
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub.
İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin
vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada,
Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və
Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar
İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə
Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və
digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.
İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər
ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi
vəzifəsində çalışıb.
Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarət olacaq.