Bakı sakinlərinin üz tutduğu “erməni piri”nin sirri - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakı sakinlərinin üz tutduğu “erməni piri”nin sirri - FOTOLAR

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsində əsrlər əvvəl sakinlər arasında populyar olan, ermənilər tərəfindən məqsədyönlü şəkildə “erməni piri” kimi saxtalaşdırılan, əslində isə qədim Alban kilsəsi olan tarixi abidə yerləşir.

Publika.az xəbər verir ki, qədim abidənin qalıqlarının bir qismi tarixin amansız təsiri altında dağılıb. Bir qismi isə sovet rejimi dövründə baxımsızlıq səbəbindən bu vəziyyətə düşüb. Sakinlər bildirirlər ki, ermənilərin ölkəmizdə məqsədyönlü şəkildə yerləşdirilməsindən, xüsusən Buzovna qəsəbəsinə köçürülməsindən sonra tarixi abidə tədricən onlar tərəfindən özününküləşdirilib. Belə ki, ətraf ərazilərdəki mənzillərə köçən, burada ev tikən ermənilər qədim Alban kilsəsinin qalıqlarının erməni “ziyarətgahı”nın qalıqları olduğunu iddia ediblər. Həmin səbəbdən də yerli sakinlər də illər sonra yanlış olaraq tarixi abidə olan qədim Alban kilsəsini “erməni piri” adlandırmağa başlayıblar.

Buzovna sakini, ilahiyyatçı Şəhriyar Salami bildirdi ki, ermənilərin uzun illər burada apardıqları saxta təxribatın izləri hələ də qaımaqdadır. Qəsəbənin bir çox sakinləri indi də abidənin tarixindən məlumatsızdırlar: “Bir sıra sakinlər indi də buranın müqəddəs ziyarətgah olduğunu düşünürlər. Onlar nədənsə qorxmuş, həyəcan keçirmiş uşaqlarını bura gətirir, şüşələri sındıraraq yerə səpir, bununla da qorxunun azyaşlı övladlarının canından çıxacağına ümid edirlər. Belə inanc var ki, qorxu burda çıxır. Əvvəllər bura abidəni öz adlarına çıxan ermənilər gəlirdisə, indi yalnız müsəlmanlar üz tutur. Bir çoxları bura hətta corab da gətirir, bəziləri isə ancaq şüşə çiləyir. Bu, IX əsrə aid qədim Alban kilsəsi olsa da, təəssüf ki, bəziləri onu “erməni piri” adlandırırlar. Abidə baxımsızlıq üzündən belə bir vəziyyətə düşüb”.

Şəhriyar Salami qədim sovet rejiminin, xüsusən ötən əsrin 30-cu illərində Alban kilsəsinə qarşı dağıdıcı siyasət yürütdüyünü dedi: “Otuzuncu illərdən sonra abidə bu hala salınıb. Əvvəllər burada böyük zəngul olub. Lakin 1935-ci ildə zəngulu sökərək satıblar. Ermənilər buralarda məskunlaşırdılar. Abidənin baxımsızlığı kilsənin tədricən dağılmasına, divarlarının tədricən sıradan çıxmasına səbəb olub”.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev bildirdi ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2013-cü il 27 dekabrında imzalanmış sərəncamla “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrasına başlanılıb: “Bu, çox böyük dövlət proqramıdır. Tarixi abidələrlə bağlı bütün problemlər həmin proqramla mərhələli şəkildə həllini tapacaq”.

Nazirlik rəsmisi abidənin nəzarətə götürüləcəyini bildirdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm