Qarabağ
Axşam saatlarında Xankəndidə həyat - VİDEO REPORTAJ
Gün batanda şəhərlər başqa cür görünür. İşıqlar yanır, küçələr canlanır, insanlar evə tələsir. Amma elə şəhərlər var ki, orada axşam düşməsi təkcə günün bitməsi deyil, həm də həyatın qayıdışının simvoludur. Bu gün sizi Qarabağın ürəyinə – Xankəndiyə aparırıq. Axşam saatlarında bu şəhərdə həyat necə davam edir? Küçələrdə hansı səslər eşidilir? İnsanlar nə düşünür, nə hiss edir?
Xankəndidə canlanma da elə axşam saatlarından başlayır. Bu saatlarda burada olmaq, bu doğmalığı hiss etmək tam başqa bir duyğudur.
Bu saatlarda işdən çıxanlar tələsmir. Yavaş addımların hər birində günün zəhməti, alın təri və sabahın ümidi var. Yol boyu verilən salamlar isə bir-birinə dayaq olmağın ifadəsidir.
Şəhərin mərkəzi bu saatlarda daha da canlanır. Bir az kənarda isə Xankəndi sakinləri bir-biri ilə xatirələrini bölüşür, beləcə keçmiş yavaşca bu günə qarışır. Qalan isə, çox güman ki, xoş xatirələrdir.
Hava tam qaralıb. Gənclərin səsi daha gur eşidilir. Universitet yataqxanasının pəncərələrindən süzülən işıq həyətə düşür. Kənddən, rayondan, şəhərdən gələnlər burada bir həyətin sakinlərinə çevriliblər.
Yavaş-yavaş vitrinlər sönür, qapılar bağlanır. İşini bitirib evə gedənlərlə yanaşı, gecə növbəsinə başlayanlar, çörək bişirənlər də var.
Şəhər sakit görünə bilər. Amma bu sakitliyin içində hərəkətdə olan insanlar var. Onlardan biri də sükan arxasında gecəni gündüzə qatan taksi sürücüləridir. Elə həmin sürücülərdən biri ilə söhbətləşirik. Bir ildir ki, bu küçələrdə yol gedir, insanları ünvanlarına çatdırır.
Xankəndidə gəzərkən müxtəlif insanlarla danışdıq. Eyni sualı verdik. Hər kəs fərqli cümlə qurdu, amma eyni hissləri bölüşdü. İllər sonra bu şəhərdə həyat var.
Kimisi illərlə həsrətində olub, kimisi təzəcə gəlib, amma hamısı eyni duyğunu paylaşır: buranı görmək, burada olmaq sevinc, qayıdış və bütövlük hissidir. Şəhər təkcə məkan deyil, doğmalıq, qürur və illərin gözləntisinin gerçəkləşdiyi yerdir.
Şəhəri bərpa edən təkcə onun binaları olmur. Şəhər o zaman bərpa olunur ki, orada hər axşam çörək alıb evinə tələsənlər, səhər işə gedənlər, universitetdə təhsil alan tələbələr, ən əsası isə gələcəkdən danışanlar olsun. Bu gün Xankəndidə gördüyümüz ən vacib məqam insan axını idi. Çünki şəhəri isidən təkcə onun daşı, divarı, havası, suyu deyil. Şəhəri isidən onun doğma insanlarının, əzəli sakinlərinin nəfəsidir. Odur ki, Qarabağ həmişə bu cür işıqlı və isti qalacaq.
İctimai TV-nin "Xəbərimiz var” proqramında Xankəndidən hazırlanan reportajı təqdim edirik.
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi



































