“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Mayın 4-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az">Publika.az xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müsabiqədə şagirdlər yüksək bilik və əhatəli məlumata malik olduqlarını göstəriblər. Onlar arasından 30 nəfər seçilərək mükafatlandırılıb.

Tədbirdə çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin son 50 ildə istiqaməti Ulu öndərin adı və imzası ilə bağlıdır. Onun sözlərinə görə, 2004-cü ildən bəri həyata keçirilən müsabiqəyə böyük əmək sərf olunub: “Bu gənclər arasından seçim etmək elə də asan deyil və buna görə də hesab edirəm ki, müsabiqəyə qoşulan hər bir şagird qalibdir. Bu gün Azərbaycan ümumtəhsil müəssisələrinin sayı 4400-ə çatır. Ulu öndərin siyasəti dövründə 5 yeni ali təhsil müəssisəsi açılıb. Bu gün 200 mindən artıq tələbə ali təhsil pilləsi üzrə təhsil alır. Onların təxminən yarısı dövlət hesabına təhsil alır. Artıq hər il 400-ə yaxın tələbə Azərbaycanın Neft Fondu hesabına xaricdə təhsil almaq imkanı əldə edəcək. Bu gün Azərbaycan məktəbi zəfər çalmış xalqın məktəbidir. Ağdamda, Şuşada məktəblər tikilir. O cümlədən çox yaxın zamanda Cəbrayılda, Suqovuşanda Azərbaycan məktəbləri şagirdlərin istifadəsinə veriləcək”.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Heydər Əliyevin siyasətində gənclərin vətənpərvər ruhda böyüməsi və ən müasir biliklərə yiyələnməsi başlıca rol tutub: “Bu kimi tədbirlər Heydər Əliyevin xidmətlərinə böyük qiymət verilməsi ilə əlaqədardır. Müasir biliklərə yiyələnmədən vətənpərvər, layiqli vətəndaş olmaq mümkün deyil. Bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması üçün dövlət səviyyəsində lazım olan bütün şərait formalaşır və bundan sonra da bu ən mühüm vəzifələrdəndir. Gənclərdən gözləntimiz ən müasir biliklərə, vərdişlərə yiyələnib, layiqli vətəndaş olmalarıdır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi son illərdə yetişən gənclərin sayəsindədir. 2004-cü ildən etibarən keçirilən böyük layihələrdən biridir. İnanıram ki, 1 il sonra Heydər Əliyevin 100 illiyinin keçirilməsi münasibətilə daha coşğulu olacaq”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə deyib ki, Azərbaycanda elm, təhsilə diqqət Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən başlayaraq inkişaf etməyə başlayıb: “Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirib. Bu günə kimi 5 minə yaxın azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alıb. Bu gənclərin bir qismi ölkəmizə qayıdaraq dövlətimizə xidmət edib. Həmin məzunların bir hissəsi isə diaspor təşkilatlarında fəaliyyətlərini davam etdiriblər”.

Mərasimdə I yerə layiq görülmüş şagirdin təqdimatı nümayiş olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.

Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm