Azərbaycanın ürək dərdi
Bizi izləyin

Sağlamlıq

Azərbaycanın ürək dərdi

Azərbaycanda hər il 6-8 min xəstə üzərində açıq ürək əməliyyatının aparılmasına ehtiyac olur. Ancaq bu gün 2500-3000 nəfər açıq ürək əməliyyatı oluna bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, ürək-damar cərrahı, Respublika Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Rəşad Mahmudov bu gün Mitral Qapaq Təlim Kursunda çıxış edərkən deyib.

R.Mahmudov bildirib ki, bununla yanaşı, hər il anqioplastika və yeni qansız metodlarla ən az, 10 minə yaxın xəstəyə tibbi müdaxilə olunmalıdır. Azərbaycanda isə belə müdaxilələrin aparıldığı insanların sayı 3000-3500 nəfəri keçmir.

O deyib ki, bu gün Azərbaycanda hər il ən azı 40-50 min xəstənin üzərində bütün müayinələrin aparılaraq hər hansı müdaxilənin (dərmanla və ya əməliyyatla müalicənin aparılması) aparılması lazım bilinir.
Ürək cərrahının sözlərinə görə, qadınlarla müqayisədə kişilər qazanılmış ürək qüsurlarından daha çox əziyyət çəkirlər: "Reallıq odur ki, bu gün Azərbaycanda hər bir kəs ailəsində risk faktoru olmasa belə, 40 yaşdan sonra ildə bir dəfə bütün müayinələrdən keçməlidir. Amma kiminsə özündə və ya ailəsində risk faktoru - yüksək təzyiq, şəkərli diabetdən və s. əziyyət çəkən xəstə varsa, onda belə adamlar 6 aydan bir lazımi müayinələrdən keçməlidirlər. Bu da sonrakı xoşagəlməz halların qarşısını almaq üçün çox vacibdir".

R.Mahmudov bildirib ki, qadınlar arasında qazanılmış ürək qüsurları daha çox 50 yaşdan sonra - hormonal dəyişikliklər baş verdikdən sonra artır. Çünki qadınlar üçün "qoruyucu" faktor olan qadın hormonları 50 yaşdan sonra azalır.

Azərbaycandakı tibb müəssisələrinin dünya tibb müəssisələri ilə əməkdaşlığını vacib sayan R.Mahmudov qeyd edib ki, Azərbaycanda böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə artır. Onun sözlərinə görə, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ilə mübarizə aparılır: "Bu gün Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin artmasının bir neçə səbəbi var. Tibbin imkanlarının genişlənməsi bu xəstəliklərin diaqnostikasının vaxtında qoyulmasına, bu xəstəliklərin ciddi fəsadlar vermədən aşkarlanmasına, eyni zamanda, bu xəstəliklərdən əziyyət çəkənlərin sayının nisbi olaraq artmasına səbəb olur. Unutmaq lazım deyil ki, bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada stress faktorlarının artması, hərəkətdən uzaq yaşam tərzi və getdikcə daha çox genetiki dəyişdirilmiş qidaların istifadə olunması bu xəstəliklərin artmasına gətirib çıxarır. Bu amillərin hər biri insanda metobalizmə təsir edərək bədəndə xəstəliklərin, o cümlədən ürək-damar sistemi xəstəliklərinin artmasına səbəb olur".

Mitral Qapaq Kursunun təşkilatçısı olan R.Mahmudov onu da əlavə edib ki, bu kurs son illərdə geniş yayılmış ürək-damar cərrahiyyəsinin spesifik sahəsi olan qapaq xəstəliklərinə həsr olunub. Kursda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Almaniyanın da yüksək ixtisaslı həkimləri iştirak edir. Kursda iştirak etmək üçün son yarım əsrlik tibb tarixində dünyanın ən məşhur ürək cərrahı simalarından olan Ottafio Alfieri də Bakıda səfərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm