Yaşın nə fərqi var ki? – Dünyanın qəribə evlilikləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yaşın nə fərqi var ki? – Dünyanın qəribə evlilikləri - FOTOLAR

Hər insanın öz taleyi, alın yazısı var. Bir də var ailə xoşbəxtliyi. Bəzən bu xoşbəxtlik insanı erkən yaşlarında tapır, bəzən isə ömrünün qürub çağlarında. Hərdən də elə olur ki, bəziləri bir neçə dəfə ailə qursalar da, ailə səadəti onlara nəsib olmur.

Publika.az dünyanın qəribə evlilikləri, o cümlədən aralarında kəskin yaş fərqləri olan tanınmış cütlükləri sizə təqdim edir.

Donald Tramp və Melaniya Knaus – onların arasındakı yaş fərqi 24 ilə bərabər idi. Bu foto cütlüyün 2004-cü ildəki xoşbəxtlik anını əks etdirir.

Çoxmilyonlu Azərbaycan tamaşaçılarının, habelə dünyanın müsəlman xalqlarının, eləcə də xristian dünyasının bu gün də sevə-sevə izlədikləri, Məhəmməd Peyğəmbərin həyatını əks etdirən “Çağrı” filminin əsas qəhrəmanlarından biri Entoni Kuin özündən nə az-nə çox, 47 yaş kiçik olan Keti Benvinlə. Onlar 1997-ci ildə ailə qurmuşdular. Lakin bu evliliyin ömrü cəmi 4 il çəkdi. Entoni Kuin 2001-ci ildə Bostonda (ABŞ) 86 yaşında dünyasını dəyişdi.

Ötən əsrdə bir çox uğurlu rolları ilə milyonlarla tamaşaçının sevimlisinə çevrilmiş, bir vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkmiş tanınmış aktyor Maykl Duqlas və Ketrin Zeta-Cons arasındakı yaş fərqi 25 ildir. Ulduzların nikahı 2000-ci ildə rəsmi şəkildə qeydiyyata alınıb. Cütlüyün bu nikahdan iki övladları dünyaya gəlib: oğlan və qız.

Ən qəribə evlilik Selin Dionla bağlıdır. Belə ki, Rene Anjelillə tanış olanda Selinin cəmi 12 yaşı vardı. Düzdür, onda Rene Anjelil – Selin Dion münasibətləri hələ dostluq səviyyəsində idi. Lakin sonradan bu münasibətlər sevgiyə çevrildi. Onlar 1994-cü ildə evləndilər. Cütlüklər arasındakı yaş fərqi 26 ildir.

“Monti Payton” komik qrupunun üzvlərindən olan Con Kliz və Cenifer Uayd. Bu cütlüklərdən birincisinin 31 yaşı olanda ikinci hələ yenicə dünyaya gəlirdi. Başqa sözlə desək, onların arasındakı yaş fərqi az qala bir qərinəyə bərabərdir - 31 il. Cütlük 2012-ci ilin avqustunda münasibətlərini rəsmiləşdirdi. Həmin vaxt Con Klizin 72, Cenifer Uaydın isə 41 yaşı vardı.

“Məhəbbət yaşa baxmaz” deyimi amerikalı komik aktyor Rodni Dendjerfild və Coan Çayld üçün də əsas şüarlardan olub. Bu cütlüklərin yaş fərqi 31 il idi. 1993-cü ildə evlənən Rodni Dendjerfild və Coan Çayld 2004-cü ilə -Rodninin vəfatına qədər bir yerdə oldular. Lakin ərinin ölümündən sonra Coan Çayld 95 yaşlı milyoner Kirk Kerkoriana ərə getməklə yaşlı kişilərlə nikahı sevdiyini növbəti dəfə ortaya qoydu.

“Rolling Stones” qrupunun üzvü Ronni Vud “İncəsənət qurban tələb edir” məsəlinə qarşı çıxdı. O, əvvəlcə arvadını özünün növbəti sevgilisinə qurban verdi. Belə ki, 2008-ci ildə “Rolling Stones” qrupunun üzvü 19 yaşlı rus gözəli Yekaterina İvanovayla münasibətlərini rəsmiləşdirdi. Daha sonra isə yaradıcılığını da özündən 41 yaş kiçik olan yeni qadınına qurban verdi.

Qeyri-adi yaş fərqləri ilə seçilən cütlüklərdən olan Toni Kertis və Jill Vandenberqhəm də boylarının ölçüləri ilə bir-birlərilə ziddiyyət təşkil edirdilər. Onların arasındakı yaş fərqinin 46 il olması bir yana, qadının boyunun ərindən uca olması ilə də fərqlənirdi. Onlar 2010-cu ilə - Toni Kertisin vəfatına qədər bir yerdə oldular. Toninin 73 yaşı olanda onun sevimli Jillinin cəmi... 27 yaşı vardı.

Kerri Qarant və Barbara Xerris isə yaş fərqlərinin kəskinliyi ilə Toni Kertis və Jill Vandenberq cütlüyünü də geridə qoydular – 47 yaş. Onlar 1981-ci ilin aprelində evləndilər və Kerrinin 1986-cı ildə, 82 yaşında dünyadan köçdüyü günə qədər ayrılmadılar.

Aralarında 46 yaş fərqi olan amerikalı aktyor, rejissor və prodüser Dik Van Dayk ilə Arlen Silverin 2012-ci ildə nikaha girmələri qocalarla cavanların evlilik qərarlarına bu gün də tez-tez rast gəlindiyini göstərir.

Başqa bir amerikalı komik aktyor, rejissor Toni Rendall və Xizer Xarlan da gizli münasibətlərini çox gec rəsmiləşdirdilər. Onda Toninin 76, Xizerin isə cəmi 25 yaşı vardı. Cütlüklərin biri digərindən yarım əsrdən də artıq (51 il-müəl) böyük idi. Toni və Xizer 2004-cü ilə qədər, qoca ərin vəfatı gününədək bir yerdə yaşadılar.

Əvvəlki gənc sevgilisi Xoli Medisondan ayrılan Hyu Xefner özündən 54 yaş kiçik qadını atdıqdan sonra da dinc dayanmadı. O, özündən 60 yaş balaca Kristall Herrisə tamah saldı. Qadın da qoca Hyuya biganə qalmadı. “Playboy”un qurucusu yeni ilin modeli ilə evliliyə qərar verdi. Lakin qoca Xefnerin səhhətində yaranmış problemlər bu evliliyin ömrünün qısa olmasına səbəb oldu.

Yazımızın rekordçuları isə J.Hovard Marşalla bir sıra filmlərdə yer almış Anna Nikol Smit cütlüyüdür. Onlar arasındakı yaş fərqi nə az-nə çox, düz 63 il idi. Milyonçu neft maqnatı “Playboy” modeli ilə 1994-cü ildə evləndi. Toy günü J.Hovard Marşalın 89, cazibədar modelin isə 26 yaşı vardı. Qoca ər toydan sonra cəmi 13 ay yaşadı.

Fred Aster-Robin Smit cütlüyü. Yaş fərqi 45 il idi. Onlar 1980-ci ildə nikaha girdilər və qoca ərin 1987-ci ildəki ölümünə qədər birlikdə oldular.

P.S.Yazını hazırlayarkən xarici mətbuatda Ketrin Zeta-Consun Maykl Duqlasın yeni sevgilisi ilə münasibətlərindən xəbər tutması və qadının ərinin ona xəyanətindən sarsılması xəbərini oxuduq. Görünür, özündən 25 yaş kiçik və gənc olan qadın da Maykl Duqlas üçün yetərli deyilmiş.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm