İranda sirli və şeirli istefa
Bizi izləyin

Region

İranda sirli və şeirli istefa

İranda hakimiyyətdaxili çəkişmələrin daha bir qurbanı bəlli olub. Bir müddət əvvəl İran diplomatiyasının "yeni ulduzu" kimi təqdim edilən, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və İran arasında gərginliyin yumşalmasında, Tehranın Pekinlə yaxınlmasında müstəsna rol oynamış, İranı faktiki diplomatik mühasirədən xilas etmiş Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin istefaya getdiyi bildirilir.

İstefa, hələ ki, rəsmən elan olunmayıb, SEPAH-a yaxın nəşrlər xəbər verib. Amma Şəmxani öz tvitində istefaya işarə edən bir beyt şeir paylaşıb. I Şah Təhmasib dövründə yaşamış tanınmış farsdilli divan ədəbiyyatı şairi Möhtəşəm Kaşaninin tivitdə istiafadə olunan şahbeytində deyilir:

Pərdə arxasında deyilən və eşidilən söz
Nəhayət, rəmz və eyhamla deyildi, dinlədi və getdi...


Tvit Ali Təhlükəsizlik Şurasına yaxın "Noornews" tərəfindən qısa şərhlə dərc edilib.

Beytin məzmundan anlaşılır ki, istefa qərarı uzunmüddətli pərdəarxası mübarizənin nəticəsi olub, SEPAH-ın onu istefaya məcbur etməsinə müqavimət göstərib. Daha yuxarı postun (güman ki, Ali Dini Rəhbərin) onu eyham və rəmzlərlə "başa salmasından" sonra istefaya razı olub.

Xatırladaq ki, Ə.Şəmxani əvvəllər SEPAH-da komandan olan admiraldır. Etnik mənşəcə Əhfaz ərəbidir, dini rəhbərə yaxın şəxs sayılırdı. Bir müddət əvvəl işçilərindən biri Britaniyaya casusluq ittihamı ilə edam edilsə də, Şəmxani cəzadan qurtula bilmişdi. Hərçənd o casusluq qalmaqalını Şəmxanini "vurmaq" üçün qondarma hesab edənlər də var. SEPAH-ın indiki rəhbərliyi, İran xarici siyasətini dalana soxmuş Rəisi hökuməti və Abdullahianın xarici siaysət idarəsindəki komandası ilə anlaşılmazlıqlar yaşayırdı. Onun xarici siyasət sahəsində parlaması Ali dini rəhbərin müşaviri Əli Əkbər Vilayətini əvəzləməsi haqda da ehtimallar yaradırdı. Halbuki Şəmxani rəhbərin hərbi məsələlər üzrə müşaviri postunu tuturdu . Oman və BƏƏ vasitəsilə ABŞ-la gizli danışıqlar aparılmasının da Şəmxaniyə həvalə olduğu bəlli idi. İndi bu prosesin sonu necə olacaq? Rəsmi qərar açıqalanandan, Şəmxaninin hansı post tutacağı elan edildikdən sonra tam qənaət formalaşdırmaq mümkün olacaq.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm