SOCAR-ın transformasiyası iqtisadi inkişafın mühüm nümunəsidir - Elnur Soltanov
Bizi izləyin

Sosial

SOCAR-ın transformasiyası iqtisadi inkişafın mühüm nümunəsidir - Elnur Soltanov

SOCAR-ın transformasiyası iqtisadi inkişafın mühüm nümunəsidir - Elnur Soltanov

Bakıda keçirilən “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda “Technovation” forumunda energetika nazirinin müavini Elnur Soltanov çıxış edib.

Publika.az xəbər verir ki, nazir müavini SOCAR-ın transformasiya prosesini nümunə göstərərək şirkətin artıq regional və qlobal dəyər zəncirinin fəal iştirakçısına çevrildiyini bildirib.

“SOCAR nümunəsində biz yaxşı bir transformasiya modelini görürük. Əvvəllər daha çox xarici dəstəyə və resurslara arxalanan şirkət bu gün artıq regional və qlobal dəyər zəncirinin fəal iştirakçısına çevrilib”, - deyə Elnur Soltanov qeyd edib.

Onun sözlərinə görə, SOCAR hazırda təkcə Azərbaycanda deyil, Gürcüstan, Türkiyə və Avropanın bir sıra ölkələrində, o cümlədən İtaliyada fəaliyyət göstərir və müxtəlif dəyər zəncirlərinə inteqrasiya olunub.

Nazir müavini vurğulayıb ki, şirkət tədricən yalnız resurs ixrac edən qurumdan bilik və bacarıq ixrac edən struktura çevrilir: “Ən önəmlisi isə odur ki, şirkət tədricən yalnız məhsul və resurs ixrac edən bir qurumdan, eyni zamanda bilik və bacarıq ixrac edən şirkətə çevrilir”.

Elnur Soltanovun sözlərinə görə, iqtisadi inkişafın əsas göstəricilərindən biri ölkənin insan kapitalını formalaşdırmaq və onu beynəlxalq səviyyəyə çıxara bilməkdir.

O, həmçinin gələcək iqtisadi modellə bağlı sualların vacibliyinə toxunub: “Əsas sual budur: biz necə bir iqtisadiyyat yaratmaq istəyirik və bu məqsədə necə nail olacağıq?”

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda elektrik enerjisinin təxminən 90 faizi təbii qaz hesabına istehsal olunur və bu resurs ölkə üçün strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, kommunal xidmətlər - su, elektrik və qaz sahələri birbaşa mənfəət məqsədi ilə idarə olunmur və burada dövlət sosial tarazlığı qorumaq üçün subsidiya mexanizmlərindən istifadə edir.

Elnur Soltanov enerji sektorunda transformasiya istiqamətində atılan addımlardan da danışıb. O bildirib ki, əsas hədəf təbii qazdan asılılığın tədricən azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafıdır: “COP29 çərçivəsində də əsas müzakirə mövzularından biri məhz dayanıqlı enerji keçididir. Lakin enerji transformasiyası yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan balanslı şəkildə həyata keçirilməlidir”.

Nazir müavini qeyd edib ki, hazırda təxminən 2 giqavatlıq bərpa olunan enerji gücünün şəbəkəyə qoşulması planlaşdırılır. Bu isə illik təxminən 5 milyard kubmetr təbii qaza qənaət deməkdir.

Onun sözlərinə görə, bu layihələrin reallaşması üçün enerji infrastrukturuna ciddi investisiyalar tələb olunur: “Azərbaycan kiçik ölkə olsa da, enerji sektorunda həm regional imkanlara, həm də qlobal çağırışlara cavab verməyə çalışır”.

Çıxışın sonunda o qeyd edib ki, enerji siyasətinin əsas məqsədi enerji təhlükəsizliyini gücləndirmək, iqtisadi səmərəliliyi artırmaq və dayanıqlı inkişafı təmin etməkdir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm