Media kapitanları Əli Həsənova nədən şikayətləndilər?
Bizi izləyin

Qırmızı.az

Media kapitanları Əli Həsənova nədən şikayətləndilər?

Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü keçirilib.


Publika.Az xəbər verir ki, toplantını açan MŞ sədri Əflatun Amaşov görüşün rəhbərlik etdiyi qurumun «Nazir-Redaktor dialoqu» layihəsi çərçivəsində reallaşdırdığı tədbirlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Şura müxtəlif illərdə dövlət qurumlarının təmsilçiləri ilə bu sayaq tədbirlər keçirib. Bu günkü toplantı isə mətbuatın ən mühüm problemlərindən olan yayım məsələlərinə, qəzet satışı ilə bağlı vəziyyətə həsr edilib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurasındakı görüşdən məqsədin ölkənin KİV rəhbərlərinin mediamızdakı mövcud problemlərlə bağlı təkliflərini dinləməkdən ibarət olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında bildirib ki, yayımla əlaqədar problem heç də müstəqil, iqtidaryönümlü və müxalifət qəzetlərinin üzləşdikləri ayrı-ayrı çətinlik kimi dəyərləndirilməməlidir. Bu məsələ onların hər biri üçün aktualdır. Konkret «Azərbaycan» qəzeti ilə əlaqədar rəqəmlər üzərində dayanan B.Sadıqov nəşrin yayımından çoxsaylı qayıdışın olduğunu deyib. Bu isə satış nöqtələrinin azalması ilə bağlıdır. Yollardakı köşklər götürülüb. Olan köşklər də sanki qəzet satmır. Azərbaycanın kəndlərinə isə qəzet ümumiyyətlə gedib çıxmır.

B.Sadıqov Azərbaycan dövlətinin mətbuata həmişə qayğılı münasibət göstərdiyini vurğulayıb. Mövcud istiqamətdəki konkret nümunələri sadalayaraq onları iqtidarın qəzetçiliyə, jurnalistikaya önəm verməsinin bariz nümunəsi kimi dəyərləndirib. Lakin sadalanan halların yekunu olaraq meydana çıxan durum eyni zamanda maddi sıxıntılara yol açır ki, son nəticə peşəkar jurnalist kadrların sahədən uzaqlaşmalarına səbəb olur. Bu gün qəzet öz əməkdaşına kifayət qədər əmək haqqı verə bilmirsə, sabah həmin vəziyyət ümumən söz və mətbuat azadlığı ilə bağlı məsələlərə də öz təsirini göstərəcək.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında bir müddət öncə bir neçə redaktorun ölkə prezidentinə müraciət ünvanladığını xatırladaraq sənəddə irəli sürülən məsələlərin bu günkü görüşdə müzakirəyə çıxarıldığını önə çəkib. O, əsasən nəşrlərin səyyar satışında yaranan problemi qabardıb. Bu sahədəki məhdudiyyətin rəhbərlik etdiyi qəzetin satışına mənfi təsir göstərdiyinə dair faktlar açıqlayıb. «Eurovision-2012» ərəfəsində metro stansiyalarındakı stendlərin yığışdırılması da «Yeni Müsavat»a ziyan vurub. R.Arifoğlu iqtisadi çətinliyin spesifik cəhətlərindən biri kimi reklam məsələsinə toxunub. O, reklamların KİV-lərdə bölüşdürülməsi məsələlərinin tənzimlənməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Baş redaktor həmçinin müxtəlif bölgələrdən yayım firmalarına məxsus qəzet köşklərinin yerlərinə qaytarılmasının vacibliyindən söhbət açıb.

«Azadlıq» qəzetinin baş redaktor müavini Rahim Hüseynov da əsasən reklam məsələsi üzərində dayanaraq təmsil olunduğu 8 min tirajlıq nəşrə nəyə görə reklam verilməməsinin anlaşılmaz qarşılandığını diqqətə çatdırıb. Müstəqil mətbuatın mövcudluğunun hamı tərəfindən dəyərləndirilməsinin vacibliyinə toxunan R.Hacıyev ölkənin mediadakı problemlərin aradan qaldırılması üçün iqtisadi plüralizmin mövcudluğunu vacib cəhət kimi önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı çıxışında bir neçə məqam üzərində dayanıb. O, «Reklam haqqında» Qanunda dövlət elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəanın aradan qaldırılmasının vacibliyini vurğulayıb. Baş direktor eyni zamanda hesab edib ki, medianın dövlət qurumlarının reklamlarının əldə edilməsindəki açıq tenderlərə qatılmasına müvafiq imkanlar yaradılmalıdır.

MŞ İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı dövlət elan və reklamlarının ümumi reklamların çox az qismini təşkil etdiyinə toxunaraq əsas potensial reklamçıların digər təşkilatlar olduğunu bildirib. Onun sözlərinə görə, bir çox sahələrdə inhisarçılıq mövcud olduğundan inhisar sahibləri qəzetlərə reklam verməyi düşünmürlər də. Həmin problemlər aradan qaldırılmalıdır.

«Bakinksi raboçi» qəzetinin baş redaktoru Rəhman Hacıyev eyni zamanda «1news.az» saytına da rəhbərlik etdiyini bildirərək qəzetdən fərqli olaraq saytda reklamlarının həddən artıq çoxluğunu önə çəkib. Əsas məsələ odur ki, qəzetlərə reklam verilmir. Bu isə hansısa inhisarçı fəaliyyətlə bağlı deyil, onların yayımı ilə əlaqədardır. Qəzetlər oxucuya müntəzəm şəkildə çatdırılsalar, reklam verənlər də onlara maraq göstərəcək.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Ədalət» qəzetinin təsisçisi Aqil Abbas çıxışında əsasən qəzetlərin yayım firmaları ilə münasibətlərindəki durumdan söhbət açıb.

«Super market» qəzetlər qrupunun rəhbəri Etibar Bağırov əsasən səyyar satış işinin gücləndirilməsinin vacibliyini bildirərək əldə yayımın eyni zamanda qəzetlərin təbliği baxımından da vacibliyini önə çəkib.

«Qaya» Mətbuat Yayımının rəhbəri Xanhüseyn Əliyev rəhbərlik etdiyi firmanın paytaxtdakı və eləcə də ölkənin bir sıra yerlərindəki köşklərinin götürüldüyünü xatırladıb. O, qəzet yayımında mühüm rol oynayan təşkilatın vəziyyətinin nəşrlərin satışına da mənfi təsir göstərdiyini vurğulayıb və bu durumun aradan qaldırılmasının zəruriliyini deyib.

«Xalq qəzeti»nin baş redaktoru Həsən Həsənov isə çıxışında bildirib ki, əsas məqam reklam yolu ilə qəzetlərin durumunun yaxşılaşdırılmasıdır və nəşrlərin reklamlarla təmin edilməsinin konkret mexanizminin formalaşması hər cəhətdən faydalıdır. Baş redaktor qanunvericilikdə dövlət təşkilatlarının büdcəsinin bir faizinin informasiya təbliğat məsələlərinə yönləndirilməsi prosedurunun tətbiqinin nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

PA-nın şöbə müdiri Əli Həsənov medianın problemlərinin həllinin Azərbaycan dövləti üçün prioritetliyini bildirərək bu günkü toplantıda səslənən təkliflərin ümumiləşdirilmiş formada müvafiq qurumlara çatdırılacağını deyib. O, metro stansiyalarında qəzet stendlərinin yerləşdirilməsi məsələsinin tez bir zamanda həllinin mümkünlüyünü ifadə edib. Digər məqamlarla əladəqar söz açan PA rəsmisi bildirib ki, hər bir rayon icra başçısı və ya hansısa bölgəyə məsul şəxs həmin yerin inkişafı məsələsinə müxtəlif cür yanaşır. Bəziləri hesab edirlər ki, qəzet köşkləri ümumi görünüşə xələl gətirir, bəziləri başqa cür düşünür. Hər bir halda bu kimi məsələlər müzakirələr yolu ilə həllini tapmalıdır. Haqqında söhbət açılan və «Reklam haqqında» Qanunda dəyişikliyin nəzərdə tutulması ilə əlaqədar təklifə gəlincə, Ə.Həsənov da hesab edib ki, dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər. O, Mətbuat Şurasının elan və reklamların bölüşdürülməsi ilə bağlı Türkiyə təcrübəsini öyrəndiyini və bununla bağlı məsələlərə Azərbaycan dövlətinin də dəstək verdiyini bildirərək mövcud istiqamətdə ayrıca qurumun formalaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb.

Bütün dünyada qəzetlərin satışdan çox reklamlardan gəlir əldə etdiyindən söhbət açan Ə.Həsənovun sözlərinə görə, əgər Azərbaycanın KİV-ləri bu axara düşə bilsələr, onlar üçün məhsullarının satışı o qədər də önəm daşımayacaq. Şöbə müdiri hazırkı dövrdə internet nəşrlərin ənənəvi medianı sıxışdırması ilə bağlı tendensiyanın aktual səciyyə daşıdığından söz açaraq bunu həm də texnoloji hadisə kimi dəyərləndirib. O, ölkə KİV-lərini vəziyyətlə ayaqlaşmağa, daha çox özlərinin internet resurslarını təkmilləşdirməyə çağırıb.

Azərbaycan dövlətinin, şəxsən prezident İlham Əliyev cənablarının hər zaman mətbuatın problemlərinə həssas yanaşdığını deyib. PA rəsmisi özünün də hər zaman medianın üzləşdiyi çətinliklərin həllinə çalışdığını bildirib. O, buna görə də mətbuata gileyini söyləmək haqqına sahibliyini deyib. Bu mənada «Eurovision-2012» zamanı Azərbaycanda siyasi məhbus məsələsini qaldıran bəzi KİV-lərin eyni zamanda Xocalı və Qarabağ həqiqətlərini də tirajlayan məlumatlar verməsinin zəruriliyini vurğulayıb. Bunun müşahidə edilməməsindən təəssüfünü ifadə edib.

Görüşün sonunda belə qərara gəlinib ki, Mətbuat Şurası səslənən təklifləri ümumiləşdirsin və KİV təmsilçiləri adından dövlət rəhbərliyinə müvafiq müraciət ünvanlansın.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm