Şəhid ailələrinin sosial problemləri müzakirə olundu - FOTO
Bizi izləyin

Qırmızı.az

Şəhid ailələrinin sosial problemləri müzakirə olundu - FOTO

Qadın Konsensus Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsi çərçivəsində aprelin 27-də növbəti dəyirmi masa təşkil edib.

Publika.az-ın məlumatına görə, budəfəki dəyirmi masada da şəhid ailələrinin, qazilərin sosial problemləri, onların çözüm yolları müzakirə olunub, mühüm təkliflər səsləndirilib.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə, politoloq, professor Qabil Hüseynli, politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov, Ağ Partiyanın sədri, şəhid Teymur Abbaslının qardaşı Tural Abbaslı, YAP nümayəndəsi Ramiz Yusubov, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, “Sabahinfo.az” saytının redaktoru Ədil Ədilzadə, “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov, eyni zamanda media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qadın Konsensus Mərkəzinin sədri, “Teleqraf Media Holdinq”in rəhbəri Aynur Camalqızı tədbirin mahiyyəti barədə məlumat verib və bildirib ki, mərkəz şəhid ailələrinin sosial problemləri ilə bağlı davamlı olaraq layihələr həyata keçirir.

A.Camalqızı qeyd edib ki, problemləri media üzərindən işıqlandırmaq nöqteyi-nəzərindən bu cür müzakirələrin keçirilməsinə çox böyük ehtiyac var: “Bu, Qadın Konsensus Mərkəzinin şəhid ailələrinin sosial problemlərinin öyrənilməsi yönündə həyata keçirdiyimiz layihə çərçivəsində ikinci dəyirmi masasıdır. Birinci müzakirəmizdə millət vəkilləri, şəhid ailələrinin üzvləri ilə birlikdə aktual və çox maraqlı məqamlara toxunduq, ölkə əhalisinin ən həssas təbəqəsi olan bu ailələrin, qazilərimizin problemlərinin həllinə dair müzakirələrimiz oldu. Biz müzakirələri təkliflər şəklində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), həm də Milli Məclisin müvafiq komitələrinə, eyni zamanda digər aidiyyəti qurumlara təqdim edəcəyik. Həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinə də son olaraq hesabat kimi gördüyümüz işləri təqdim edəcəyik. Bu gün də eyni məsələlərin müzakirəsini təşkil edəcəyik və diqqətdən kənarda qalan məsələlərə toxunacağıq”.

Politoloq, professor Qabil Hüseynli bildirib ki, şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının problemləri bu gün cəmiyyətimizin ən həssas və düşünülməsi lazım olan əsas məsələlərdəndir: “Mövzu çox aktualdır. Biz 44 günlük böyük müharibədən zəfərlə çıxdıq, torpaqlarımızı düşməndən azad etdik, ərazi bütövlüyümüzü təmin etdik. Ancaq bundan sonra bizə bir sıra problemlər miras qalıb. Bu problemlərin həll edilməsində də QHT-lər, ictimai birliklər yaxından iştirak edirlər. Qadın Konsensus Mərkəzi də əminəm ki, bu işdə öndə gedən təşkilatlardandır və çox aktual problemləri qaldırmaqdadır. Bu gün həm şəhidlərimizin ruhu, həm də qazilərimizin qarşısında çox böyük vəfa borcumuz var. Onlar həqiqətən də Azərbaycan xalqının başını uca etdilər, xalqımızı tarixə möhkəm hərflərlə həkk etdilər. Bu gün ictimai birlik xətti ilə belə bir tədbirin keçirilməsi həmin insanlara qiymət verilməsini göstərir. Şəhid ailələri ilə bağlı problemlərin aktuallaşdırılmasında, cəmiyyətdə ictimai fikrə çevrilməsində, həllini gözləyən məqamların qabardılmasında Teleqraf Media Qrupu mühüm rol oynayır. Bu ictimai birlik də qarşıya qoyulan problemin təkcə populyarlaşdırılmasında deyil, həm də dövlətin müvafiq strukturları ilə əlaqələrin yaradılmasında vacib rol oynayacaq. Burada səsləndirilən təkliflər aidiyyəti qurumlara təqdim olunacaq. Bu, çox böyük prinsipial əhəmiyyətə malikdir.

Biz bütün qazilərin problemlərini tam həll edə bilməmişik. Hələ də ciddi dəstəyə ehtiyacı olan qazilərimiz, şəhid ailələri var. Qadın Konsensus Mərkəzi bundan sonra da doğma Vətənimizi qarış-qarış gəzərək bu həssas ailələrin dərdlərini dinləyəcək və təklifləri müvafiq orqanlara çatdıraraq həllinə nail nail olacaq. Bu qapı hər zaman onların üzünə açıq olacaq. Əminəm ki, günümüzün diktə etdiyi məsələləri yaxından öyrənərək, qürur mənbəyimiz olan insanların problemlərinin həll edilməsində bundan sonra da daha aktiv iştirak edəcəksiniz”.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov şəhid ailələrinin sosial problemlərinin həll edilməsinin bu gün prioritet məsələlərdən biri olduğunu söyləyib: “Qadın Konsensus Mərkəzi böyük və məsuliyyətli yükü öz üzərinə götürüb. Bununla bağlı cəmiyyətdə böyük gözləntilər var. Mən də vaxtaşırı şəhid ailələri ilə görüşürəm. Bəzən elə problemlər olur ki, onlar bunu dilə gətirməyə çəkinirlər, utanırlar. Buna görə də şəhid ailələri ilə, qazilərimizlə daim maraqlanmaq lazımdır, onlar bu cür sosial problemlərlə yaşamamalıdırlar. Onlar böyük ümid içərisindədirlər ki, kimsə onların qapısının döyəcək, dərdini dinləyəcək. Burada bu problemlərin həll olunması üçün təkliflər səsləndirə biləcək insanlar toplaşıb, hansı ki, onlar həmin məsələlərə yaxın olan şəxslərdir. Biz həm problemlərin həlli yollarını müzakirə etməliyik, həm də önəmli təkliflər verməliyik. Müraciətlərin sayı kifayət qədər çoxdur. Ona görə də Qadın Konsensus Mərkəzi kimi təşkilatlar dövlətə bu məsələdə kömək edə bilərlər. Önəmli tövsiyələr verməklə dövlətin yanında ola bilərik. Müxtəlif formada dövlətin həyata keçirdiyi bu siyasətə dəstək olmaq üçün hər kəs əlindən gələni etməlidir”.

Ağ Partiyanın sədri, şəhid Teymur Abbaslının qardaşı Tural Abbaslı diqqətə çatdırıb ki, bu gün şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların sosial, hüquqi və digər sahələrdəki problemləri çox aktualdır: “Qadın Konsensus Mərkəzinin şəhid xanımları ilə maraqlanmaq, onları dinləmək baxımından rolu böyükdür. Bu məsələlər kifayət qədər problemlidir və həllini gözləyən məsələlər var. Burada istər hüquqi bazada, istər məmurların bu məsələlərə yanaşmasında, istərsə də hər bir şəhid ailəsinin probleminə spesifik yanaşmada problemlər var və bunların həlli istiqamətində addımlar atılmalıdır. Ölkədə siyasi iradə var, ölkə başçısı bununla bağlı çıxışlar edir, sərəncamlar imzalayır. Ancaq icra mərhələsində şəhid ailələri, qazilər bürokratik mərhələlərdə ilişir və kampaniya xarakteri daşıyır. Bizə yüzlərlə şəhid ailəsi müraciət edir. Evlərlə bağlı problemlər var. Ailə var ki, onlara şəhidin məzarından uzaqda mənzil təklif olunur, ancaq bildirirlər ki, mənzilin bahalı olmasını istəmirik, təki övladımızın məzarına yaxın olsun. Bunlar spesifik problemlərdir. Qazi deyir maşın istəyirəm, ona bildirirlər ki, səndə kontuziya var, maşın sürə bilməzsən. Əlilliklə bağlı müraciət edəndə isə sağlamsan deyilir. Qanunvericilikdə bununla bağlı boşluqlar var”.

Tural Abbaslı bir neçə şəhid ailəsinin və qazilərin problemini səsləndirib: “Bir şəhidimiz var, 7 qardaş-bacı, ata və ana zirzəmidə yaşayırdı. Övladlarının acısına dözməyən ata və ana dünyasını dəyişib. Həmin bacı qardaşlar hazırda zirzəmidə yaşayır, onlara varislik verilmir və mənzil də təyin olunmur. Rus əsilli bir şəhidimizin şəhidimizin də valideynləri yoxdur, bacısı ilə birgə yaşayırmış, heç bir şəhidlik imtiyazları ona tətbiq olunmur ki, bacının hüququ yoxdur. Şəhid ailələrinə edilən yardım zamanı gəlinin şəhidin valideyni ilə birlikdə yaşayıb-yaşamadığı nəzərə alınmır. Ayrı yaşayan, birgə yaşayan, mübahisəli ailələr mövcuddur. Bu kimi real məsələlər çoxdur və həllini tapmalıdır. Bu məsələlər parlamentdə qaldırılmalıdır. Diqqət və qayğının mənəvi tərəfi ilə yanaşı, maddi tərəfləri də var. Bütün şəhid ailələrini eyni binaya, yaşayış kompeksinə toplayırlar, onlar cəmiyyətə necə adaptasiya olunacaqlar?! Oradakı uşaqların hamısının atası şəhid olub, onlar dərdlərini unuda bilməyəcəklər. Bu problemlər real şəkildə həll olunmalıdır. Eyni zamanda Birinci və İkinci Qarabağ müharibəsi şəhidi ayrı-seçkiliyi aradan qaldırılmalıdır. Bu həssas təbəqə ilə işləmək üçün hüquqi, praktiki təcrübəmiz yoxdur. Türkiyə təcrübəsindən yararlanmaq lazımdır, hazır imtiyaz paketləri, qanun layihələrini tətbiq etmək mümkündür. Yaşadığımız regionu nəzər alsaq, biz daim müdafiəyə hazır olmalıyıq. Ancaq azadlığımız və dövlətçiliyimiz uğrunda sağlamlığından, qanından, canından keçən insanlara qayğı göstərməsək cəmiyyət də laqeyd olacaq.

Partiya sədri problemlərlə bağlı təkliflər irəli sürüb: “Evin tək övladı olan çoxlu şəhidlərimiz var. Evin tək övladının döyüş bölgəsinə göndərilməsinin qarşısı alınmalıdır. Bu məsələlər kifayət qədər ciddi və dərindən araşdırılmalıdır. Hər ailənin, regionun spesifik problemləri var. Araşdırma aparandan sonra qanun layihələri hazırlanmalıdır. Bu məsələdə böyük kollektiv olmalıdır, bəlli bir maliyyə ayrılmalıdır. Bu, konseptual hala gətirilməlidir və hazırlanaraq paket halında Milli Məclisə təqdim olunmalıdır. Ailələrin əsas problemi yerində dinlənməlidir”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu vurğulayıb ki, bu kimi məsələlərdə insanlar bir birinə sevgi ilə yanaşmalıdır: “Bu problemləri demək azdır, həyata keçirmək lazımdır. Problemlərə konseptual yanaşma ortaya qoyulmalıdır. Bu işlərin kökündə dayanan xaotik vəziyyətdən bir çox hallarda mətbuatın xəbəri olmur, ictimailəşdirilmir. Biz şəhidlərin, şəhid ailələrinin simalarını qorumalıyıq. İcra hakimiyyətlərinin tərkibində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin rəhbərləri təmsil etdikləri rayonlarla bağlı siyahı tərtib etməlidirlər”.

C.Musaoğlu hesab edir ki, şəhid ailələrini maarifləndirmək lazımdır. O, bir sıra problemlərə də toxunub: “Küçələrə, məktəblərə şəhid adlarının verilməsi ilə bağlı problem yaşanır. Bütün bunlar həll olunmaldır. Şuşaya hərbçilərimizin ürəyi dırmaşdı, onlar müharibədə güllə əvəzinə ürəklərini qoydular. Burada mühit yaratmaq lazımdır. Müharibədə qəhrəman, məmur mühitində qorxaq olmaq lazım deyil. Məsələnin kökündə sadə məsələ dayanır: problemə konseptual yanaşma ortaya qoymaq lazımdır. Şəhid ailələri və övladları yanlış obrazda təqdim olunmağa başlanıb. Bu, çox təhlükəli məqamdır. Dəfələrlə görmüşük ki, şəhidin taxtadan maketini hazırlayırlar və onun qarşısında rəqs edirlər. Bu, azərbaycanlı obrazı deyil, bizə yaddır. Birinci Qarabağ müharibəsində belə bir obraz yox idi. Sosial şəbəkələr bunu çox qabardır. Dövləti, hakimiyyəti idarə etmək olur, amma əsas bu məsələdə cəmiyyəti idarə etmək lazımdır. Burada mətbuatın üzərinə böyük məsuliyyət düşür”.

Daha sonra çıxış edən Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov da öz təkliflərini səsləndirib: “Mən müharibə veteranıyam, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Təklifim ondan ibarətdir ki, jurnalistlər qazilərimizin, şəhid ailələrinin problemlərini daha çox araşdırmalıdır. Bu gün meydan bəzi dırnaqarası blogerlərə verilməməlidir, jurnalistlər qaziləri, şəhid ailələrini diqqətdə saxlamalıdır, onların problemini işıqlandırmalıdırlar. Milli mənəvi dəyərlərin təbliği deyəndə ilk növbədə mətbuat yada düşür. Digər bir təklifim isə şəhid ailələrinin və qazilərin ictimai nəqliyyatdan pulsuz istifadəsinin təmin olunması ilə bağlıdır. Bu, nəzərə alınsa, çox yaxşı olar. Digər sosial problemlər diqqətdə saxlanmalıdır. Təqdim olunan qanun layihələri Milli Məclisdə səsləndirilməlidir.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov şəhid ailələrinin və qazilərin problemlərinin həllində Türkiyə təcrübəsindən yararlanmağı təklif edib: “Burada çox ciddi problemlərə toxunuldu. Biz təkcə 44 günlük müharibəni yox, 30 illik bir müharibəni nəzərə almalıyıq. Biz qələbəmizin bünövrəsini qoyan Birinci Qarabağ müharibəsi şəhidlərinə borcluyuq. Bütün şəhidlərimizin problemi fərq qoyulmadan həll olunmalıdır. Ortada sistem məsələsi var, qardaş Türkiyədə bununla bağlı çox gözəl sistem mövcuddur və bunu tətbiq etməliyik. Təklif edirəm ki, kommunal xidmətlər şəhid ailələri və qazilər üçün pulsuz olmalıdır. Qazilər, şəhid ailələri “mənim problemim var” deyə kömək axtarmamalıdır. Bunların olamaması üçün Türkiyə təcrübəsini tətbiq etməliyik. İcra hakimiyyətləri yanında yaradılan müvafiq şöbə bu problemlərlə maraqlanmalıdır. Qazilərin intihar xəbəri yayılır, onların çoxu sosial problemlər səbəbindən intihar edir. Rayon icra hakimiyyətləri yanında yaradılan həmin şöbələr onlarla maraqlanmalıdır. Bu məsələlər daim gündəmdə saxlanmalıdır. Bu cür layihələrin sayı artmalıdır, rayonlar üzrə həyata keçiruilməlidir”.

Millət vəkili Aydın Mirzəzadə ictimai müzakirəni müsbət qiymətləndirib. O, müxtəlif fikirlər, yanaşmalar və təcrübələrə diqqət çəkib: “Bütün məsələlər həll edilsə belə, şəhid ailələri mövzusu hər zaman diqqətdə saxlanılacaq həssas bir məsələdir. Vaxtaşırı şəhid ailələri ilə həmsöhbət oluram, sonra bir neçə gün özümə gələ bilmirəm. Bu yaxınlarda bir şəhid övladı ilə həmsöhbət oldum, ancaq özü deyənə qədər atasının şəhid olduğunu bilmirdim. O, atasının cənnətdə olduğunu deyəndə, çox pis oldum. Biz onlarla maraqlanmalıyıq. Mingəçevirdə şəhid anası ilə söhbətləşdik, dərdini danışdı. Bunlar artıq maddiyyət məsələsi deyil, insanlıq məsələsidir. Hər birimiz bu mövzuda diqqətli olmalıyıq. Birinci Qarabağ müharibəsi zamanı hansısa fond və ya təcrübə yox idi. Ən yaxşı nümunəni ölkə Prezidenti və birinci xanım göstərir. Müəyyən təcrübə var və işlər görülür. Ancaq görülən işlər görüləcək işlərdən azdır. Şəhid ailələrinə daha çox diqqət, xoş münasibət lazımdır. Onlar bizə görə şəhid olublar ki, rahat yaşaya bilək. Maddiyyatla bağlı işlər görülüb, ancaq yenə də olmalıdır. Bankların bu təbəqəyə faizsiz kreditləri verməsi ilə bağlı təkliflər olmalıdır.

Şəhid övladlarının uğurlarını qabartmaq lazımdır. Nümunə digərlərini də onlara tərəf çəksin, onlar sabah həyatda əldə etdikləri uğurlu nəticə ilə atalarının ruhunu şad etsinlər. Şəhidlərlə bağlı məsələlər kampaniya halını daşımamalıdır, bu mövzu hər zaman olmalıdır, bitməməlidir. Ola bilsin ki, səlahiyyətlər bəzən nəyisə görmürlər. Ancaq bu, onların şəhid ailələrinə qarşı soyuq münasibət sərgilədiyini göstərmir. Heç kəs işini itirmək istəməz. Buna görə də onların görə bilmədiyini biz göstərək, təkliflər verək. Şəhid ailələrinə diqqətlə yanaşı, onların uğurları təqdim olunmalıdır. Belə tədbirlər tez-tez keçirilməlidir. Bu cür mövzularla bağlı daha çox layihələr dəstəklənməlidir. Çünki çatışmazlıqlar göstərilir, nələr olunur, nələr səhv olunur və digər təkliflər səsləndirilir”.

Daha sonra tədbir müzakirələrlə davam edib.

Aynur Camalqızı əlavə edib ki, media olaraq bu məsələdə jurnalistlərin üzərinə çox böyük yük və vəzifə düşür: “Hər şeyi məmurların üzərinə atmadan biz bunu işıqlandıraraq diqqəti məsələyə yönəldə bilərik. Bu, elə bir məsələdir ki, burada fərdi yanaşma olmalıdır. Problemlər çoxdur. Dövlət qurumları bu məsələdə fərdi yanaşmanı öyrənməlidir. Onlar çox vaxt pul istəmirlər, dinlənmək istəyirlər, problemlərini eşitdirmək istəyirlər. Şəhid övladları haqqında yazılar olmalıdır. Bu fikirlər Milli Məclisdə komitə iclaslarında, plenar iclasda səsləndirilsin. Haqlı olmaq həmişə ədalətli olmaq anlamına gəlmir. O insanların həssas yanaşmaya ehtiyacları var, qanunlara yenidən baxılsın, yeni müddəalar əlavə olunsun. Türkiyə modelindən bəhrələnə bilərik. Türk mediasında biz şəhid ailələri və qazilərin problemlərinə rast gəlməmişik. Çünki qanun var, bu qanun işləyir və problemi də mediaya çıxarmağa ehtiyac olmur.

Aynur Camalqızı bir sıra mühüm təkliflər səsləndirib: “Müəyyən qurumlar var ki, məbləğə qənaət edərək onu büdcəyə geri qaytardıqlarını deyirlər. Olmazmı ki, o məbləğlər şəhid ailələrinin, qazilərin probleminin həllinə yönəldilsin. Şəhidlərimizin analarının işlə təmin olunmasına diqqət yetirilməlidir. Sadəcə maddiyyat üçün yox, başlarını qatmaq, bir işlə məşğul olmaq üçün bu olmalıdır. Eyni zamanda şəhid xanımları sadəcə uşaq boyütməklə kifayətlənməsinlər deyə, işlə təmin olunmalıdırlar. Bu, dövlət sektoru ilə yanaşı, özəl sektora da tətbiq olunsun”.

Eltun İbrahimov da təklif edib ki, müharibə iştirakçılarının ali təhsil müəssisələrinə qəbulu dövlət hesabına həyata keçirilməlidir.

Aynur Camalqızı da bildirib ki, ali təhsil almaq istəyən şəhid xanımları imtahansız ali məktəblərə qəbul olunmalıdır.

Tural Abbaslı problemlərin həlli ilə bağlı öhdəlik qoyulmasının tərəfdarı olduğunu deyib.

Aydın Mirzəzadə şəhid xanımlarının və təhsil məsələsinə toxunub: “Təxminən 500-800 arası 25 yaşa qədər peşəsi olmayan şəhid xanımı var. Onlar universitetlərə olmasa da, heç olmasa kolleclərə imtahansız qəbul olunsunlar. Son dövrlər peşə məktəbləri ilə bağlı ciddi işlər gedir. Onları peşə təhsilinə cəlb etmək olar. Təklifi nə qədər çox səsləndirsək, bu, olacaq. Təqaüdlər artırılır, mənzil verilir, ancaq təkcə bununla bitmir, özlərinin öz ayaqları üzərində dayanması, cəmiyyətə inteqrasiyası önəmlidir. Qənaət olunan vəsaitlər şəhid ailələrinin sosial problemlərinin həllinə, iş yerlərinin yaradılmasına yönəldilməlidir”.

Aynur Camalqızı qeyd edib ki, qazilərə, şəhid ailələrinə fərdi yanaşma olmalıdır.

Aydın Mirzəzadə kommunal xərclərdən azad olunma ilə bağlı səsləndirilən təklifə münasibət bildirib: “Dünyada kommunal xərcdən azad olunma yoxdur. Onların haqqının şirkətə ödənilməsi var. Vaxtilə məcburi köçkünlər üçün kommunal xərclər şirkətə ödənilirdi. Sonradan onların təqaüdünə əlavə edildi. Qazi evlərinə gəlincə, Türkiyədə bu cür ev modeli var. Bizdə də bu ola bilər və Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları olaraq fərqləndirilməməlidir. Tərtər işi isə ürəkağrıdıcı bir işdir, bu, olmamalı idi. Məsələ hələ istidir, yenilənir. Yəni sonradan baxılan bir məsələdir”.

Aynur Camalqızı Tərtər işi ilə bağlı bəraət alanlara təzminatın təyin olunması təklifini qeyd edib.

Dəyirmi masa iştirakçıların səsləndirilən təklifləri və görüləcək işləri müzakirəsi ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm