Nəsimi dilinin, biz həvəsimizin qurbanıyıq - Günəşin soyduğu dərinin altından çıxan DƏRDLƏR
Bizi izləyin

Səhiyyə

Nəsimi dilinin, biz həvəsimizin qurbanıyıq - Günəşin soyduğu dərinin altından çıxan DƏRDLƏR

Nəsimi dilinin, biz həvəsimizin qurbanıyıq - Günəşin soyduğu dərinin altından çıxan DƏRDLƏR

“Dünən hava isti keçdiyindən sanki bütün Bakı dənizdə idi. Dənizdə iynə atsan, yerə düşməzdi. Səhər gördüyüm ağ adamlar, axşam evə qıpqırmızı gedirdi. Elə mən də qlamur qızlar kimi dedim bir az zaqar alım, amma deyəsən başqa şey almışam. Yanıq dərəcəsi olmasa yaxşıdır. Açığı məqsədim qlamur qızlara oxşamaq deyil, vitamin D problemimi həll etmək üçün getmişdim. Vallah, qlamurluq da bir həyat deyilmiş eee”.

Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Amma hər zaman günəş şüası faydalı olmur. Yanlış zamanda və səhv şəkildə qəbul edilən günəş şüaları ölümcül nəticələr yarada bilir. Sıx görülən dəri xərçənginin ən böyük səbəblərindən biri günəş şüalarıdır. Günəş şüalarının tərkibindəki ultrabənövşəyi (A,B,C) və görünməyən işıqlar faydalı olduğu qədər, həm də ciddi zərər verə bilir. Bəs günəş şüası qəbul edərkən nəyə diqqət etməliyik?

Publika.az xəbər verir ki, bunu sosial şəbəkədə Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin müdiri Elnur Hidayətoğlu yazıb. O, insanları maarifləndirmək üçün Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 19 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərovanın tövsiyələrini də paylaşıb.

Həkimin sözlərinə görə, bu şüalar dəri xərçəngi və ya dərinin vaxtından əvvəl yaşlanmasına da səbəb olur:

“Günəş şüası qəbul etməyin də öz qaydaları var. Belə ki, günəş qəbulundan öncə günəş şüalarının zərərinə qarşı 2 saatdan bir SPF (25, 50, 100) kremlərindən, günəş qəbulu bitdikdən sonra isə nəmləndirici kremlərdən istifadə edilməlidir. Günəş üçün qoruyucu kremlərdən istifadə edərkən, üz və bədən üçün fərqli SPF kremlər seçilməlidir. Üz üçün SPF kremlər çeşidli antioksidantlar və dərinin yaşlanmasına qarşı olan xüsusi qatqılardan hazırlanır. Bu kremlərdən istifadə edərkən üz dərisinin xüsusiyyəti-həssas və ya yağlı cild olması nəzərə alınmalıdır”.

Y.Cəfərova vurğulayıb ki, günəş şüası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir:

“Məsələn, saat 12:00-15:00 arası günəş şüaları qəbul etmək məsləhət deyil. Çünki bu saatlarda günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi (B və C) şüalar daha az zərərli olmağa başlayır. Buna baxmayaraq, bu saatlarda da günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edərək günəş qəbul etmək tövsiyə olunur”.

Həkim günəş qəbulundan sonra dərinin soyulmasını düzgün olmayan və keyfiyyətsiz günəş şüalanması təsirindən baş verdiyini diqqətə çatdırıb:

“Bu özü də dərinin 1-ci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir. Beləliklə, müxtəlif qoruyucu kremlərdən istifadə etdikdə və düzgün saatlarda günəş şüaları qəbul etdikdə, doğru günəş qəbulu baş verir və bu zaman yaranan dəri rəngi bir növ günəşdən qorunma mexanizminə çevrilir. Əgər dəri tamlığını itirib bu mexanizmdən çıxarsa, orqanizm artıq bu şüalardan zərər görməyə başlayır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm