AMEA-nın vitse-prezidentindən koronavirus ÇAĞIRIŞI: Hər kəs əvvəlkindən daha həssas olmalıdır
Bizi izləyin

Sosial

AMEA-nın vitse-prezidentindən koronavirus ÇAĞIRIŞI: Hər kəs əvvəlkindən daha həssas olmalıdır

“Karantin rejiminin yumşaldılmasını, sağalanların artmasını, ölkəyə giriş-çıxışın nəzarətdə olduğunu əsas gətirərək yoluxma təhlükələrinin bitdiyini, virusun yoxa çıxdığını düşünmək ən azından sadəlövhlük olardı. Təəssüf ki, bu günlərdə əhalinin davranışları indiyə kimi görülmüş tədbirlərin səmərəliliyini təhlükə altında qoyacaq qədər kəskin şəkildə dəyişib. Şəhərin küçələri avtomobillərlə, “Evdə qal, özünü və başqalarını qoru!” çağırışını qulaqardı edənlərlə dolmaqdadır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maska və əlcəkdən imtina az qala kütləvi hal alıb”.

Publika.az
xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova deyib.

Vitse-prezident vurğulayıb ki, son dövrdə koronavirusla bağlı elmi ədəbiyyatda gedən yazıları, dünyada gedən prosesləri, virusologiya və onunla mübarizə istiqamətində aparılan araşdırmaları ciddi şəkildə izləyən, dünyanın bir sıra aparıcı tədqiqat mərkəzləri ilə, tanınmış alimlərlə daim ünsiyyətdə olan bir şəxs kimi əhali qarşısında xəbərdarlıqla çıxış etməyi özünə borc bilir:

“Tam səmimi şəkildə xalqımıza səslənirəm: ehtiyatı əldən verməməliyik, virusun meydanını daraltmaqda, mütəxəssislərin, həkimlərin, məsul şəxslərin məsləhətlərini, dövlətin karantin rejimi ilə bağlı qoyduğu qaydaları yerinə yetirməkdə davam etməliyik. Tarix rəqibinə qarşı bitməkdə olan savaşda qalib gəldiyini düşünərək arxayınlaşmış möhtəşəm orduların məğlub duruma düşməsinə və məhv olmasına dəfələrlə şahidlik edib! İnsanlarımızı sağlam düşüncəyə, tək özünü deyil, yaxınlarını, doğmalarını, digər insanları, ümumilikdə öz xalqını düşünməklə məsuliyyətli olmağa çağırıram. İnanın ki, epidemiya bitməyib! Yüksək epidemiya faizləri ilə seçilən ölkələrdən Azərbaycana qayıdan kifayət qədər vətəndaşımız var. Xəstə olduğu halda yoluxduğunu gizlədən insanların varlığını da düşünmək məcburiyyətindəyik.

İkinci dalğa daha qorxunc və daha təhlükəli ola bilər! Yeni yoluxma dalğasının bizi hazırlıqsız yaxalamasını, koronavirusla mübarizədə bu qədər zəhmət və xərc bahasına əldə edilmiş nailiyyətlərin əldən getməsini istəmiriksə, ciddi gigiyena, sosial təcrid, qoruyucu məsafə, maska, əlcək və dezinfeksiyaedici vasitələrdən istifadə anlayışları hələ bir xeyli müddət - ən azından, sonuncu koronavirus daşıyıcısının sağaldığı vaxta qədər gündəlik həyatımızın ayrılmaz hissəsi, atributları olmalıdır. Hamını ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına hər zamankından daha həssas şəkildə qoşulmağa, davam edən təhlükəyə qarşı ağıl, məntiq və məsuliyyət hissi ilə davranmağa çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm