Qadağan edilən giriş, biletsiz kassa və fərqli qiymətlər - Bakı avtovağzalından REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Qadağan edilən giriş, biletsiz kassa və fərqli qiymətlər - Bakı avtovağzalından REPORTAJ

- Ayaqqabılardan qalmadı. 40 manatlıq ayaqqabı 10 manata. Mağaza bağlanır. Beləsini heç yerdə tapa bilməzsiniz.

- Bu ayaqqabının 38 razmerini verin də.

- Bu dəqiqə.

Bu dialoq paytaxtın hansısa tanınmış ticarət mərkəzində yaşanmır. Heç bizim məqsədimiz də ticarət mərkəzləri, satış obyektlərində qiymət məsələsini gündəmə gətirmək deyil. Bura avtovağzaldır və bizim də bura gəlmə səbəbimiz tam fərqlidir. Yazını bu dialoqla başlamağımızın səbəbini bir az səbir etsəniz, biləcəksiniz.

Avtovağzalın dərdi...

Avtovağzalın fəaliyyətə başlaması ilə “20 Yanvar”metrostansiyası ətrafında avtomobil sıxlığının aradan qaldırılacağı gözlənilirdi. Amma gözlənilən olmadı. Nəinki sıxlıq azaldı, əksinə, indi günün istənilən saatında avtovağzal yolundan keçmək üçün adama peyğəmbər səbri lazımdır desək, yanılmarıq. Hələ mən həmin ərazidə asfalt yol örtüyünün tez-tez təmirə bağlanmasını demirəm. Həmin ərəfədə vəziyyət daha da qəlizləşir.

Bunlar avtovağzal istiqamətində hərəkət edən insanların yaşadıqları və kənardan görünən problemdir. Amma avtovağzalın problemləri bununla bitmir.

Oradakı problemləri görmək üçün avtovağzalın özünə baş çəkmək kifayətdir.

“20 yanvar” metrosundan avtobusa minib avtovağzala yollanırıq. Hələ bu vaxta qədər avtovağzalın nə üçün iki girişli olmasını anlaya bilməsəm də, onların birindən içəri daxil oluram. Avtovağzalda anlaşılmayan daha bir məqam avtobusların yanına qalxmaq üçün nəzərdə tutulmuş pilləkənlərin qarşısına çəkilən səddir. Axı bu pilləkənlərin məqsədi sərnişinlərin avtobuslara çatması üçündürsə, nə üçün onların qapısı kilidlə bağlanıb?

Düzdür, bəzi sərnişinlər avtobus yolu ilə yuxarı qalxırlar. Bu isə həyat üçün təhlükəlidir. Həmçinin məlumdur ki, rayonlara gedənlərin yükləri ağır olur. Ağır yüklə bu yolu qalxmaq asan deyil. Alternativ yol isə avtovağzal yarandığı gündən burada fəaliyyət göstərən ticarət mərkəzindən keçir. Avtovağzala daxil olmaq üçün dəmir keçidin üzərindən keçib sanki gəmi göyərtəsinə daxil oluruq. Buradan axına qoşulub avtobusların yanına qalxırıq. Qeyd edim ki, bu yolu qalxmaq üçün heç bir eskalator nəzərdə tutulmayıb.

Sərnişinlərlə söhbətimizdən bəlli olur ki, onlar vəziyyətdən heç də xoşhal deyil. Azyaşlı uşağı olanların vəziyyəti daha çətin idi. Bilmirlər ki, çantalarını, yoxsa uşaqlarını daşısınlar. Bu arada yolumuzu ticarət mərkəzindən salıb buradakı vəziyyətlə maraqlandıq.

Bir az da ticarətdən...

Qeyd edim ki, bizim kimi bəzi sərnişinlər də yolüstü bu ticarət mərkəzinə baş çəkirlər. Amma ticarət mərkəzində satıcıların sayı alıcılardan dəfələrlə çox idi. İki-üç mağazadan birində bir alıcı görmək olardı. Söhbətlərindən bəlli olur ki, onlar da sərnişinlərdir və avtobus yola düşənə qədər vaxtlarını keçirmək üçün mağazalara baş çəkirlər. Artıq saat 11-ə yaxınlaşsa da, mağazaların çoxu bağlı idi. Satıcıların da əksəriyyəti bekarçılıqdan dəhlizdə gəzişirdilər. Burada ərzaq mallarının qiyməti isə digər yerlərdəkindən 20%-ə qədər bahadır. Geyim mallarında isə müəyyən qədər ucuzluq hiss olunurdu. Satıcılar da alış-verişdən razı deyil. Ticarət mərkəzini gəzdikdən sonra pilləkənlərlə üçüncü mərtəbəyə, avtobusların yanına qalxırıq. Qapıdan çölə çıxar-çıxmaz “Ağdaşa, Zaqatalaya, İsmayıllıya yer qalmadı” deyə qışqıran sürücülərin səsləri qulaq batırır. Yəqin ki, dünyanın heç bir ölkəsində bu cür vəziyyət müşahidə edə bilmərik. Normal ölkələrdə müştəri biletini alır, istiqamətverici lövhələri izləyib, lazım olan avtobusa yaxınlaşır.

Burada isə tamamilə başqa mənzərə ilə qarşılaşırıq. Üçüncü mərtəbədə kassa yerləri qoyulsa da, bilet satışı həyata keçirilmir. Avtovağzal əməkdaşlarından bileti haradan ala biləcəyimizi soruşuruq. Bunun üçün pilləkənlə, ya da arxa tərəfdən keçib liftlə birinci mərtəbəyə düşməyi məsləhət görürlər. Deyilənlərə əməl edib dolanbac yollardan keçib, nəhayət, kassanı tapırıq. Avtovağzalda sıxlıq olsa da, kassada növbə yoxdur. Kassirlər mürgü döyür desək, yeridir.

Kassadan qəribə cavab

- Salam, xanım.

- Salam.

- İsmayıllıya bilet almaq istəyirik.

- Ay qızım, neynirsən bileti. Onsuz da yarım saatdan bir avtobus çıxır. Yuxarı qalx, tez-tez işləyir avtobuslar.

- Anladım, xanım, bəs bileti haradan ala bilərik.

- 16-cı kassaya yaxınlaşın.

Kassaya yaxınlaşırıq.

- Salam, xanım, İsmayıllıya iki bilet lazımdır. Neçəyədir?

- Bilet 5 manat.

- Avtobus neçədə çıxacaq?

- 11 tamamda. Amma istəsəniz, yuxarı qalxa bilərsiniz. İsmayıllı avtobusları tez-tez işləyir. Bilet lazım deyil. Onsuz da pulda fərq olmur. Həm də birdən həmin avtobus gəlmədi, onda biletiniz batır.

- Necə yəni batır, geri qaytarmaq olmur?

- Olur, amma bizdə bu işlər bir az çətindir. Qaytaranda faiz tutulur. Amma yenə də özünüz bilərsiniz.

Beləliklə, satıcı xanımın məsləhəti ilə bilet almadan avtobusların yanına qalxırıq. Amma bu məqamda deməliyəm ki, avtovağzalın saytında qiymət cədvəli var. Redaksiyaya qayıtdıqdan sonra həmin cədvələ baxdım - İsmayıllıya gediş qiyməti 4 manat 16 qəpikdir. Satıcı xanım niyə bizə 5 manat dedi? Bu sualın cavabını ancaq özü bilər.

Bu, ancaq İsmayıllı ilə bağlı deyil. Məsələn, Siyəzənə gediş 2 manatdır, baxmayaraq ki, saytda qiymət bir manat 60 qəpik göstərilib. İsmayıllı avtobusunun da sürücüsü gediş haqqının 5 manat olduğunu deyir.

- Biz üç nəfər olacağıq, amma bilet almaq istəyirik.

- İstəyirsiniz alın, amma onsuz da eyni qiymətdir. İstəsəniz, mən də bilet verərəm.

Maraqlıdır, bileti sürücü verəcəksə, kassaya nə ehtiyac var?

Amma sürücünün kassadan bilet almağa çox da etiraz etməməsi ilk baxışda bizə təəccüblü gəlsə də, redaksiyada qiymət cədvəlinə nəzər salandan sonra hər şey aydın olur. Məlum olur ki, sərnişinləri sürücülər yox, elə kassada aldadırlar. Buna görə də insanlar kassaya getməkdən imtina edir. Diqqətçəkən digər məqam isə kassanın girişdə olmamasıdır. Avtovağzalın girişində xoşsəsli xanım, “kassaya getmək üçün 1-ci mərtəbəyə enin” sözlərinin əvəzinə, “outlet mallar üçün filan mərtəbəyə qalxın. Əsl fransız, italyan malları bu mağazada” sözlərini deyir.

Avtobusa minmək üçün 3-cü mərtəbəyə qalxan sərnişin yenidən birinci mərtəbəyə düşüb bilet almaq istəmir. Əlbəttə, bu, bəhanə deyil, amma kassada da bu cür aldanmağı nəzərə alsaq, bu addım da mənasız görünür. Elə fikrini öyrəndiyimiz sərnişinlərin də əksəriyyəti bilet almadığını dedi.

Sürücülərin avtovağzala ödədiyi məbləğ

Avtovağzalda problemi yalnız sərnişinlər yaşamır. Elə sürücülərin də vəziyyəti yaxşı deyil. İstər bayram, istərsə də adi günlərdə hər zaman sərnişinlərin problemlərini gündəmə gətiririk. Sürücüləri qiymət artırmaqda günahlandırırıq. Amma bu dəfə məsələyə həm də onların pəncərəsindən baxmaq istədik. Bunun üçün isə sürücülərlə söhbətləşdik. Şəki avtobusunun sürücüsü deyir ki, burada avtobus özünün olmadısa, gəlirin yaxşı olmur. Başqasının avtobusunu sürənlərin gündəlik qazancı 20 manat olur.

“Burda nə qazanırıq ki? 15 nəfərə qədər sərnişin aparan avtobuslar avtovağzal idarəsinə hər dəfə 20-25 manat civarında ödəniş etməlidir. Həm də getdiyimiz rayonda da vağzala ödəniş edirik. Orada qiymət burdakından 7-8 manat ucuzdur. Hər gün maşını girişdə yuduzdurmalıyıq. Bu məcrburidir, maşın təmiz olsa da, yuyulmalıdır. Bunun üçün də azı 9 manat veririk. Dizeli də buradakı zapravkada doldurmalıyıq. Başqa yerdə doldurmağa icazə yoxdu. Yeməkpulu da nəzərə alsaq, yazıq sürücünün qazandığı puldan özünə nə qalır ki? Həm də balaca maşınlara ancaq böyüklər dolanda icazə verirlər. Sərnişin az olsa da, yola çıxırıq. Az olanda vəziyyətimiz daha pis olur”.

Qeyd edək ki, avtovağzal idarəsinin məlumatına görə, gün ərzində (bayram günləri daxil deyil –red.) 350-400 nəqliyyat vasitəsi xəttə buraxılır, təxminən 8-9 min sərnişin daşınır. Bundan başqa, bayram günlərində nəqliyyat sayı təxminən 600-ə çatır. Bura yanacağın məhz avtovağzaldan alınması, maşınların məcburi yuduzdurulması pullarını da əlavə etsək, alınacaq rəqəmi hesablamaq çətin deyil. Həmçinin avtovağzala şəxsi avtomobili ilə daxil olanlar 1 manat yerpulu ödəyir.

Son olaraq sürücülərdən avtovağzala daxil olmaq üçün yolun nə üçün ticarət mərkəzindən keçdiyini öyrənirik. Məlum olur ki, səbəb ticarət mərkəzinə marağı artırmaqdır. Belə ki, yarandığı gündən mağaza sahiblərinə normal gəlir gətirməyən bu obyektlərdə alış-verişi ancaq bu yolla canlandırmaq olardı. Amma görünən odur ki, bu nə satıcılara, nə də sərnişinlərə xeyir gətirir.

Yazıda sadaladığımız problemlərlə bağlı suallarımıza cavab tapmaq üçün Bakı Beynəlxalq Avtovağzalın növbə rəisi Məhərrəm Abdullayevə müraciət etdik. Növbə rəisi Publika.az-ın suallarını dinlədikdən sonra cavab vermək səlahiyyətinin olmadığını bildirdi.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm