar dururdu.Alternativ yol çəkildikdən sonra bu ərazi nəzarətsiz qalmışdı. Ermənilər bilirdi ki, bu ərazilər Azərbaycanındır. O, köhnə Laçın dəhlizi deyilən yolun baş hissəsidir”.

Şair İlham Qəhrəman son olaraq vurğulayıb ki, gələcəkdə Laçına qayıdacaq məcburi köçkünlər üçün təhlükəsiz şərait yaradılacaq: “Azərbaycan ordusunun Zabux və Cağazur kəndlərindəki nəzarəti möhkəmləndirməsi gələcəkdə həmin ərazilərə qayıdacaq insanların yenidən əkin-biçinlə məşğul olacağı mənasına gəlir. Həmçinin ordumuzun orada olması gələcəkdə Laçına qayıdan məcburi köçkünlərin Kosalar, Malıbəy, Cağazur eyni zamanda oradan aşağı gəldikdə, Zabux, sonra Fatalıpəyə kəndləri və həmin ərazidə müşahidəyə düşən bir sıra kəndlər ki var, o yerlərin hamısının təhlükəsizliyini təmin edəcək.

Bu da Azərbaycanın növbəti uğurudur, çünki ordumuz qansız-qadasız əməliyyat həyat keçirdi”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm