Müəllimə sillə vuran məktəb direktoru işdən qovuldu
Bizi izləyin

Qırmızı.az

Müəllimə sillə vuran məktəb direktoru işdən qovuldu

Tutduqları vəzifələrində yol verdikləri nöqsanlara görə Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin direktoru Mənsurə Gülağa qızı Şahverənova tutduğu vəzifədən azad edilib, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş İman oğlu Kazımova töhmət verilib.

Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, M.Şahverənova məktəbə rəhbərlik və nəzarətdə, mövcud normativ hüquqi aktların tələblərinin icrasında ciddi nöqsanlara yol verərək vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilib.

“Vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməyərək rayonun ümumtəhsil məktəblərinə nəzarət və rəhbərliyi zəif təşkil etdiyinə görə Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş İman oğlu Kazımova “Dövlət qulluğu haqqında” Qanunun 25.2.1-ci maddəsinə əsasən töhmət verilib”.

Məlumatda bildirilib ki, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri B.Kazımova rayonun Ovçubərə kənd tam orta məktəbinin direktor müavinləri A.İmanov və L.İbrahimovanın mövcud nomenklatur qaydalara və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tutduqları vəzifədən azad olunmalarının təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, Ovçubərə kənd orta məktəbinin direktoru M.Şahverənovnın bir müddət əvvəl 17 ildir hərbi hazırlıq müəllimi kimi çalışan Əmirov Qalabəy Tomar oğlunu sillələməsi barədə sosial şəbəkədə video material yayılmışdı. Bundan başqa, həmin direktorun məktəb idarəçiliyində pozuntulara yol verməsi barədə məktəb müəllimləri tərəfindən dəfələrlə mətbuata müraciət edilmişdi.

Aparılan araşdırmalardan sonra direktora töhmət verilsə də, o, yenidən qanunsuz hərəkətlərini təkrarlamışdı.

Biləsuvar Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovun isə müxtəlif vaxtlarda rayon məktəblərinə verilən inventarlara ayrılan pulu mənimsəməsi, həmçinin qeyri-qanuni yolla məktəblərə müəllim cəlb etməsi barədə də saytımıza şikayətlər daxil olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm