Metropolitendə gərginlik: İş rejimi iflic olub, maşinistlər yatır, peşəkarlar qaçır? - Rəsmi açıqlama
Bizi izləyin

Sosial

Metropolitendə gərginlik: İş rejimi iflic olub, maşinistlər yatır, peşəkarlar qaçır? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün “Bakı Metropoliteni” QSC-nin İnsan resursları departamentində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə işindən ayrılıb.

Yayılan məlumatlara görə, yanvar ayından metro əməkdaşlarına nəzərdə tutulan əməkhaqqı artımları ödənilmir. Bildirilir ki, bu səbəbdən bir sıra vəzifəli şəxslər də işdən çıxıb.

Əldə etdiyimiz məlumata görə, son aylarda maşinistlərin iş qrafikində dəyişiklik edilib və iş rejimi daha da ağırlaşıb. İstirahət vaxtının azaldılması onların fiziki və psixoloji yorğunluğuna səbəb olub. Yorğunluqdan yuxulama halları artdığı üçün bəzi maşinistlər qırmızı işıqda keçib. Məlumata əsasən, bu səbəbdən 4 maşinistə xəbərdarlıq edilib və onlar işdən azad olunublar.

İddialarla bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumdan Publika.az-a bildirildi ki, əməkhaqqı ödənişləri plan üzrə və tam həcmdə həyata keçirilir:

“Bakı Metropoliteni” QSC-də əməkhaqqı ödənişləri Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əməkhaqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam həcmdə həyata keçirilir. Ödənişlərin icrası əmək müqavilələrinin şərtlərinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə tam uyğundur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqı 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Bu Sərəncamdan irəli gələrək, “Bakı Metropoliteni” QSC tərəfindən müvafiq tədbirlər görülüb, minimum əməkhaqqı dəyişiklikləri əməkdaşların maaşlarına tətbiq olunub. Hazırda qurumun ödənilməmiş əməkhaqqı öhdəliyi yoxdur.

Əməkhaqqı artımları yalnız təsdiq edilmiş büdcə və korporativ idarəetmə prinsipləri çərçivəsində həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyil. Əməkhaqqı məbləğlərində dəyişiklik baş verdiyi halda, bu barədə əməkdaşlara və aidiyyəti qurumlara rəsmi qaydada məlumat veriləcək.”

Qurumun maşinistlərin qırmızı işıq qaydasını pozması ilə bağlı yayılan məlumatlara cavabı isə belə oldu:

“Bakı Metropoliteninin qaydalarına əsasən, qırmızı işıq siqnalını pozan maşinistlərin işdən azad edilməsi nəzərdə tutulmur. Həmin əməkdaşlar yalnız maşinist peşəsindən kənarlaşdırılır və digər vəzifələrə keçirilirlər.

Bu il ərzində iki maşinist qırmızı işıq siqnalını pozub və qaydalara uyğun olaraq başqa işlə təmin olunub. 6 ay sonra intizam tənbehinin müddəti bitən əməkdaşlara yenidən təlim keçərək, imtahan verməklə maşinist peşəsinə bərpa olunmaq imkanı yaradılır. 2025-ci ildə bu qayda ilə iki əməkdaş yenidən maşinist vəzifəsinə qayıdıb.”

İşdən ayrılan əməkdaşlarla bağlı bildirildi ki, bu, onların şəxsi qərarı olub:

“Əməkdaşların işdən ayrılması tamamilə şəxsi qərarlarıdır. Hər biri peşəkar inkişaflarını fərqli istiqamətlərdə davam etdirmək niyyətini ifadə edib və əmək münasibətlərinə öz təşəbbüsləri ilə xitam veriblər.”

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm