Qarabağ
Noyabrın 9-da şəhid olan İsmayılın anası: "Dedi ki, təlimə gedirik..."
İki şəhid, iki Vətən oğlu uyuyur Kəngərli rayonunun Böyükdüz kənd məzarlığında. Biri Birinci, digəri isə ikinci Qarabağ müharibəsində şəhadətə yüksəlib. İsmayıl Yüzbaşyev igidliyi ilə özündən öncə şəhadətə yüksələn əmioğlusunun qisasını alıb üzüağ gəlib onun yanına. Üçrəngli sevdalısı Şuşanın, Füzulinin, Laçının səmasında əbədi dalğalansın deyə canından keçib, bayrağa bürünüb gəlib. Gedəndə özüylə dünya boyda arzu, istək aparmışdı, gələndə isə dünya boyda qələbə payı gətirib. İllərdir gözlədiyimiz həmin qələbə payını…
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, Vətən müharibəsi şəhidi İsmayıl Yüzbaşyev 1997-ci il aprelin 1-də Kəngərli rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. Ailənin ikinci övladı olan İsmayıl gülər üzü, mehribanlığı, sözünə, əhdinə sədaqəti ilə valideynlərinin, qohum-qonşunun hörmətini qazanıb. Orta məktəbi bitirdikdən sonra-2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan İsmayıl bir il sonra Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması yolunda böyük şücaət göstərib.
Oktyabrın 17-də müharibəyə xüsusi təyinatlı qüvvələrin tərkibində qatılan İsmayıl Füzulinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin düşmən tapdağından azad olunmasında, Laçın dəhlizindəki döyüşlərdə, Daşaltı əməliyyatında əzmini, hünərini ortaya qoyub. 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 4 gün sonra noyabrın 13-də yaşadığı Böyükdüz kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 3 cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
“İsmayıl haqqında nə qədər danışsam sözüm-söhbətim bitməz. Uşaqlığından bizə heç bir əziyyət verməyib. Ağıllı-kamallı uşaq idi. Heç kimlə işi olmazdı. Nə tapşırıq versən, baş üstə deyərdi. Hərbi xidməti bitirdikdən bir müddət sonra dedi ki, orduda işləmək istəyirəm. Sözün açığı atası da, mən də razı deyildik. Heç vaxt sözümüzdən çıxmadığı halda, bu dəfə bizdən xəbərsiz gedib hərbiyə yazılmışdı. Bir gün gördük əlində sənədlə gülə-gülə gəlir. Dedi ki, hərbiyə yazılmışam. Dedik ki, Allah xeyirli etsin, yolun açıq olsun. Hara getsəydi haqqında tərif, xoş söz eşidərdik. Hamı deyirdi halal olsun ki, bu cür övlad böyütmüsünüz”-deyir böyük qürurla şəhidin anası Nəzakət xanım.
O qeyd edir ki, övladı 11 ay hərbidə işlədikdən sonra müharibə başlayıb: “Qıvraqda xidmət zamanı yazılmışdı xüsusi təyinatlı qüvvələrə. Çox sevirdi Vətənini. Çalışırdı ki, döyüşlərdə iştirak etsin və istəyinə də çatdı. Sonuncu dəfə 2020-ci ilin oktyabrın 21-i zəng etdi evə. Dedi ki, ana, məndən nigaran olma. Müharibədə deyiləm, Gəncədəyəm. Arxa cəbhədəyik. Sonralar bildim ki, mən narahat olmayım deyə elə deyirmiş. Dedim, bala, qorxma, yaxşı olacaq. Dedi ki, ana, niyə qorxuram?! Mən döyüşdəki yoldaşlarımdan artıq deyiləm. Qorxmuram! İsmayıl, doğrudan da çox qorxmaz idi”.
Nəzakət xanım bildirir ki, İsmayıl müharibəyə getməmişdən öncə evə gələrək anasını görüb: “Evə gəlib əl-üzünü yudu. Çarpayıda uzanmışdı ki, zəng gəldi. Komandiri idi. Deyirdi tez gəlin. Bu dəfə evdən çıxanda üz-gözümdən bərk-bərk öpərək boynuma sarıldı. Dedi ki, gedirik təlimə. Zəng etməsəm, narahat olmayın. Bir ay sonra qayıdacağam. Balam ülvü arzularla getdi, şərəflə qayıtdı. Vətən üçün can atırdı, Vətən üçün də canını fəda etdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin”
Bəli, Ali Baş Komandanın siyasi iradəsi, İsmayıl Yüzbaşyev kimi Vətənini sevən oğulların sayəsində 5 ildir ki, başımız dik, alnımız açıqdır, xalq, dövlət, ordu olaraq müzəffərik, məğruruq, qalibik. Hər bir gəncimiz, yeni nəsillər igidlərimizin qəhrəmanlığından daim vətənpərvərlik dərsi, tərbiyəsi alacaq, illər, əsrlər ötsə də torpaqlarımızın azadlığı naminə tökülən qanlar, qurban verilən canlar heç zaman unudulmayacaq!
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video





































.jpg)
.jpg)

