Qazi: "Qucağımda şəhid olan Eminin adını övladıma verdim..."
Bizi izləyin

Qarabağ

Qazi: "Qucağımda şəhid olan Eminin adını övladıma verdim..."

Vətən müharibəsində qəhrəmancasına döyüşərək haqq-ədalət salnaməsi yazan igidlərimizdən biri də qazi Əmrah Məmmədovdur.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, 1994-cü il avqustun 12-də Şərur rayonunun İbadulla kəndində dünyaya göz açan Əmrah hələ uşaqlıq illərində qəlbində Vətənə qarşı güclü eşq, məhəbbət bəsləyib. Vətəni qorumaq, torpaqlarımızı azad etmək arzusu ilə 2009-cu ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub, ardınca isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. 2016-cı ildə Beyləqan rayonunda yerləşən "N" hərbi hissəsinə təyinat alıb. Sonra xüsusi təyinatlı qüvvələrin tərkibinə daxil olmaq üçün Bakıda keçirilən kursa qatılıb. Əmrah həmin kursu müvəffəqiyyətlə başa vurub. Nəticədə Beyləqan rayonundakı "N" hərbi hissədə xüsusi təyinatlı qrup komandiri vəzifəsinə təyin olunub.

Əmrah deyir ki, bütün hərbiçi yoldaşları kimi, onun da ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək idi: "Nəhayət ki, Ali Baş Komandanımız torpaqlarımızı azad etmək əmrini verdi. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısını almaq məqsədi ilə Füzuli rayonunun Horadiz kəndi, "yastı təpə" istiqamətində döyüşə qatıldım. Döyüş çox qızğın keçirdi. Elə həmin gün taborumuz ilk şəhidini verdi, döyüş yoldaşım Emin Məmmədov qucağımda şəhadətə yüksəldi. Mən Emini yaşatmaq, əbədiləşdirmək üçün öz övladıma adını verdim. Hər dəfə “Emin” dediğimdə, sanki “Şəhid Emin” deyirmiş kimi içimdə böyük bir qürur oyanır. İnşallah övladım şəhid Eminin adını layiqincə daşıyıb Vətəninə, dövlətinə və millətinə sədaqətli böyüyəcək".

Qəhrəman qazi deyir ki, sonrakı günlərdə müxtəlif mövqelərin və yüksəkliklərin alınması tapşırıqları yerinə yetirilib. Oktyabrın 2-də Füzuli rayonu istiqamətində gedən amansız döyüşlər zamanı ayağından qəlpə yarası alan Əmrah yoldaşlarının köməyi ilə təxliyə olunub. Hospitalda 3-4 gün qaldıqdan sonra, yarasının ciddi olmadığını bildirərək könüllü şəkildə yenidən döyüşə qayıdıb. Cəbrayıl rayonundan döyüşü davam etdirib, daha sonra tapşırığa uyğun olaraq Qubadlı istiqamətinə keçib:" Oktyabrın 20-də Qubadlıda döyüş zamanı artilleriya mərmisi yanımda partladı. O anda sanki ayaqlarımı yerdən üzülmüş kimi hiss etdim. Özümə gələndə artıq hospitalda idim. Həmin vaxtdan sonra səhhətim döyüşləri davam etdirməyə imkan vermədi. Müalicə aldığım zaman, noyabrın 8-də döyüşlərin dayandırıldığını və zəfər qazandığımızı eşitdim. Həmin an keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Bu gün biz Zəfərin 5 illiyini böyük qürurla qeyd edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin, qazilərimizin və bütün hərbçilərimizin sayəsində 30 illik həsrətə son qoyuldu".

Vətən müharibəsində şücaət və qəhrəmanlıq nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Əmrah Məmmədov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,“Qubadlının azad olunmasına görə”,“Hərbi xidmətlərə görə” ,“Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Bu gün Əmrah kimi qəhrəman qazilərimizin canı, şəhidlərimizin qanı bahasına Vətənimizin hər qarışı azad, torpaqlarımız bütövdür. Üçrəngli bayrağımızı Qarabağımızda dalğalandıran igidlərimizin döyüş yolu, xatirələri hər bir gəncimiz üçün örnəkdir, nümunədir, öyrənilməsi vacib olan vətənpərvərlik dərsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm