“Gənc xilasedici və yanğınsöndürən”in final mərhələsi - FOTO
Bizi izləyin

Sosial

“Gənc xilasedici və yanğınsöndürən”in final mərhələsi - FOTO

İyunun 30-da Qəbələdə Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” X Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, yarışda Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar da iştirak edib.

Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və yerli Elm və Təhsil, Gənclər və İdman idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Təşkilat Komitəsinin sədri, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.

Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 18 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan 19 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.

“Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar. Yarışlar iyulun 6-na kimi davam edəcək.








Oxumağa davam et
Reklam
Reklam

Gündəm