• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Kölgə kimi görünüb, kölgə kimi yox olan sirli adam - BAKIDA - FOTO/VİDEO

Kölgə kimi görünüb, kölgə kimi yox olan sirli adam - BAKIDA - FOTO/VİDEO

Suraxanı rayonunun Hövsan qəsəbəsində daş divarla hasarlanmış, zibil tullantılarının atıldığı yarımçıq tikilinin həyətində uçuq, köhnə ticarət köşkündə heç kimin tanımadığı insan yaşayır.

Publika.az-ın məlumatına görə, o, hər gün saat 16.30-16.40 radələrində Hövsan yolu küçəsində görünür. Əynində nimdaş fəhlə paltarı və qara gödəkcə olan, uzunboy, təxminən 40-45 yaşlarında kişi iti addımlarla yarımçıq hasarla əhatə olunmuş həyətə girir. Çoxlarının tanımadığı, ərazidəki həyətyanı evlərin sakinlərinin belə varlığından məlumatsız olduğu bu naməlum şəxs divarları dağılmış, taxta parçaları, fanerlə örtülmüş köhnə köşkdə məskunlaşıb.

Marağımız güc gəldiyindən onun kimliyini öyrənmək, köşkdə gecələməsinin səbəblərini aydınlaşdırmaq üçün qeyd etdiyimiz ünvana baş çəkdik. Onun qeyri-adi hərəkətləri elə bizim müşahidə apardığımız gün də təkrarlandı. Saat 16.40-da küçədə birdən-birə peyda olan bu şəxs iti addımlarla həyətə daxil olub köşkə üz tutdu.

Bir-iki dəqiqə sonra biz də həyətə daxil olub köşkə tərəf istiqamətləndik. Yaxınlaşdıqda, gözlərimizə inanmadıq. Heç kimin tanımadığı bu naməlum insan cəmi bir dəqiqə ərzində köşkün döşəməsinə sərilmiş kartonun üzərində uzanaraq köhnə odeyala bürünüb yatmışdı. Görünür, çox yorğun idi deyə, dörd bir tərəfi deşik-deşik olan köşkə dolan soyuq payız küləyi vecinə deyildi.

İki cüt köhnə ayaqqabı, köhnə, tozlu odeyal bu naməlum insanın maddi imkansızlığını, həyatın sərt üzü ilə baş-başa qaldığını göstərirdi.

Bir neçə dəfə səsləsək də, oyada bilmədik. Bu müəmmalı insanı söhbətə cəlb etmək istəsək də, səylərimiz nəticə vermədi.

Məlum oldu ki, bu sirli insanı yalnız ərazidə yaşayan Vüqar adlı şəxs tanıyır. Daha doğrusu, onun keçmişinə az-çox bələddir. Vüqar hamıdan qaçan, soyuq payız küləyinin silkələdiyi köhnə köşkü özünə məskən seçmiş bu şəxsi tanıdığını dedi: “Qiyabi tanıyıram, deyəsən, adı Mehmandır. Heç kimlə danışmır, ünsiyyət qurmur. Sakit adamdır. Əvvəllər hərdən küçədə salamlaşır, hal-əhval tutardıq. Küçələrdə gəzir, iş axtarırdı.

Üst-başı nimdaş və tozlu olduğuna görə uşaqlar ona söz atır, gənclər sataşırdı. Yayda buradakı oturacaqların üstündə gecələyirdi. Deyəsən ailəsi, qohumları hansısa rayonda yaşayır.

Əvvəllər hansısa telekanalda mühafizəçi işləyirdi. Həmişə əynində mühafizəçi forması olurdu. Sonra ixtisarlar olduğundan, işdən çıxarılıb. Buna görə də bir müddət işsiz qaldı. Həmin səbəbdən də ruhdan düşüb, passivləşib, hamıdan qaçır. İndi hardasa fəhləlik edir. Həmişə üst-başı tozlu olur. Bəlkə də qazancı az olduğundan, ev kirayələyə bilmir. Axşamüstü gəlib köşkün içində yatır. Elə gəlir ki, heç görən də olmur. Sübh tezdən -saat 5-də isə durub harasa gedir. Onun burda yatmasından çoxlarının xəbəri yoxdur. Çünki səs-küylü adam deyil. Çox sakit insandır. İçki içmir, papiros çəkmir. Soyuq olsa da, gecələr heç nə yandırmır”.

Anar Tağıyev

Fotolar müəllifindir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR