Sosial izolyasiya tədbirlərini səngitməməliyik - İnfeksionistdən XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Sosial izolyasiya tədbirlərini səngitməməliyik - İnfeksionistdən XƏBƏRDARLIQ

"Sosial izolyasiya tədbirlərini səngitməməliyik. Çünki koronavirusdan tam canımızı qurtarmamışıq".

Bunu Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O bildirib ki, sosial izolyasiya tədbirlərinin nə dərəcə önəmli olduğunu son zamanlar daha çox görürük: "Karantin qaydalarında yumşalma prosesinin icrasına başlandıqdan sonra virusa yoluxanların sayında artım müşahidə edirik. Bu da arzuolunan hal deyil. İnfeksion xəstəliklərin qaydası belədir ki, izolyasiya qaydalarına riayət olunduqca, yayılma arealı zəifləyir. Belə olan halda bir növ həndəsi silsilə ilə azalmağa doğru gedir. Ancaq sosial izolyasiya tədbirlərinə əməl edilmədikdə, virus daha aqressiv şəkildə özünü büruzə verir. Məsələn, insanlar 1 metrdən daha yaxın olduqda, virus hava-damcı yolu ilə sağlam şəxsin tənəffüs yollarına daxil olur və oradan yoluxur. Yaxud da əl yuma qaydalarına düzgün əməl etmədikdə, bu zaman da kontakt yolu ilə yoluxma baş verir.

Karantin qaydalarına əməl etmək lazımdır ki, sərtləşdirilməsin. Son zamanlar fikir verirəm ki, cəmiyyətdə arxayınlaşma prosesi reallaşır. Bu heç də yaxşı hal deyil. Arxayınlığın mənfi nəticələrini biz artıq görürük. Sağlam şəxslərin yoluxmaması üçün maska taxılması zəruridir. İctimai nəqliyyat, müəyyən obyektlər və s. bütün məkanlarda, yerlərdə qaydaların icrasını səngitməməliyik. Kəskin ehtiyac yoxdursa, mayın 31-nə qədər çölə çıxmamalıyıq. Bu qaydalara ciddi əməl etsək, müsbət nəticəsini görəcəyik".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm