Toylara icazə verilməməsinin ƏSL SƏBƏBİ - Türkiyə təcrübəsi dərs oldu
Bizi izləyin

Sosial

Toylara icazə verilməməsinin ƏSL SƏBƏBİ - Türkiyə təcrübəsi dərs oldu

İyulun 1-dən Türkiyənin 14 vilayətində toy, nişan, xınayaxdı və bu kimi mərasimlər, ümumiyyətlə, qadağan olunsa da, digər vilayətlərdə əvvəlki qaydalarla toylara icazə verilirdi. Lakin bu gündən etibarən 14 vilayətdəki bu qadağa bütün ölkə ərazisinə şamil edilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrattin Koca məlumat verib. O, hökumətin belə radikal addım atmasına səbəb kimi avqustun sonunda Bursa vilayətində keçirilən toyda baş vermiş kütləvi yoluxmaları göstərib. Həmin toyda iştirak edən 42 nəfərdə COVID-19 aşkarlanıb, 150 nəfər isə qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Səhiyyə naziri bildirib ki, ölkə koronavirusun birinci dalğasının ikinci pikini yaşayır. “Bayramlar və toylardakı diqqətsizlik bizi bu vəziyyətə gətirdi” , - deyə o açıqlamasında vurğulayıb.

Bu gün Türkiyə hökumətinin qərarı bir daha sübut edir ki, Azərbaycanda şadlıq evlərinə və toylara tətbiq olunmuş qadağa insanların təhlükəsizliyi baxımından yerində və vaxtında atılan addım idi. Bəziləri digər ölkələri, o cümlədən, Türkiyəni də misal gətirərək, Operativ Qərargahı toylarla bağlı qadağanı aradan qaldırmağa və yumşaltmağa çağırsalar da, qərar dəyişməz qalıb. Ölkədə pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunduğu gündən hökumət toy və yas mərasimlərini birmənalı şəkildə qadağan edib.

Baş infeksionist Cəlal İsayev Publika.az-a açıqlamasında bildirib ki, Türkiyədə yoluxmanın sayının artmasının əsas səbəbi toyların keçirilməsi, eyni zamanda iştirak edən insanların sosial məsafəni gözləməməsi və maskalardan istifadə etməməsi olub:

Sade heqiqetler Celal Isayev ANONS - YouTube

“Bu da onu göstərir ki, ölkəmizdə pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunduğu gündən hökumətin toy və yas mərasimlərinin birmənalı şəkildə qadağan etməsi əhəmiyyətli qərardır. Əlbəttə ki, bu qərarın sayəsində Azərbaycanda kütləvi yoluxmaların qarşısı alınmış oldu. Bütün hallarda insanların xüsusilə qapalı məkanlarda sıx toplaşması xəstəliyin sürətlə yayılmasına şərait yaradır. Türkiyə də öz təcrübəsində gördü ki, pandemiya fonunda toy və nişan mərasimləri vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Odur ki, təmtəraqlı toyların keçirilməsinə müəyyən məhdudiyyətlərin qoyulması anlaşılandır.

Yeni qərara əsasən, Türkiyədə 4 sentyabr tarixindən etibarən yalnız nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. Bizdə də pandemiyanın əvvəlindən həmin məhdudiyyətlər çərçivəsində nikah mərasimlərinin keçirilməsinə icazə verilir”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, toy, nişan və xına mərasimlərinin keçirilməsi xəstə sayının artması üçün əlverişli şərait yaradır: “Türkiyə böyük bir dövlətdir, şübhəsiz ki, araşdırmalardan sonra bu qənaətə gəliblər. Araşdırmalar göstərib ki, toyların bu şəkildə təşkili kütləvi yoluxmalara səbəb olur. Hökumətin nəyinə lazımdır ki, vətəndaşın işini ağırlaşdırsın? Bizdə vətəndaşlar narazılıq edirdi ki, toylarla bağlı qərarda hələ də heç bir dəyişiklik edilmir. Hər halda toyları sadələşdirilmiş formada keçirmək mümkündür. İnsanlar bu əlamətdar günü ailə üzvlərinin əhatəsində qeyd edə bilər.

Bir neçə ay əvvəl təklif etdik ki, cütlüklərin adına hesab açılsın. Bəy və gəlinin yaxınları onları bu və ya digər şəkildə təbrik edə bilər. Məsələn, bu hesaba vəsait köçürməklə bəylə gəlinə dəstək versinlər. Çoxu bu təklifi həyata keçirməkdən utanır, amma borca-xərcə girib təmtəraqlı dəbdəbəli toy məclisi düzəltməyə utanmır. Kritik vəziyyətdə insanlar gərək özü vəziyyətdən çıxış yolu tapsın. Hökumətin qərarlarını təftiş etmək məncə, doğru deyil. Heç bir hökumət istəməz ki, vətəndaş sıxıntıda olsun. Sonra da bu problemlər hökumətin öhdəliyinə düşür. Şadlıq evlərinin fəaliyyət göstərməsi müəyyən vergi ödənişi, həm də müəyyən iş yerlərinin olması deməkdir. Əgər rəsmilər şadlıq evlərində toyların keçirilməsini qadağan edirsə, deməli, vətəndaşların sağlamlığını düşünür. Türkiyə toyların keçirilməsində sərt məhdudiyyətlər tətbiq edirsə, bu, onu deməyə əsas verir ki, biz optimal variantı tapmışıq və verilən qərarlar yanlış deyil. Təəssüf ki, insanlar verilən qərarlardan doğru yararlana bilmirlər”.

Pandemiya səbəbiylə uzun müddətdir ki, səhnələrdən uzaq qalan Xalq artisti Brilliant Dadaşova da Operativ Qərargahın toylara qoyduğu qadağanı dəstəklədiyini vurğulayıb.

Sənətçi həmçinin nişanlılıq müddətinin əhəmiyyətindən söz açıb:

“Əslində nişanlı qalmaq çox gözəldir. Qızla oğlan nə qədər çox nişanlı qalırsa, bir-birini tanımağa və xasiyyətlərinə öyrəşməyə bir o qədər çox imkanları olur. Nişanlı cütlüklər bir-biri ilə daha çox ünsiyyət saxlayır, sevgilərini sınamaq şansı qazanır. Odur ki, nişanlı qızlarımız və oğlanlarımız bir müddət gözləsin. Bu, onların münasibətlərini daha da möhkəmlədəcək.

Əlbəttə böyükdən kiçiyə qədər hamımız istəyirik ki, toylar olsun, respublikamızda əmin-amanlıq hökm sürsün, yoluxmalar olmasın və biz normal həyatımıza qayıdaq. Amma bilmədiyimiz məsələlər var, yoluxmaların qarşısının alınması baxımdan toyların qadağan edilməsi əhəmiyyətli qərardır. Hər halda Operativ Qərargahın rəsmiləri və həkimlər bu qadağanı nə vaxt aradan qaldırmaq lazım olduğunu daha gözəl bilir. Bu qərarların verilməsi mövcud şərtlərdən asılıdır.

İnşallah, ümumiyyətlə, karantin tezliklə ləğv olunar və toyların keçirilməsinə icazə verilər. Ümid edirəm ki, pandemiya tez bir zamanda bitər və hamımız rahat nəfəs alarıq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm