Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?
Bizi izləyin

Sosial

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?

Dünyada ərzaq ucuzlaşır,  Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?

Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında süd məhsulları, ət və şəkər qiymətlərinin azalması səbəbindən ardıcıl beşinci ay davamlı şəkildə düşüb. FAO Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvar ayında orta hesabla 123,9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 0,5 bənd (0,4 faiz) azdır. Süd məhsulları, ət və şəkər üzrə qiymət indekslərində azalma taxıl və bitki yağları üzrə artımları üstələyərək indeksin ardıcıl beşinci aylıq azalmasını təmin edib.

Qlobal ərzaq qiymətləri azalırsa, niyə bu eniş Azərbaycan bazarında hiss olunmur? Bu azalma yaxın aylarda daxili bazarda real ucuzlaşmaya çevrilə bilərmi?

“Ucuzlaşma davam etsə, yerli bazarda təsirini göstərəcək”

İqtisadçı-ekspert Eyyub Kərimli bildirdi ki, hazırda dünyada bəzi ərzaq məhsulları üzrə baş verən ucuzlaşma digər idxalçı ölkələrdə dərhal öz təsirini göstərmir. Bu, əsasən müqavilələrin daha öncədən bağlanması və stoklamanın əvvəlcədən həyata keçirilməsi ilə bağlıdır: “Sözsüz ki, ucuzlaşma davam etsə, bu, öz əksini yerli bazarda idxal olunan məhsullarda tapmalıdır. Lakin ucuzlaşma yalnız xaricdən idxal olunan məhsullara aid ola bilər. Çünki bəzi ərzaq məhsulları özümüzdə istehsal olunur və onların qiymətində ucuzlaşma baş vermir. Digər tərəfdən, hazırda bəzi məhsullarda qiymət artımı logistika və nəqliyyat xərclərinin yüksəlməsi ilə bağlıdır. Həmçinin gömrük rüsumları və gömrük əməliyyatlarında gecikmələr də əlavə xərclər yaradır. Bu səbəblərdən ucuzlaşmanın təsiri bazarda bir müddət sonra özünü göstərir”.

Mürəkkəb və uzunmüddətli proses

Ekspert bildirir ki, gündəlik qiymətlərin formalaşmasında bir sıra amillər öz rolunu oynayır. Onun sözlərinə görə, gələcəkdə bəzi məhsullarda müəyyən dövlət güzəştlərinin tətbiqi mümkündür: “Məsələn, rüsumların müvəqqəti endirilməsi və xərclərin azaldılmasına yönəlmiş subsidiyalar bəzi hallarda dəstək rolunu oynaya bilər. Hazırda ölkəmizə əsasən qlobal ticarətdə çıxış payı olan məhsullar buğda və buğda məhsulları, şəkər, bitki yağları, qəhvə və çaydır. Bu kateqoriyalarda qiymətlər bəzən volatilliyə malik olur, yəni ucuzlaşma ilə yanaşı, bir neçə ay sonra qiymət artımı da ola bilər. Bu baxımdan, qiymətlərin sabitləşməsi mürəkkəb və uzunmüddətli prosesdir”.

“Bazarda tənzimləmələrin həyata keçirilməsi zəruridir”

E.Kərimli vurğulayır ki, ucuzlaşmanın yerli bazarda hiss olunması üçün rəqabət mühitinin liberallaşması böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda, təchizat zəncirinin şaxələndirilməsi vacibdir. Məhsulların bir ölkədən yox, bir neçə ölkədən idxal edilməsi problemi kökündən həll edə bilər. Digər tərəfdən, bəzi hallarda inflyasiya sahibkarları əlavə marja əldə etməyə sövq edir və süni qiymət artımları da bazarda rol oynayır. Bu səbəbdən, daha ciddi tənzimləmələrin həyata keçirilməsi zəruridir”.

“Dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz”

İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, hazırkı vəziyyətdə dövlətin tənzimləyici alətləri ucuzlaşmaya səbəb ola bilməz: “Çünki Tarif Şurası qiymətləri artıran addımlar atıb. Məsələn, dizel və benzinin qiyməti artırıldı. Həmin vaxt əvvəlki artımların nəticələri hələ bazar tərəfindən həzm edilməmişdi. 2024-cü ilin yayında dizel yanacağı 25%, benzin isə 10% bahalaşmışdı. Bu ilin yanvar ayının əvvəlində isə dekabrın sonu üçün dizel yanacağı daha 10%, benzin isə təxminən 5% bahalaşdı. Bunun nəticəsində kommunal xərclərdə də artımlar müşahidə olundu. Bütün bunlar sahibkarların xərclərini artırır. Yəni Tarif Şurasının son dövrlər qərarları qiymət endirimi deyil, qiymət artımı istiqamətindədir. Dövlətin tənzimləyici alətlərinin təsiri isə artıq subsidiya və digər mexanizmlər vasitəsilə bazara ötürülüb. Yəni, bu məsələlərin bazarda hər hansı tənzimləyici rolu qalmayıb”.

“Eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”

İqtisadçı deyir ki, 2026-cı il üçün keçən ilki səviyyədə inflyasiya proqnozlaşdırır. Həm Mərkəzi Bank, həm də hökumətin proqnozlarında inflyasiya nəzərdə tutulub: “Burada ikinci əsas məsələ odur ki, inflyasiya əsasən ölkəmizə ticari tərəfdaşlarımız vasitəsilə ötürülür. Məsələn, Türkiyə bizim əsas ticarət tərəfdaşımızdır, həmçinin Rusiya, Avropa ölkələri, İran və Çin. Yəni qiymət artımı birbaşa həmin ölkələrdən idxal olunan məhsullara təsir edir. Keçən ilin statistikasına görə, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının idxal qiymətləri indeksi 26% artıb, yəni eyni məhsulları 2024-cü illə müqayisədə 26% daha baha almışıq”.

“Vətəndaş ucuzlaşmanı hiss etməyəcək”

Mütəxəssis vurğulayır ki, vətəndaş ucuzlaşmanı hiss etməyəcək: “Gömrük rüsumları və vergilərin artımı qiymətlərin enməsinin qarşısını alır. Məsələn, telefonların gömrük rüsumları artırılıb, spirtli içkilərdə aksiz vergiləri yüksəldilib. Daha sonra telefonlara aksiz tətbiq edilib. Eyni zamanda, maşınlar üçün mövcud olan ƏDV güzəştləri ləğv olunub. Nəticədə, bazarda qiymətlərin azalması mümkün deyil, əksinə, qiymətlər yüksələcək. Vətəndaş bu ucuzlaşmanı hiss etməyəcək, çünki gündəlik qiymət enişi üçün bazarda hər hansı mexanizm yoxdur”. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm