Yeniyetməlik dönəmində artan xəstəliklər: Mütəxəssislər elə səbəblər açıqladılar ki...
Bizi izləyin

Sosial

Yeniyetməlik dönəmində artan xəstəliklər: Mütəxəssislər elə səbəblər açıqladılar ki...

Yeniyetməlik dövründə yaşanan psixoloji böhranı anlamaq üçün o vaxta qədər inkişafın necə getdiyini bilmək vacibdir. Sübut olunub ki, hələ ana bətnində olan körpə bir çox xarici mühit təsirlərinə reaksiya verir.

Belə ki, ananın yaşadığı ruh halı körpəyə təsir edir. Bu hal neqativdirsə, dölün hərəkətləri azalır, pozitivdirsə, aktivlik artır. Yəni döl ananın sevincinə sevinir, kədərinə kədərlənir.

Təsadüfi deyil ki, insanın inkişafını nəzərdən keçirərkən mərhələlərə bölürlər. Yeniyetməlik dövrü insanın inkişaf mərhələləri arasında həm fiziki, həm hormonal, həm zehni cəhəti ilə ən çox dəyişikliyə məruz qalan və eyni zamanda çox sürətlə baş verən bir çox dəyişikliyi əhatə edir. Bu və başqa yönləri ilə yeniyetməlik insan inkişafında ən kritik mərhələ sayılır. Azərbaycanda 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir. Son 5 ildə aparılan təhlillərə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriciləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb. 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb.

Publika.az məsələ ilə bağlı mütəxəssis rəyini öyrənib. Pediatr Nigar Abdullayeva da təsdiqləyib ki, son illərdə yeniyetmələr arasında xəstələnmə halların sayı artıb:

“Bunun müxtəlif səbəbləri var. Onlardan vacibləri ekoloji vəziyyətin yaxşı olmaması, qidalanma faktoru, yuxu rejiminin pozulması və başqa amillərdir. Yeniyetmələrin qidalanmasına fikir vermək lazımdır. Sağlam qidalanmalı şərtdir. “Fastfoodlar”dan isə uzaq tutulmalıdırlar. “Fastfoodlar”ın kalorisi yüksək olsa da, tərkibində faydalı mikroelementlər, vitaminlər azdır. Yeniyetməlik dövründə olan uşaqlar hər gün ət məhsulları, faydalı karbohidratlar, meyvə-tərəvəz və süd məhsullarından istifadə etməlidirlər.

Çünki onların orqanizmi sürətli inkişaf dönəmindədir və bu ərəfədə kifayət qədər qida maddələri qəbul etməlidirlər. Həmçinin xəstəliklərin profilaktikası üçün ildə bir dəfə qan analizi verilməlidir. Qan azlığı, vitamin D əksikliyi uşaqlarda tez-tez xəstələnməyə səbəb olur. Həmçinin uşaqların düzgün qidalanmaması yeniyetməlik dövründə onlarda mədə-bağırsaq xəstəliklərinin rast gəlmə faizini artırır. Bundan başqa tütün vasitələrindən istifadə həmin şəxslərdə yuxarı tənəffüs yolu xəstəliklərinin inkişafını artırır. Digər məsələ isə gigiyena qaydalarıdır. Yeniyetməlik dövrü əsasən məktəb illərinə təsadüf edir. Şagirdlər məktəbdə olduqları üçün gigiyena qaydalarına riayət olunmalı, otaq tez-tez havalandırmalı, əllər yuyulmalıdır ki, xəstəliklərin qarşısı alınsın”.

Yeniyetməlik mərhələsi öz daxilində 3 hissəyə ayrılır, erkən yeniyetməlik, orta yeniyetməlik, gec yeniyetməlik. Hər bir dövrün özünəməxsus xarakterik cəhətləri var. Yeniyetməliyin başlanğıcında hormonal proseslərin dəyişməsi ilə insanın xarici görünüşü dəyişir, qızlarda qadın bədən quruluşu formalaşır, menstural siklus, oğlanlarda səs dəyişməsi, kişi bədən quruluşu formalaşmağa başlayır. Bu zaman ətrafların, eyni zamanda bədənin simmetriyası pozulur, hərəkətlərdə kobudluq ortaya çıxır. Bu dəyişiklik eyni zamanda zehni dəyişikliklərlə birgə baş verir. Öz cinsinə aid davranışlar qabarmağa başlayır, əks cinsə qarşı maraq yaranır. Şəxsiyyət formalaşması baş verir. 16 yaşlarına çatan birisi artıq yetkin insanlar qədər, yaxşı ilə pisi bir-birindən ayırd edə bilir, kədərin, sevincin, nifrətin sevginin nə olduğunu anlayır.

Psixoloq Gülnar Orucova diqqətə çatdırıb ki, son dövrlərdə yeniyetmələrdə daha çox maraq telefona yaranıb:

“Telefona yaranan maraq insanlar, xüsusilə uşaqlarda aqressiyanın artmasına səbəb olub. Uzun müddət eyni vəziyyətdə hərəkətsiz, oturaq qalmaq bir çox xəstəliklərin yaranması deməkdir. Bundan başqa göz xəstəliklərinin yaranmasına səbəb olur. Karantin dövründə onlayn keçirilən dərslər uşaqlara bir çox xəstəlikləri vermiş oldu. Çünki müəllimlər fasilələrlə deyil, ardıcıl dərslər keçdiyinə görə bu problemlər ortaya çıxdı. Qidalanma sağlamlığın ən başında duran meyardır. Amma indiki yeniyetmələr daha çox ayaqüstü yeməklərə, “fastfood”a önəm verirlər. Bu da bağırsaqlarda olan problemlərə, eləcə də onkoloji problemlərə gətirib çıxara bilir. Eyni zamanda bu, bədəndə allergik reaksiyalara səbəb olur. Bu da tənəffüs və həzm probleminə çevrilir. Daxili orqanların problemləri əslində insanın psixologiyasından qaynaqlanır. Məsələn, daha çox stressli vəziyyətdə olan insanlar həzm problemləri yaşayırlar.

Yeniyetməliyin sonuna doğru isə artıq öz hisslərinə hakim olmağı, lazım gəldiyində onları cilovlamağı bacarır. Bu proseslər beyinin orqanik inkişafının təzahürü olaraq ortaya çıxır. Bütün burada sadaladığım proseslər və sadalamaqda kitabların belə yetərsiz qaldığı məqamlar nəticə etibari ilə bir insanın fərd olaraq formalaşmasına səbəb olur. Bu dövr və eyni zamanda bura qədər olan mərhələlərdə genetik faktorların üzərində formalaşan ailədaxili münasibətlər, bağça, məktəb, məhəllə, universitet mühiti kimi faktorlar bir şəxsiyyətin formalaşmasında mühüm rola malikdir”

Psixoloqun sözlərinə görə, həddindən çox stress ürək-damar sistemində problemlərə səbəb olur:

“Həddindən artıq əsəbi olma qaraciyərimizə zərər verə bilir. Psixoloji problemlərimiz olur ki, bu, bizdə somatik xəstəliklərin formalaşmasına gətirib çıxarır. Əvvəllər azyaşlılarda qan təzyiqinin artmasına heç rast gəlmirdik, amma son dönəmdə bunları da artıq görürük. İnsanlar çalışmalıdırlar ki, həyatları boş olmasın. Telefondan nə qədər çox istifadə ediriksə, həyatımızda o qədər boşluq olur. Bundan əlavə, vaxtımızı düzgün, səmərəli, bizi sevən, sevdiyimiz insanların yanında keçirməliyik.

Bizi üzən, incidən, ruhumuzu oxşamayan, davamlı olaraq stressli vəziyyətdə saxlayan insanlardan uzaq durmalıyıq. Əgər yeniyetməliyi asan və problemsiz keçirmək istəyirsinizsə, qarşınıza hədəflər qoymalısınız və bu hədəflərə doğru getməlisiniz. Çünki o hədəflərə doğru nə qədər gedəcəksinizsə, özünüz olacaqsınız. Valideyn olaraq uşağın qərarına hörmətlə yanaşmalıyıq, bacardığımız qədər onların istəkləri üzərindən keçməliyik. Uşaqlara azadlığı vermək lazımdır. Amma yeniyetmə də azadlıqla özbaşınalığı qarışdırmalı deyil”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm