Sosial
Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb.
Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pul kisəsi ilə yanaşı mobil telefonunun oğurlandığı bildirilib. Son illərdə cibgirlik halları nisbətən azalmış kimi görünsə də, xüsusilə sıxlıq müşahidə olunan ictimai nəqliyyat vasitələrində bu problemin yenidən aktuallaşması narahatlıq doğurur. Bu baxımdan, ictimai nəqliyyatda cibgirlik halları, onların qarşısının alınması və vətəndaşların özlərini necə qorumalı olduqları yenidən müzakirə mövzusuna çevrilib.
“Oğurluq kimi qiymətləndirilir”
Hüquqşünas Ceyhun Cəfərlinin sözlərinə görə, cibgirlik dedikdə oğurluq cinayəti başa düşülür. Cinayət Məcəlləsində ayrıca “cibgirlik” adlanan cinayət əməli nəzərdə tutulmayıb: “Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgəsinin əmlakını gizli olaraq talama cinayət sayılır və buna görə cəza nəzərdə tutulub. Bu əmələ görə 160 saatdan 480 saata qədər ictimai işlər, iki ilə qədər azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Bu cəzalar alternativ xarakter daşıyır və cəza fərdiləşdirilərkən məhkəmə cinayətin xarakterini, cinayəti törədənin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq həmin cəzalardan birini seçə bilər”.

“Toxunmanın adi qarşılandığı mühitlərdən istifadə edirlər”
C.Cəfərli bildirir ki, cibgirlik oğurluğun xüsusi bir formasıdır və adətən qapalı binalara daxil olmaqla törədilən oğurluqdan fərqlənir. Bu cür cinayətlər daha çox küçələrdə, ictimai yerlərdə və insanların sıx toplaşdığı məkanlarda baş verir: “Cibgirlər əsasən insanların ciblərindən, çantaların içərisindən pul və digər əşyaları hiss etdirmədən götürürlər. Belə hallar daha çox ictimai nəqliyyatda, metro stansiyalarının giriş-çıxışlarında, eləcə də insanların növbə gözlədiyi və sıx toplaşdığı yerlərdə müşahidə olunur. Cibgirlər məhz insanların bir-birinə toxunmasının adi qarşılandığı mühitlərdən istifadə edirlər. Adi halda hər hansı vətəndaş ona kimsə toxunduqda dərhal reaksiya verə bilər. Lakin sıxlıq olan yerlərdə bu toxunuşlar normal qəbul edildiyi üçün insanlar buna xüsusi diqqət yetirmir. Cibgirlər də məhz bu psixoloji vəziyyətdən istifadə edərək qurbanlarına yaxınlaşır və əşyaları gizli şəkildə götürürlər”.
“Açıq cibləri hədəf seçirlər”
Hüquqşünas bildirib ki, bu cür halların qarşısını almaq üçün vətəndaşların diqqətli olması vacibdir: “Tövsiyə olunur ki, zərurət olmadıqca üzərlərində iri məbləğdə pul və ya bahalı zinət əşyaları gəzdirməsinlər. Həmçinin pul və digər qiymətli əşyaların geyimin iç tərəfində yerləşən, bağlanan ciblərdə saxlanılması daha təhlükəsiz hesab olunur. Çünki cibgirlər adətən üst geyiminin çöl hissəsində olan açıq cibləri hədəf seçirlər. Xüsusilə xanımlara çantalarını bağlı saxlamaları və izdihamlı yerlərdə göz önündə tutmaları tövsiyə olunur. Sıx məkanlarda çantanın nəzarətsiz saxlanılması cibgirlər üçün daha əlverişli şərait yarada bilər”.

C.Cəfərli qeyd edib ki, hadisə baş verdikdə vətəndaşların dərhal hüquq-mühafizə orqanlarına müraciət etməsi vacibdir: “Tövsiyə olunur ki, insanlar sıx məkanlardan çıxan kimi öz əşyalarını yoxlasınlar və hər hansı oğurluq halı aşkar olunarsa, dərhal polisə məlumat versinlər. Hadisənin baş verdiyi yer barədə dəqiq məlumat verilməsi cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasına kömək edə bilər. Bu cür cinayətlərin tamamilə aradan qaldırılması çətin olsa da, profilaktik tədbirlər və vətəndaşların diqqətli davranışı bu halların azalmasına kömək edə bilər”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə bildirib ki, cibgirlər təkcə ictimai nəqliyyatda deyil, insanların daha çox cəmləşdiyi müxtəlif məkanlarda fəaliyyət göstərirlər. Bu məkanlara parklar, ticarət mərkəzləri, avtovağzallar və insanların toplu şəkildə olduğu digər ərazilər daxildir: “Cibgirlər hədəf seçərkən müxtəlif üsullardan istifadə edirlər. Adətən üzərindəki çantanı və ya qiymətli əşyaları – mobil telefon, pulqabı, qızıl-zinət əşyaları və ya pul vəsaitini diqqətçəkən və nəzarətsiz şəkildə daşıyan şəxslər onların diqqətini daha çox cəlb edir”.
E.Nurəliyevin sözlərinə görə, vətəndaşların diqqətli davranması vacibdir: “Əgər mobil telefon şalvarın və ya gödəkcənin yan və arxa cibində açıq şəkildə saxlanılırsa və ya çanta nəzarətsiz vəziyyətdə daşınırsa, bu cibgirlərin diqqətini cəlb edə bilər, həmin şəxsin hədəf seçilməsi ehtimalını artırar”.
“Təkbaşına müdaxilə etməyin”
Ekspertin fikrincə, əgər şəxs cibgirliklə üzləşdiyini və ya belə bir cəhdin olduğunu hiss edərsə, ilk növbədə vəziyyəti düzgün qiymətləndirməlidir. Təhlükəsizlik baxımından dərhal fiziki qarşıdurmaya girmək hər zaman məqsədəuyğun hesab olunmur: “Belə hallarda yaxınlıqda polis əməkdaşı varsa, ona məlumat vermək və ya ətrafdakı insanların diqqətini cəlb edərək kömək istəmək daha doğru addım sayılır. Nəzərə almaq lazımdır ki, cibgirlər bəzən tək olmaya bilər və ifşa olunduqlarını hiss etdikdə qarşı tərəfə zərər yetirmək ehtimalı da yaranır. Bu səbəbdən belə vəziyyətlərdə əsas məsələ şəxsi təhlükəsizliyin qorunmasıdır”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşlar ictimai nəqliyyatda olarkən diqqətli olmalı, şəxsi əşyalarını nəzarətdə saxlamalı və sıxlıq olan yerlərdə ehtiyatlı davranmalıdırlar. ("Kaspi" qəzeti)
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"

















.jpg)





















