Anar Niftəliyev: “Redaksiyada ən çox işləyən müxbir mənəm”
Bizi izləyin

Sosial

Anar Niftəliyev: “Redaksiyada ən çox işləyən müxbir mənəm”

Bu gün Axar.az saytının fəaliyyətə başlamasının 8 ili tamam olur. Sayt 2013-cü il oktyabrın 19-dan oxucuları üçün xəbər xidməti göstərir.

Üç dildə fəaliyyət göstərən saytın bu müddət ərzində əsas istiqaməti siyasi məlumatlar olsa da, həyatın digər sahələri – sosial, iqtisadiyyat, idman, kriminal kimi mövzularda da informasiyalara yer ayırır.

Publika.az xəbər verir ki, Axar.az-ın baş redaktoru Anar Niftəliyev Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Anar müəllim, Axar.az-ın 8 yaşı tamam olur, təbrik edirik. Özünüzə arzunuz nədir?

- Əslində, 8 yaş böyük deyil, amma mənim üçün çox böyükdür. İlk günləri yadıma salıram, şənbə-bazar olmadan hər gün gərgin iş qrafikində çalışmışıq. Ötən ilin bu gününü xatırlayıram. Necə həyəcanla cəbhədən gələn xəbərləri gözləyirdik və təbii ki, ad günümüzü qeyd etmədik, amma qarşıladıq. Çox ümid edirdik və əmin idik ki, inşallah, 8 yaşımızda daha gözəl ad günü qismətimiz olacaq və oldu da. Jurnalistikaya yeni başlayanda Şuşa işğal olunmuşdu.

Bu gün çox sevinirəm ki, Şuşanı azad görmək qismətimiz oldu. Əlbəttə, Şuşa simvoldur, söhbət Qarabağdan gedir. Ona görə bu gün daha sevincliyik.

Arzularımız çoxdur. Ötən il bu gündə ad günümüzün Şuşalı olacağına ümid edirdik. İndi də əminlik və ümidlə Xankəndili, Zəngəzurlu ad günümüzü qeyd etmək istəyirik. Allah qismət edərsə, bütöv Azərbaycanlı ad günümüzü də görmək istərdik. Məsələn, Təbrizli Azərbaycanı niyə görməməliyəm?! Bu, bizim haqqımızdır. Biz 50 milyonluq bölünmüş xalqıq. Bu, qismətimiz ola bilər, bunu arzulayırıq.

- Növbəti illərdə Axar-la bağlı hansı planlarınız, hədəfləriniz var?

- Hədəf, plan həddən artıq çoxdur. Hesab edirəm ki, indi milli hədəflərə uyğun dövlətimiz üçün daha peşəkar və ciddi mediaya ehtiyacımız var. Özümüz də daxil mediadan razı olsaydım, daha az işləyərdim. Buna görə də gecə-gündüz işləməyə çalışıram.

İnformasiyanın indi dünyada oynadığı rol heç kəsə sirr deyil. Ölkələr az qala müharibəni informasiya ilə aparırlar. İndi xüsusilə onlayn medianın missiyası həddən artıq dəyişib. Əvvəl dördüncü hakimiyyət deyirdilər, indi belə şey yoxdur. Media dövlət diplomatiyası ilə paralel addımlayır. Bu, çox böyük missiyadır. Ona görə yatıb oturmaq olmaz.

Onlayn media çox sürətlə inkişaf edir. Oxucular həddən artıq sürətlə tənbəlləşir, mətnlər qısalır. Arzulayıram ki, ən yeni və müasir avadanlıqlarımız, texnikamız olsun. İnanıram ki, bundan çox xidmət göstərə bilərik. Qəribədir, arzular bitib tükənmir. Texnologiya 6 aya köhnəlir. Avadanlıq, texnologiya, informasiyaya yanaşma daim dəyişir, sürətlə yenilənir. İdeyanı, yanaşmanı yeniləməkdən ötrü mütləq müasir texnikaya ehtiyac var, onlar işimizin əsas hissəsidir. Ona görə də bizim ən müasir kompüter, kamera, fotoaparat arzularımız heç vaxt tükənməyəcək.

İstəyirəm daha çox vizuallaşaq, çünki vizual informasiya dilinin anlaşılma imkanları daha genişdir. Hətta dil baryeri olan insanlar üçün də nisbətən əlçatan olur. Vizuallıq informasiya arealını genişləndirir.

- Çox işləməyinizin səbəbi əməkdaşlarınızın peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlirmi?..

- Təbii, o da var. Cavan uşaqlardan yox, öz nəslimdən danışmıram, qəribə bir tənbəlləşmə başlayıb. Jurnalistikaya yeni gələn uşaqları öyrətmək istəmirik. Ancaq hazır kadrları daşımaq istəyirik. Buna bir neçə dəfə etiraz da etmişəm. Ona görə bizdə texnikamızdan fərqli olaraq kollektiv çox sürətlə yenilənir. Burada yetişən uşaqlara dərhal iki qat yüksək əməkhaqqı təklif edib, başqa işə dəvət edirlər.

Əslində, yaxşı edirlər, belə də olmalıdır. Amma bunun ardı da gəlməlidir axı. Gənc nəsil çox çətin yetişir. Bu baxımdan peşəkarlıq çətinliyi ilə də üzləşirik.

Mən qəzetçilikdən gəlmişəm. O dövrdə kompüter yox idi, səhifələr əllə yığılırdı. O vaxt əlyazmalara, hətta şəkillərə qədər qəzetin həcmini, miqyasını dəqiqliklə bilirdik. Amma onlayn media bitib tükənmir, həcm yoxdur. Həcm həcmsizlikdir, sonsuzluqdur. Onlayn mediada xəbərlər həddən artıq əlçatan olub.

90-cı illərdə Türkiyə mediasında gedən informasiyaları təxminən bir gün sonra alıb ondan istifadə edirdik. İndi dünya mediasının xəbərlərini onlar dərc edincə, hətta biz onun araşdırmasına başlayırıq. Onlayn media informasiya baxımdan televiziyaları da, radionu da qabaqlayır. Bu baxımdan onlayn mediada iş bitmir, gecə-gündüz nə qədər işləsən yenə də nəsə qalır.

Ən azı Axar.az-ın oxucularının həmişə tamamilə fərqli düşünməsini istəmişəm. Məhdud günlə yaşaya bilmərik. Bizim iddialarımız tamamilə fərqlidir. Bu, əslində tarixi bir missiyadır. Yəqin ki, 20-30 ildən sonra bu tarixi günlərin nə qədər böyük olduğunu biləcəyik. Ona görə gərək çox işləyək.

- Qeyd etdiniz ki, kollektiviniz çox sürətlə yenilənir. Adətən Axar.az-a iş üçün tələbələr, məzunlar müraciət edir, onlar da uzun müddət qalmırlar. Dediniz ki, bu, yaxşı bir şeydir...

- Dəqiq belədir. Kollektivə deyirəm ki, harın redaktorlardan deyiləm. Mən redaksiyada ən çox işləyən müxbirəm. Heç vaxt kollektivdən tələbim olmayıb ki, məni qədər işləyin. Onlara bir söz deyirəm: gün ərzində gördüyüm işin 20 faizini siz görün, məni qane edəcəksiz. Bəzən görürsən ki, uşaqların böyük əksəriyyəti bunu etmir, mən də onlardan çox ciddi narazı oluram, əsəbləşirəm. Sonra da onlar gedirlər. Bir dəstə belə gedir.

İkinci partiya uşaqlar da var ki, çox sürətlə yetişirlər. Buna çox sevinirəm. Elə olur ki, ikiqat, bəzən ondan da artıq maaşa uşaqlarımızı “oğurlayıb” aparırlar. Belə hallar mütəmadi xarakter alıb.

Həmişə bu fikirdə olmuşam, mütləq kollektiv yenilənməlidir. Kollektiv daimi olduqca standartlaşma başlayır. Hərənin öz üslubu, yanaşması və mənbələri var. Bu zaman sayt standartlaşır. Artıq oxucu saytda hansı materialın hansı tərzdə gedəcəyinə ovcunun içi kimi bələd olur. İnsan öz üzərində işləyib daim yeniliyə can atmalıdır. Çox təəssüf ki, indiki gənclərimiz adətən belə olmur. Onlar çox tənbəldirlər. Bir şeyə yapışırlar, vəssalam, elə bilirlər ki, hər şeyi bilirlər. Ona görə saytda bir monolitlik yaranır. Kollektivin yenilənməsi bu baxımdan çox gözəldir. Yeni uşaqlar gəlir, köhnə üslublar, baxışlar dəyişir. Yəni fərqlilik olur.

Hərdən mən özüm də darıxıram. Baxırsan ki, eyni yazılar, eyni simalar. Uşaqları çağırıb deyirəm ki, bəsdir, qalstuk fotosu verdiniz, bir dənə də qəşəng qız şəkli qoyun. Baxmayaraq ki, bizim sayt ciddidir, bizdə maqazin-şou yazıları getmir. Hərdən uşaqlar idman xəbərləri yazanda mənə qəribə gəlir, amma deyirlər ki, müəllim, bu da olmalıdır. Onların fikirlərinə hörmətlə yanaşıram. Çünki doğrudan belə xəbərlər olmalıdır.

Gün ərzində imzam oldu-olmadı, fərqli mövzular, yazılar yazıram. Kollektivin yenilənməsini təqdir edirəm. Sadəcə bu, kadrların “oğurlanması” ilə olmamalıdır. Bu, təbii axarla olmalıdır. Yeni nəsil sıfırdan gəlməli deyil. Biz nə qədər sıfırdan götürüb başlamalıyıq, digərləri bizdən hazır götürməlidir?!

2013-cü ildə bu sayt yeni qurulanda belə qərar verdik ki, ancaq təzə uşaqlarla işləyək. Yəni heç bir redaksiyasının peşəkar işçisinə zəng edib, mənimlə davam etməsini istəmirəm. Əgər o işçi özü ayrılırsa, bu, başqa məsələdir. Çünki istəmərəm, o redaksiyalar boşalsın. Mən bu münasibəti özümüzə qarşı görmədim.

- Sizcə, bir işçinin hansısa bir media orqanında işləmək müddəti nə qədər olmalıdır?

- Ən çox işlədiyim redaksiya buradır. Jurnalist fəaliyyətinə 1992-ci ildən başlamışam. Artıq 29 il tamam olub, 30-a keçib. Bunun 8 ilini Axar.az-da çalışmışam. Qalan 21 ildə 26 redaksiya dəyişmişəm. O vaxtlar redaksiyalar belə bol da deyildi. Ölkə üzrə təxminən 30-40 redaksiya olardı, ya olmazdı. Səbirsiz insanam, bir yerdə duran deyiləm. Su bir yerdə çox qalanda iylənən kimi, adam da iylənir.

Qabriel Qarsiya Markesə deyirlər ki, yazdığınız romanlarda, əsərlərdə süjetlər tez-tez dəyişir. Deyir ki, çünki mən özüm darıxan adamam. Yazanda darıxdığı üçün başlayır süjet xəttini dəyişməyə. Adam özü darıxmalıdır, ən azı özünü oxucunun yerinə qoymalıdır. Yaxud elə özü yaxşı oxucu olmalıdır.

Əgər özünü, ideyalarını, üslubunu dəyişə bilirsənsə, bir yerdə 8 il də qala bilərsən. Əgər özünü dəyişə bilmirsənsə, üslubunu götürüb başqa yerə getsən yaxşıdır. Yəni hansısa bir media orqanında işləmək müddəti insanın özünün yenilənməsindən asılıdır.

- Ötən illərə baxanda hansı çatışmazlıqları, səhvləri görürsünüz?

- Kim deyir ki, mən razıyam?! Razı olmadığım üçün çox işləyirəm. Az qala hər xəbərdən sonra elə düşünürəm ki, daha təkmil, fərqli vermək olardı. Yəni səhvi, çatışmazlığı nəinki 8 il əvvəl üçün, dünən, bu gün, hətta sabah üçün də demək olar.

Axar.az 2-3 ay olardı yaranmışdı. Bir xəbər qoymuşduq. Onu 1-2 saat ərzində yeniləmədən 4-5 dəfə redaktə etdim. Ancaq xəbərin mahiyyəti qalmışdı. Heç demə, başqa bir redaktor bunu izləyirmiş. Axırda mənə yazdı ki, sən bir xəbəri nə qədər redaktə edirsən?!

İndi bir xeyli sayt təcrübəmiz yaranıb, oturuşmuşuq, konkret auditoriyamız var. Bizi sevənlər, bizim sevdiklərimiz, qarşılıqlı olaraq nifrət edənlər var və sair. Amma onda yeni idik və daha çox səhvlərimiz nəzərə çarpırdı. İndinin özündə də səhv var, çoxdur. Ümumiyyətlə, tək özümüzü demirəm, Azərbaycan mediasında nə qədər səhvlər var. Təkrar, eyni məzmunlu, mahiyyətindən kənar məlumatlar var.

Ümumiyyətlə, redaktə elə bir şeydir ki, bitib tükənmir. Bütün materialları sonsuzadək redaktə etmək olar. Gücüm çatdıqca istəyirəm ki, dil normalarını qoruyum. Xəbər axını o qədər sürətli olur ki, bunların hamısını çatdırmaq, qaydalara əməl etmək çətinləşir. Amma sonradan onlara düzəliş etmək onlayn medianın üstünlüyüdür.

- Ötən il döyüş əməliyyatları ilə yanaşı, informasiya savaşına da xüsusi diqqət yetirildi. Bu mənada rus və ingilisdilli medianın üzərinə böyük yük düşdü. Bildiyimiz kimi, Axar.az 3 dildə fəaliyyət göstərir. Saytınız o dönəmdə fəaliyyətini necə qurmuşdu?

- Müharibənin ilk günündə kollektivə dedim ki, sizin yaşıdlarınız cəbhədə yatmır, canı, qanı ilə vuruşur, kim rahat yataqda yatmağı vicdanına sığışdırısa, redaksiyadan gedə bilər. Yəni müharibə vaxtı redaksiya heyəti ilə bu prinsiplə işləmişik. Sağ olsun, rus redaksiyamız gücümüz daxilində öhdəsindən gəlməyə çalışdı, elə ingilis redaksiyası da. Amma daha çox rus redaksiyanın yükü artmışdı.

Bizim əski əlifba versiyamız bağlandı. Bir az diqqətsizlik olmuşdu. Bu sayt Azərbaycan ədəbi dilində idi, amma ərəb əlifbası versiyası ilə fəaliyyət göstərirdi. Məlumdur ki, bu auditoriya kimə ünvanlanıb. Xüsusilə son proseslər göstərdi ki, Azərbaycan mediasının bu cür versiyaya böyük ehtiyacı var. İran mediası kiril və ya latın əlifbası ilə mənə informasiya satır. Təəssüf ki, onlarda ədəbi dil yoxdur. Onlar ölkə xaricində əski latın və ya kiril əlifbası ilə fəaliyyət göstərən saytı bağlayır.

Bu informasiya savaşını kimin üçün edirsiz?! 40 milyon ölkə əhalisini normal informasiya ilə təmin etməyə imkan vermirsən, amma xaricdə əski latın və ya kiril əlifbası ilə fəaliyyət göstərən saytı bağlayırsan. Bu, Azərbaycanda yeganə əksi əlifba versiyasında sayt idi və Azərbaycan ədəbi dilinin bütün normaları qorunurdu.

Necə ki Azərbaycan mediası rus və ingilis versiyasına üstünlük verir, istərdim ki, hər bir normal saytın gücü daxilində əksi əlifba versiyası da olsun. Çünki güneydəki soydaşlarımızın 90 faizi latın əlifbasını bilmir. Söhbət təkcə İrandan getmir, Suriya, İraq, Əfqanıstanda nə qədər təmiz Azərbaycan türkləri var. Onları ora Şah İsmayıl köçürüb, indi onların sayı 3 milyondan çoxdur. Təəssüf ki, bu qədər arealı əhatə edən soydaşlarımız üçün Azərbaycanda fəaliyyət göstərən saytların heç birində əski əlifba versiyası yoxdur.

- Bunun səbəbi nədir?

- Birinci, kadr çatışmazlığı, ikincisi, maliyyə ayırmaq istəmirlər. Çünki hesab olunur ki, onun auditoriyası geniş deyil.

Axar.az-ın əski əlifba versiyası 4 il fəaliyyət göstərdi. Bu versiya Urmiyada, Təbrizdə, Sulduzda, Marağada tez-tez bloklanırdı, filtir qoyulurdu. Biz bu filtiri yarıb keçirdik, amma bu da itkiyə səbəb olurdu. Maraqlısı odur ki, Tehranda bir dəfə də olsun bloklanmadıq. Çünki burada yaşayanların düşüncəsi, baxışları fərqlidir.

Rus və ingilis versiyasına paralel olaraq əski əlifbasında da saytlar olmalıdır. Hesab edirəm ki, birinci növbədə qardaşlarımıza sözümüz çatmalıdır.

- Sonda belə bir "şirin sual" vermək istəyirəm. Bu gün tort olacaqmı?

- Mütləq olacaq (gülür). Mütəmadi təkararlayıram ki, yadımdan çıxmasın. Axar.az 8 il əvvəl 2013-cü il oktyabrın 19-u saat 12:08-də onlayn oldu. Həmin gün gözlənilməz bir oxucu reaksiyası ilə qarşılaşdıq. Gecə saat 12-yə qədər saytın İP-si 8 min 600-ü keçmişdi. İlk gündən bu, çox böyük göstərici idi. Ona görə hər il çalışırıq ki, saat 1-ə işləmişə qədər tortu kəsək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm