Qırmızı.az
Suriyadan “qayıdan” azərbaycanlı danışdı: “Başımın kəsilməsinə razı olardım...” – ÖZƏL MÜSAHİBƏ
Xaçmazın Xudat şəhərində yastı damı olan, kiçik kərpic evi işarə etdilər. O, bu evdə yaşayırdı. Sökülmüş taxta hasardan içəri boylandım - heç kim yox idi. Ağ dəmirdən kustar üsulla düzəldilmiş alaqapını döyəndə, məni ortaboylu yaşlı bir qadın qarşıladı.
“Bura Nadirgilin evidir?” deyə soruşdum. Qadın ürkək baxışlarla məni süzdü. Arxasında ağsaçlı, çox da uzun olmayan çal saqqallı adam göründü. Bu, o, olmalı idi.
Son günlər bu bölgədə Suriyadan qayıdanların olduğuna dair xəbərlər
yayılmaqdaydı. Yerli sakinlərlə söhbətimdə iki şəxsin adı
çəkilirdi. Biri Nadir Əlixanov, digəri isə Vaqif Talıbovdur. N.
Əlixanovun hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi,
hətta sərhəddə saxlanılıb bir müddət sorğu-suala tutulduğu
xəbərləri də var. Deyilənlərə görə, Nadir Əlixanov ailəsi ilə
birlikdə Suriyaya gedib və 6 aydan sonra yenidən geri qayıdıb. Onun
öz ətrafındakı insanlara belə dediyi, Suriyada “TSK” silahından
necə istifadə etdiyi haqda danışdığına dair də məlumatlar var.
Hətta anası oğlu ilə “Skayp”da danışarkən silah səsləri eşitdiyini
də deyib və öz oğlu haqda hüquq-mühafizə orqanlarına məlumat verib.
Bununla yanaşı, N. Əlixanovun qardaşı Sərxan Əlixanovun da Suriyaya
getdiyi, hazırda bu ölkədəki radikal qruplaşmaların birində
döyüşdüyü haqda məlumat almışdım.
Ana-oğul qarşımda dayanıb mənə baxırdılar. Nə gizlədim,
danışacaqlarına heç də ümidli deyildim, hətta Suriyada izlədiyimiz
hadisələr fonunda bir qədər qorxurdum da. Anası “Səni kimsə
göndərib?” deyə şübhəli tərzdə baxdı. Özümü təqdim edəndən
sonra içəri dəvət etmələri məni bir qədər sakitləşdirdi.
- Suriyada vəziyyət necədir?
Deyəsən, pis başlamışdım. İronik təbəssümdən sonra N. Əlixanov
“Gəlin, hər şeyi danışacam” dedi.
- Siz Suriyada idinizmi?
- Xeyr, Türkiyədə idim. Amma camaat şayiələr yayır.
- Yəni belə xəbərlər niyə ortaya çıxır?
- Burdan kim Türkiyəyə gedirsə, o dəqiqə “Suriyadadır” deyə
danışırlar.
- Bu, nədən irəli gəlir, niyə başqaları yox, siz gedəndə
belə şayiələr yayılır?
- Düz deyirsən. Məsələn, sənin özün Türkiyəyə gedib 10 il yaşaya
bilərsən, geri qayıdanda heç kim sənə bir kəlmə də söz deməyəcək.
Amma bizimkilərdən biri gedən kimi bu şayiələr ortaya çıxır.
- Türkiyəyə nə üçün getmişdiniz?
- İş üçün.
- Niyə məhz Türkiyəyə?
- Rusiyaya da gedə bilərdim. Amma Türkiyəni özüm seçdim. Çünki bu
ölkədə dinimi daha azad şəkildə yerinə yetirə biləcəyimi düşünürəm.
Həyat yoldaşım istədiyi formada paltar geyə bilər. Rusiyada örtüklü
qadın görəndə o dəqiqə şübhələnirlər. Yaxud mənim üzümə baxan kimi
biləcəklər ki, miqrantam. O da əlavə problem yaradacaqdı.
- Bəs niyə geri qayıtdınız?
- Mən ailəm və uşaqlarımla birlikdə Türkiyədə 6 ay qaldım. Orda bir
adam var idi. Onun evində kirayə qalırdım, həm də onun atasının
sexində işləyirdim. Günümə 30-35 lirə (Türkiyənin pul vahidi - red)
pul qazanırdım. Son iki ayda işlər çətinləşdi və məcbur olub geri
qayıtdım. Yanına getdiyim adam qalmağım üçün çox israr etdi, amma
başqasının evində qalıb, onun kisəsindən yemək doğru deyil. Ona
görə də gəldim.
- Və geri qayıdanda Suriyada olduğunuza dair xəbərlərlə
qarşılaşdınız?
- Mən Suriyaya getməyimlə bağlı birinci dəfə sərhəddə eşitdim.
Polis məni saxladı. Mənim haqqımda, hətta balaca uşaqlarım haqqında
təhlükəli şəxs kimi arayış çıxardı. Mənə dedilər ki, Bakı Şəhər Baş
Polis İdarəsi sənin haqqında axtarış verib. Sonra Qazax polis rəisi
uşaqlar və ailəm haqda təhlükəli şəxs kimi arayış çıxarıldığını
biləndə əsəbiləşdi. Dedi ki, məsələ səninlədir, ailənlə yox. Ailəni
yola sal. Dedim pulum yoxdur, gecə ilə necə yola salım? Mən
müvəqqəti saxlanma məntəqəsində bir gecə qaldım, ailəm də çöldə
daşın üstündə oturub gözlədi. Sonra məni hüquq-mühafizə orqanları
danışdırdı. Daha sonra evə buraxdılar. İndi də nəzarətdə olduğumu
bilirəm.
- Maraqlıdır, nə üçün siz nəzarətdəsiniz? Yəni nəsə olmadan
kimisə nəzarət altına almazlar axı...
- Bilmirəm. Bizim haqqımızda belə düşünürlər.
- Amma ananız sizin haqqınızda polisə məlumat
verib.
Anası sözə qarışır: “Mən o biri oğlum haqqında polisə məlumat vermişəm”.
- Sərxan haqda?
- Bəli.
- Nə üçün?
- O, evdən məndən xəbərsiz getmişdi. Eşitdim ki,
Mahaçqaladadır. Yalama sərhəd məntəqəsinə getdim. Onda ora hələ
yanmamışdı. Öyrənmək istəyirdim ki, belə bir adam o tərəfə, ya bu
tərəfə keçib-keçməyib. Mənə dedilər ki, yalnız polis tərəfindən
müraciət olunandan sonra məlumat verə bilərik. Mən də Xudat
polisinə ərizə ilə müraciət etdim. Sonra Sərxan özü zəng elədi ki,
Moskvadayam. Başqa millətdən olan bir qızla evlənmişəm.
Üzümü yenidən Nadir Əlixanova tuturam.
- Qardaşınız hardadır?
- Dəqiq bilmirəm.
- Onun da Suriyada olduğu deyilir.
- Xeyr, o da şayiədir. Sərxan Rusiyadadır, orda evlənib
yaşayır ,- anası yenidən cavab verir.
- Yəni Suriyada deyil?
- Xeyr, Suriyada deyil, Sadəcə olaraq, əvvəllər bir neçə dəfə zəng
edərək, Moskvada olduğunu deyib. Amma son vaxtlar xəbərimiz yoxdur,
zəng də etmir.
- Sərxan da namaz qılırdı?
- Bəli, eyni əqidədəyik.
- Siz Türkiyədə olduğunuzu deyirsiniz. Gedərkən evdəkilərə
xəbər vermişdinizmi?
- Xeyr.
- Nəyə görə?
- Əslində Suriyada olduğum haqda xəbərlər də buna görə ortaya
çıxdı. Əgər anama desəydim, o da Suriyaya getdiyimi düşünəcəkdi.
Dediyim kimi, bizdən olanlar Türkiyəyə gedəndə hər kəs oradan
Suriyaya keçdiyimizi düşünür. Anam da əvvəldən mənimlə eyni fikirdə
olsaydı, ona gedərkən deyərdim. Bu hadisələr də yaşanmazdı.
- Qayıdandan sonra cəmiyyətin, qonşuların sizə münasibəti
dəyişibmi?
- Xeyr. Amma kimsə, nəsə deyəndə mən fikir vermirəm. Özüm ustayam,
amma iş yoxdur. Hətta ailəmi dolandırmaq üçün çobanlıq da etməyə
hazıram.
- Yəni mən belə başa düşdüm ki, siz Suriyaya
getməmisiniz?
- Xeyr, mən Suriyaya getməmişəm. Suriyaya getsəydim, ölkəyə necə
qayıda bilərdim? Yaxud əgər getsəydim, ölkəyə qayıdandan sonra məni
25 illik həbs cəzası gözlədiyini bilə-bilə niyə qayıdardım? Hansı
ki, mən heç vaxt həbsxanaya düşmək istəmirəm. Çünki mən həbsxanada
dinimə lazımi şəkildə əməl edə bilmərəm. Əgər dinimə əməl edə
bilmirəmsə, getdiyim yerdə daşların üstündə yatmağa, hətta başımın
kəsilməsinə razı olardım.
- Belə iddialar var ki, siz qayıdandan sonra
ətrafınızdakılara Suriyada olduğunuzu demisiniz. Ordakı vəziyyətdən
danışaraq “TSK” və müxtəlif silahlardan istifadə etdiyinizi
bildirmisiniz.
- (Gülür). Belə şey olmayıb.
- Bəs, ananızın sizinlə “Skayp”la danışarkən avtomat
səsləri eşitdiyini qonşulara dediyi haqda da xəbərlər
var.
Anasına baxır.
- Bunlar hamısı şayiələrdir. Mənim oğlum Türkiyəyə işləməyə
gedib. Sadəcə olaraq, mənə xəbər vermədən getdiyi üçün narahat
olmuşam, - deyə anası bildirir.
- Amma istər-istəməz sizin ananıza xəbər vermədən
getməyiniz şübhələr oyadır.
- Dedim axı. Mən haqqımda “Suriyaya gedib” deməsinlər deyə xəbər
etməmişəm.
- Amma fakt budur ki, deyirlər.
- Bəli, yayılıb.
- Vaqif Talıbovu tanıyırsınımzı?
- Bəli tanıyıram. Bizimlə eyni əqidədəndir.
- Onun da Suriyaya gedib, geri döndüyü
deyilir.
- Mən gələndən sonra onu görməmişəm.
- Sizin əqidəniz əhli-sünnədir?
- Bəli.
- Amma Xudatın əhli-sünnə camaatı sizin xəvvaric
olduğunuzu deyirlər. Ümumiyyətlə, onlarla niyə münasibətləriniz
yoxdur?
- Biz əhli-sünnəyik. Yəni peyğəmbərin (s.ə.s) yolunu davam
etdiririk. Onlar bizi qəbul etmirlər. Bizə başqa gözlə baxır,
haqqımızda bəzən şayiələr yayırlar.
- Siz də əhli-sünnəsinizsə, aranızda bu cür münasibət nədən
yaranır?
- Bilmirəm, onların bizə niyə belə yanaşdıqlarını özləri yaxşı
bilərlər. Amma biz onları qəbul etmirik. Biz Allahı, onun Rəsulunu
qəbul edirik. Məsələn, onlar üzərində halal yazılmış kolbasa,
mağazadan alınmış toyuq ətini yeyir. Biz bunları haram sayırıq.
- Onda Azərbaycanda əhli-sünnənin imamı sayılan Qamət
Süleymanovu da qəbul etmirsiniz?
- Xeyr, biz onu da qəbul etmirik. Qamətgil islam adından fətva verə
bilməzlər. Mən Allahın kitabına, hədislərə baxıram və dünyada islam
alimi kimi tanınmış şəxsləri dinləyirəm. Qamət Süleymanovu biz
tanımırıq.
- Əlixan Musayeva münasibətiniz necədir?
- O, Qamətlə qarşıdurmadadır. Onlar bir-birini qəbul edə bilmir,
bizə necə dindən danışa bilərlər?!
- Tanıdığınız yoldaşlarınızdan Suriyaya gedənlər
olubmu?
- Mənim bu barədə heç bir xəbərim yoxdur.
- Deyirlər, qonşuluğunuzdan sizinlə eyni əqidədə
olanlardan bir nəfər bir müddət əvvəl Suriyaya gedib və ordakı
döyüşlərdə öldürülüb.
- Mənim bildiyim elə bir şəxs olmayıb.
- Siz radikalsınızmı?
- Nəyə qarşı?
- Digər dini təriqətlərə qarşı. Misal üçün, elə şiələri
götürək.
- Xeyr. İllərdir qonşuluqda yaşayan şiələr var, aramızda heç vaxt
problem olmayıb. Sadəcə olaraq, onların yolunu qəbul etmirik. Onlar
canamaz, möhürlə namaz qılırlar. Amma Allah Yer üzünü pak
yaratdığını deyir. Yəni bu dəqiqə qalxıb bu torpağın üstündə namaz
qıla bilərəm (əli ilə həyətlərindəki çəmənliyi
göstərir).
- Cihada münasibətiniz necədir?
- Cihad həmişə var. Bu, Allahın yoludur. Lakin cihadın da
müxtəlif yolları var. Var nəfsinlə cihad, var düşmənlə. Bu gün
xristianlar, ermənilər üstümüzə hücum edərsə, onun qarşısında
dayanıb baxmayacağıq ki? Cihad cənnət deməkdir. Düşmənlə mübarizə
aparıb şəhid olmaq cənnətə gedən ən qısa yoldur.
- Suriyada baş verənlərə münasibətiniz
necədir?
- Suriyada hər şey qarışıqdır. Müsəlman müsəlmanı qırır, mən bunu
necə qəbul edə bilərəm? Bilinmir kim-kiminlə vuruşur. Bu gün
Əl-Qaidədən də güclü məşhur İŞİD təşkilatı var. Ondan başqa
müxtəlif qruplaşmalar fəaliyyət göstərir. Hər kəs də bir-birinə
qarşıdır.
- Yəni bu, cihad deyil?
- Xeyr. Əgər orda həqiqətən də Allahın yolu olsaydı, hər şey aydın
şəkildə bəlli olsaydı, bunu cihad adlandırmaq olardı. Lakin hər şey
tamam başqa cürdür.
- Əgər dediyiniz formada olsaydı, Suriyaya
gedərdinizmi?
- Xeyr.
- Amma cihadı qəbul etdiyinizi dediniz?
- Mən cihaddan qorxuram. Əgər qorxu varsa, heç nə məcbur ola
bilməz. Bu gün xəstəsənsə, oruc tutmaya, kasıbsansa, zəkat verməyə,
yaxud imkanın yoxdursa, Kəbəyə getməyə bilərsən. Təkcə namazdan
başqa. Qorxursansa, cihada getməyə bilərsən. Mənim üçün cihad
övladlarımı əsl İslam əxlaqı ilə böyütməkdir. Yeganə arzum
budur.
- Namaza nə vaxt gəlmisiniz?
- 2006-cı ildən.
- Bu necə baş verdi?
- Allah hər kəsə bir vaxt hidayət verir. Allahın hidayəti ilə mən
də namaza o vaxt gəlmişəm.
Söhbətimizi başa vuranda sonda yenə soruşdum:
“Suriyanı heç görməmisiniz?”
Adam başını aşağı salıb daha heç nə demədi, bircə sözdən başqa: “Allah sənə də hidayət versin”.
P.S. Nadir Əlixanov heç bir foto və ya videogörüntünün
çəkilməsinə icazə vermədi. Nə qədər israr etsəm də, “Bu, bizim
əqidəmizə ziddir” deyərək razı olmadı. Yalnız N. Əlixanovun
yaşadığı kəndin, evlərinə aparan yolların fotosunu çəkə
bildik...
Asif Nərimanlı
Bakı-Xudat-Bakı
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu