Azərbaycanın bu yaşayış məntəqələri təhlükədə! - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın bu yaşayış məntəqələri təhlükədə! - XƏBƏRDARLIQ

Dağ çayları ətrafındakı yaşayış məntəqələri üçün daşqın və sel təhlükəsi var.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O bildirib ki, hazırda respublika ərazisində bir çox dağ çaylarında gursululuq dövrüdür. Lakin sel yaranma pikini keçib: "Bununla yanaşı təhlükənin sovuşmadığını deyə bilərik. Cənub yamacda çaylarında sel təhlükəsi qalmaqdadır. Xüsusilə, Kişçay, Şinçay, Dəmiraparançay, Göyçay və Girdimançay, həmçinin Böyük Qafqazın şimal-şərq yamacı - Qusarçay, Qudyalçay, Qaraçayda sel gözləniləndir. Yəni bu çaylarda sel üçün material – süxurlar və su var. Bu həftə və ya 10 gün ərzində leysan yağışlar olsa, bu çaylarda selə keçən daşqın ehtimalı var. Lənkəranın kiçik dağ çaylarında da bu təhlükə gözləniləndir".

E.Əlizadə onu da vurğulayıb ki, bu çaylarda baş verə biləcək sel və daşqın ətraflardakı yaşayış məntəqələri üçün təhlükəlidir: "Sonuncu dəfə Kişçayda baş verən daşqın ətraf yolları və körpünü dağıtmışdı. Hazırda çayın üzərində böyük bir körpü tikilir, lakin təhlükə qalmaqdadır. Ümumiyyətlə, dağətəyi yaşayış məntəqələrinin həm daşqın, həm də seldən zərər çəkməsi təhlükəsi var".

E.Əlizadə bildirib ki, sentyabr-oktyabr aylarında dağçaylarında sel keçmə təhlükəsini gözləmək olar. Sonrakı aylarda isə bu çaylarda daşqın gözlənilə bilər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilib ki, sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm