Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar
Bizi izləyin

Sosial

Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar

Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən cəmi 682 mənzil alan Azərbaycan vətəndaşları 2025-ci ildə bu göstəricini 59 mənzil və ya təxminən 8,6 faiz artırıblar. 2025-ci ildə aylar üzrə göstəricilər belədir: yanvar - 50, fevral - 87, mart - 66, aprel - 59, may - 75, iyun - 71, iyul - 93, avqust - 77, sentyabr - 67, oktyabr - 96 mənzil. Ən yüksək aylıq satış oktyabrda qeydə alınıb.

Rəqəmlərdən də göründüyü kimi, azərbaycanlıların Türkiyədən aldığı evlərin sayı artmaqda davam edir. Bəs bunun səbəbi nədir? Türkiyə əmlak bazarına yönəlməmizin səbəbi ölkəmizdə mənzil bazarında qiymətlərin fantastik şəkildə yüksəlməsi ola bilərmi?

“Artım ölkəmizdəki bahalaşma ilə əlaqələndirilməməlidir”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, azərbaycanlılar təkcə Türkiyədən deyil, digər ölkələrdən də əmlak almağa yönəlirlər. Bunun isə səbəbi heç də Azərbaycandakı əmlak qiymətləri deyil:

“Türkiyədə əmlak alanların artmasının müəyyən səbəbləri mövcuddur. Orada miqrasiya şərtləri radikal şəkildə mürəkkəbləşib. Oturum və ya vətəndaşlıq almaq üçün Türkiyədə əmlaka sahib olmaq tələb edilir. Hansı ki, Azərbaycanda da bu belədir. Düşünürəm ki, bu artım gələcək illərdə də davam edəcək. Əsasən İstanbul, Ankara, Antalya, Bodrum kimi şəhərlərdə evə sahib olmaq Azərbaycan vətəndaşları üçün prioritet təşkil edir. Daha çox zəlzələlərin aktiv olmadığı bölgələrə üstünlük verilir. Əmlak əldə edənlər ya Türkiyədə yaşayıb-işləmək, ya da təhsil almaq məqsədilə gedən azərbaycanlılardır”.

“Məqsəd kirayələrdən daha yüksək gəlir əldə etməkdir”

V.Oruc düşünür ki, insanları Türkiyə əmlak bazarına yönəldən oradakı gəlir əldə etmək imkanlarıdır: “Məqsəd kirayələrdən daha yüksək gəlir əldə etməkdir. Çünki orada kirayə gəlirləri ölkəmizə nisbətən daha yüksəkdir. Məsələn, 200 min manata ev alıb Bakıda 600-800 manat arası kirayə gəlir əldə etmək mümkündürsə, həmin məbləğ Türkiyədə 1000-1200 manat civarındadır”.

“Türkiyə əmlak bazarı daha rahatdır”

Əmlak bazarı üzrə ekspert Anar Nəsirov isə bildirdi ki, Türkiyə əmlak bazarı Azərbaycandan daha sərfəlidir: “Azərbaycanda hazırda əmlak bazarında qiymət artımı müşahidə olunur. Türkiyə əmlak bazarı daha rahatdır. Həmçinin orada qiymət artımı bizdəki qədər deyil. Türkiyədə əmlak qiymətləri Azərbaycandan daha münasibdir. Məsələn, Azərbaycanda yeni binadan birotaqlı 50 kvadratlıq mənzil aldıqda 200-220 min pul verdikdə, Türkiyədə bu qiymətə üçotaqlı mənzil almaq mümkündür. Düzdür, yerinə görə qiymətlər dəyişir. Amma münasib qiymətli əmlaklar da az deyil”.

A.Nəsirovun sözlərinə görə, Türkiyə ilə əlaqələrimiz inkişaf etdikcə, bu, rəqəmlərə də təsirsiz ötüşməyəcək: “Azərbaycanlılar üçün Türkiyədə yaşamaq daha asandır. Bu da vətəndaşlarımızın orada əmlak almasına gətirib çıxarır. Vətəndaşlarımız Türkiyəyə oxumağa, işləməyə gedirlər. Sərmayə əldə etmək üçün də ev alanlar az deyil. Yaxud Türkiyəyə istirahətə gedən insanlar düşünürlər ki, hər il gəldikdə kirayəyə pul verməkdənsə, ev almaq daha sərfəlidir. Həmçinin qalmadığı dövrdə mənzili kirayə verib oradan gəlir də əldə edə bilər. İstanbul, Ankara, Bodrum, Antalya, İzmir, Kuşadası kimi ərazilərə daha çox üstünlük verirlər. Bu şəhərlərdə vətəndaşlarımız həm yaşayır, həm də istirahət etmək üçün mənzil sahibi olurlar. Düşünürəm ki, Türkiyədə ev alanların sayı bundan sonra daha da artacaq”.

Qiymətlər ucuz deyil

Hazırda azərbaycanlı alıcıların daha çox üstünlük verdiyi İstanbul, Ankara, Antalya, Bodrum, İzmir və Kuşadası şəhərlərində mənzil qiymətləri şəhərə, rayona və binanın xüsusiyyətlərinə görə dəyişir. İstanbulda birotaqlı mənzillərin qiyməti orta hesabla 120-180 min ABŞ dolları arasındadır. İkiotaqlı evlər 170-250 min, üçotaqlı mənzillər isə 230-350 min dollar civarındadır. Ankarada qiymətlər nisbətən daha münasibdir. Burada birotaqlı evləri 80-130 min dollara, ikiotaqlı mənzilləri 110-180 min dollara, üçotaqlı evləri isə 160-240 min dollara almaq mümkündür. Antalya şəhərində birotaqlı mənzillər 90-150 min dollar, ikiotaqlılar 130-210 min dollar, üçotaqlılar isə 180-280 min dollar aralığında təklif olunur. Bodrumda qiymətlər daha yüksəkdir. Bu şəhərdə birotaqlı mənzillər 150-250 min dollardan başlayır, ikiotaqlı evlər 220-350 min dollara qədər yüksəlir, üçotaqlı mənzillər və villalar isə əsasən 300 min dollardan yuxarı təklif edilir. İzmir şəhərində birotaqlı mənzillərin qiyməti 85-140 min dollar, ikiotaqlılar 120-200 min dollar, üçotaqlılar isə 170-260 min dollar təşkil edir. Kuşadasında isə birotaqlı evləri 75-120 min dollara, ikiotaqlıları 110-180 min dollara, üçotaqlı mənzilləri isə 150-230 min dollar aralığında tapmaq mümkündür. Bu qiymətlər əsasən yeni tikililərin orta bazar göstəriciləridir və mənzilin dənizə yaxınlığı, təmir səviyyəsi və yerləşdiyi əraziyə görə dəyişə bilir. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm