Bakıda marşrut xəttinə avtobus əvəzinə “KamAz” buraxdılar - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Bakıda marşrut xəttinə avtobus əvəzinə “KamAz” buraxdılar - FOTO/VİDEO

İctimai nəqliyyat dedikdə bəziləri elə başa düşür ki, bu, onların şəxsi əmlakıdır. Avtobusda istədiyi hərəkəti edə, istədiyi əşyanı apara bilər. Dəfələrlə olub ki, avtobuslarda telefona yüksək səs verib kinoya baxan, musiqi dinləyən adamlarla rastlaşırıq.

Yəni bu insanlar anlamır ki, ona xoş gələn həmin səs səhər işə gedən və yaxud əksinə, axşam işdən yorğun qayıdan insanlara necə pis təsir edir?

Hələ avtobusu yük avtomobili ilə səhv salanları demirik. Sərnişin daşıması üçün nəzərdə tutulan avtobusa o qədər yük vururlar ki, heç bilmirsən mindiyin avtobusdur yoxsa, “KamAz”.

Bir vətəndaşımız hər gün avtobusda yaşadığı problemlərlə bağlı Publika.az-a ünvanlandığı şikayətdə yazıb bu fikirləri.

Vətəndaş bildirib ki, hər gün “Jurnalistlər binası”nın yanından "Sahil" metrosuna qədər istifadə etdiyi E1 nömrəli ekspress avtobusuna o qədər zənbil yüklənir ki, dayamağa belə yer olmur.

"Sədərək" Ticarət Mərkəzindən, ya da "Binə" Ticarət Mərkəzindən alış-veriş etmiş insanlar böyük həcmli bazar zənbilləri ilə avtobusun salonunu doldurur və başqalarının rahat şəkildə dayanmasına maneə yaradır. Sürücü isə buna göz yumur. Göz yummağı bir yana, hətta “ortaya keçin”-deyə, sərnişinlərin üstünə qışqırır.

Şikayətçinin sözlərinə görə, bu hal ən çox səhər saatlarında, camaatın işə gedən vaxtı baş verir.

Nəzərə alsaq ki, ekspress marşrut avtobuslarında gedişhaqqı digərlərinə nisbətən daha çoxdur, o zaman bu, digər sərnişinlərin haqqına girmək deyilmi?

Axı ekspress avtobusların fəlaiyyəti sərnişinlərin gedəcəyi ünvana tez və rahat çatdırılması üçün nəzərdə tutulub. Ancaq buna əməl edilmir.

Ümumiyyətlə, ağır çəkili və böyük yer tutan bir neçə zənbil avtobuslara yüklənə bilərmi? Əgər bu icazə yoxdursa, bəs niyə həmin xətt üzrə bu vəziyyət adət halını alıb? Bütün bunlara kim nəzarət etməlidir, sürücü, yoxsa aidiyyəti qurum?

Publika.az-ın əməkdaşı bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun mövqeyini öyrənib.

Orucov bildirdi ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm x 40 sm x 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

“Müntəzəm avtobus marşrutlarında sərnişin müəyyən edilmiş tariflər əsasında daşıma haqqını ödəməklə ölçüləri 60 x 40 x 20-dən 100 x 50 x 30 sm-dək və hər birinin çəkisi 60 kq-dan çox olmayan 2 ədəd baqajın baqaj bölmələrində, baqaj bölmələri olmadıqda isə avtobusun salonunda (baqaj daşınması üçün salonda xüsusi yer olduqda) apara bilər. Baqaj bölmələrində əlavə yer olduqda, sərnişin daha çox sayda baqaj apara bilər.

Ölçüləri və çəkisi göstərilən həddən artıq olan baqaj daşınmaya qəbul edilmir. Baqaj bölməsi olmayan avtobuslarda baqaj yerini sürücü müəyyən edir. Bu hallarda avtobusun giriş və çıxış qapılarına sərnişinlərin maneəsiz keçməsi təmin olunmalı və təcili tormozlama vaxtı avtobusun salonunda baqaj öz yerini dəyişməməlidir".

Tural Orucov onu da qeyd etdi ki, baş verən halla bağlı AYNA tərəfindən daşıyıcıya məsələnin araşdırılması və sərnişinlərə aid yüklərin sözügedən qaydaların tələbləri çərçivəsində daşınmasını təmin etmək tapşırılıb.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm