Diş və diş əti problemləri ürəyi belə məhv edir - Xəbərdarlıq
Bizi izləyin

Səhiyyə

Diş və diş əti problemləri ürəyi belə məhv edir - Xəbərdarlıq

Diş və diş əti sağlamlığı ilə ürək arasındakı əlaqə çox güclüdür, lakin bir çoxları bu barədə düşünmür.

Publika.az xəbər vrir ki, "Vse svoi" stomatologiyasının baş həkimi, ilkin qəbul üzrə ekspert Viktoriya Karatayeva "Qazeta.Ru"ya müsahibəsində ağız boşluğunun vəziyyətinin ürək-damar sisteminə təsiri haqqında danışıb.

Həkimin sözlərinə görə, gingivit və parodontiti, xüsusən də diş əti qanaması olan insanlarda ateroskleroz, infarkt və ya hətta insult riski yüksəkdir. Diş ətindəki iltihab xroniki mərhələyə keçdikdə, bakteriyalar damar divarından keçərək bütün orqanizmə yayılır. Bu zaman ən böyük zərbə altında olan orqanlar isə ürək, gözlər və böyrəklərdir.

Karatayeva bildirib ki, kardioloqlar kimi dar ixtisaslı mütəxəssislər ağız boşluğunun vəziyyətini qiymətləndirmək və infeksiya ocaqlarını istisna etmək üçün pasiyentləri stomatoloqa yönləndirirlər. Ekspert əlavə edib ki, ümumi somatik xəstəliklərin müalicəsinin effektivliyi bundan asılıdır.

"İltihab zamanı immunitet sistemi aktivləşir. Orqanizm müdafiə reaksiyasını işə salır, nəticədə bütün bədəndəki damarlara təsir edən xroniki iltihab inkişaf edir. Bu isə öz növbəsində aterosklerotik düyünlərin və trombların yaranmasına gətirib çıxarır. Məhz onlar infarkt və insultların inkişafına səbəb olur", - deyə stomatoloq izah edib.

Ən çox risk altında olanlar artıq ürək və ya damar problemləri olanlar, həmçinin diabetiklər və siqaret çəkənlərdir. Nəşrin həmsöhbəti həmçinin xəbərdarlıq edib ki, öz sağlamlığına lazımi diqqət yetirməyən və mütəmadi olaraq stomatoloqa getməyənlər də böyük risk daşıyır.

Həkim özbaşına müalicə ilə məşğul olmamağı, diş əti qanaması, ağızdan xoşagəlməz qoxunun gəlməsi, diş boyunlarının açılması, isti və soyuğa qarşı həssaslığın artması, dişlərin tərpənməsi, tünd ərpin yaranması və diş ətinin şişməsi kimi hallarda tibbi yardıma müraciət etməyi tövsiyə edib.

O, həmçinin ağız boşluğu gigiyenasının və digər profilaktik tədbirlərin vacibliyini vurğulayıb. Ekspertin sözlərinə görə, hər altı aydan bir müayinədən keçmək və peşəkar diş təmizlətdirmək lazımdır. Həkim əlavə edib ki, "Air Flow" metodikası ilə dişlərin təmizlənməsi ən effektiv üsuldur. Prosedur zamanı aparat təzyiq altında su, hava və kiçik toz kristallarından ibarət qarışığı püskürdür. Bu, ultrasəs vasitəsilə diş çöküntülərini, yumşaq və bərk ərpi dişlərin səthindən və onların arasındakı boşluqlardan təmizləməyə imkan verir.

Artıq çənə sümük toxuması və dişlərin tərpənməsi ilə bağlı problemləri olan pasiyentlər də hər altı aydan bir parodontoloqa müraciət etməlidirlər. Ağız boşluğunda belə problemlər yarandıqda lazer müalicəsi, küretaj, aparat texnologiyaları, plazmoliftinq və digər metodikalar tətbiq olunur.

"Ağız boşluğu və müvafiq olaraq ürək-damar sistemi xəstəliklərinin profilaktikasında həkimlərlə fərdi məsləhətləşmələr xüsusi rol oynayır. Şəxsi və etibarlı söhbət zamanı mütəxəssis anamnez toplayır, pasiyentin həyat tərzini öyrənir və fərdi müalicə kursu təyin edir. Məhz bu cür yanaşma bir çox sağlamlıq problemlərindən qaçmağa imkan verir", — deyə Karatayeva fikrini yekunlaşdırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm