Azərbaycanda balıq da kəskin bahalaşacaq: Xəzərin durumu bazarı silkələyir
Bizi izləyin

Sosial

Azərbaycanda balıq da kəskin bahalaşacaq: Xəzərin durumu bazarı silkələyir

"2025-ci ildə həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb". Bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, proses zamanı bəzi vacib məqamlar üzə çıxıb. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alınıb. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması aşkarlanıb. Bəs Xəzərin çəkilməsi, çaylarda suyun azalması balıq bazarına necə təsir edir?

“Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb”

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlının sözlərinə görə, Kür çayında və digər çaylarda sululuğun azalması keçici və yarımkeçici balıqlara təsir edir: “Hansı balıqlar ki, təbii kürü tökmək üçün kiçik və ya böyük miqrasiya edirlər, onların ehtiyatlarında ciddi azalma müşahidə ediləcək. Çünki çayların suyu balıqların miqrasiya edə bilməsi üçün önəmlidir. Xəzərin səviyyəsinin düşməsi onların çaylara keçməsində müəyyən çətinliklər yaradır. Artıq Xəzər qızıl balığı, nərə cinsli balıqların böyük miqrasiyasından danışa bilmirik. Çünki 1950-ci illərdən sonra bu balıqların miqrasiyası Kür çayı üzərində tikilmiş bəndlərin nəticəsində azalmağa başlamışdı. Hazırda isə bu balıqların təbii kürü tökməsi mövcud deyil”.

Sədrin fikrincə, çəkikimilərin azalacağı bir neçə il öncədən bəlli idi: “Səbəblərdə iqlim və ya antropogen faktorları ayırmaq qeyri-mümkündür. 2-3 il öncədən biz bunu proqnoz etmişdik. Həmin dövrdə Kür çayının mənsəbində Salyan-Neftçala ərazisində dəniz suyu Kür çayına qarışmışdı. Hətta Şırvana qədər duzluluq artdı. Bu da Kür çayının mənsəbində kürüləyən çəkikimilərin həmin mövsümdə çox az və yaxud heç olmamasına səbəb oldu. Bu gün həmin prosesin nəticəsini görə bilirik. Son 5-10 ildə balıq ehtiyatları bir neçə dəfə azalıb. Xəzər qızıl balığı hazırda yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Nərə cinsli balıqlardan bölgə, belamur da təhlükədədir. Bu da bazara öz təsirini göstərir. Hazırda bazarlarda olan balıqlar ya idxal, ya da yetişdirilmədir”.

“Balıq artıq bahalı məhsula çevrilib”

Z.Salmanlı bildirdi ki, baş verən proseslərlə əlaqədar bütün balıq növlərində bahalaşma müşahidə ediləcək: “Balıq ehtiyatları azaldıqca artan istehlakı məcbur idxalla qarşılayacağıq. Çünki balıq yetişdirmə sahəsi də çətin vəziyyətdədir. 3-4 ildən sonra bəlkə bu sahə inkişaf edə bilər. Amma hazırda vəziyyət acınacaqlıdır. Balıq adi ərzaqdan bahalı məhsula çevrilib. Bahalaşma bütün növlərdə gözlənilir. Balığın ucuzlaşması üçün ehtiyatlar artırılmalıdır”.

“Qolların təmizlənməsi və qorunması vacibdir”

Azərbaycan Balıqçılar İttifaqı rəhbəri Əfqan Əliyev isə düşünür ki, balıqların azalmasına səbəb təkcə iqlim yox, həm də insan amilidir: “Ümumiyyətlə, Kür və Araz çaylarının suyunun azalması onlardan ayrılan qolların qurumasına səbəb olur. Bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qolların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir. ⁠Çəkikimilərin azalmasının əsas səbəblərinin iqlim dəyişikliyinə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan su hövzələri təhlükəsizliyi agentliyi sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın”.

Ə.Əliyevin sözlərinə görə, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması nəinki düşündürücü, hətta faciəvidir: “İki il öncə rəsmi qurum nümayəndələrindən biri bu rəqəmin 80 faiz üzərində olduğunu bildirmişdi. İndi bu göstərici daha da artıb və buna əsas olaraq balıq məhsullarının bugünkü qiymətlərini göstərmək olar. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir”.

“Xəzərin çəkilməsi ilə bərabər, qiymətlər də artacaq”

Müsahibimiz artan bazar qiymətlərindən də bəhs etdi: “5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb. Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur. Çünki bu balıqların sürətlə azalması gedir. Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, insanların sağlamlığına da təsir edir. Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Qiymət artımının qarşısının alınması hələ ki idxaldan asılıdır. Balıq qıtlığının aradan qaldırılması üçün tədqiqatlar artıq dövlət səviyyəsində aparılır”. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm