Prezidentin Gürcüstan səfəri münasibətlərdə yeni səhifə açır - Samir Vəliyev
Bizi izləyin

Sosial

Prezidentin Gürcüstan səfəri münasibətlərdə yeni səhifə açır - Samir Vəliyev

Prezidentin Gürcüstan səfəri münasibətlərdə yeni səhifə açır - Samir Vəliyev

“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərimizin inkişafı üçün yeni səhifə açır. Səfər zamanı müzakirə olunan məsələlərə, eləcə də Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin bəyanatlarına diqqət yetirsək deyə bilərik ki, iki qonşu dövlət olaraq münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri yeni səviyyəyə yüksəlib. Eyni zamanda, əlaqələrin siyasi əhəmiyyəti artıq iki ölkə hüdudları ilə kifayətlənmir, Tbilisi-Bakı əməkdaşlığı həm region, həm də bütövlükdə Avropa üçün önəm qazandırır. Xüsusən, dünyada enerjiyə tələbat artdığı bir zamanda əlaqələr hər iki ölkənin birlikdə əməkdaşlığını daha da gücləndirib. Rəsmi Tbilisi bu məsələdə Bakının hər iki ölkənin maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin faydalı olduğunu anlayır. Eyni zamanda, Gürcüstan Azərbaycanın sülh təşəbbüsləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühitə gətirib çıxaracağına da inanaraq Bakının mövqeyini bölüşür.

Təbii ki, dialoq mühitinin genişlənməsi, Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasından bütün region faydalanacaq. Bu məsələdə xüsusi diqqət çəkən isə odur ki, proseslər məhz Bakının müəyyənləşdirdiyi istiqamətdə inkişaf edir. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqarar olunması istiqamətində önəmli bir platforma ola bilər. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim”,-deyə dövlətimizin başçısı vurğulayıb.

Gürcüstanın Baş naziri İrakli Kabaxidze də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və Prezident İlham Əliyevi Gürcüstanın dəyərli dostu adlandırıb. O deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh prosesini alqışlayır: “Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır”. Bütövlükdə, qlobal geosiyasi dəyişikliklər, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır. Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, ölkələrimiz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm verir. Azərbaycanın təşəbbüsləri Avropa üçün bu baxımdan yeni imkanlar açır. Gürcüstan isə tranzit ölkə kimi burada iqtisadi dividentlərini artırmaqdadır.

Proseslər göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.

Deputat qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur. “Bütövlükdə, qarşılıqlı faydalı münasibətlər Azərbaycan-Gürcüstan əlaqələrinin davamlı inkişafından xəbər verir”, - deyə Samir Vəliyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm