Röyanın məmur sevgilisi, yalançı icra başçısı, Ayanın yeni eşqi, Əsədovanın sevgilisi – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Röyanın məmur sevgilisi, yalançı icra başçısı, Ayanın yeni eşqi, Əsədovanın sevgilisi – HƏFTƏBECƏR

Azərbaycan o ölkələrdəndir ki, şou-biznesi olmasa da, bu sahədən qazananlar çoxdur. Məsələn, kimsə kiminsə diskini daşıyır, prodüser olur, hansısa müğənni Rusiyanın ucqar vilayətlərindən birindəki “Çənlibel” kafesində 28 nəfərin iştirakıyla keçirilən ad günündə oxuyur, adını solo konsert qoyur.

Çox düşündüm ki, bəlkə, “Həftəbecər”i dayandırıb, əvəzinə başqa bir layihəyə başlayım. Axı olmayan şou-biznesin nəyindən yazasan? Ancaq axırda qərara gəldim ki, 10 il əvvəl “palatka” toyunda 15 “şirvan”a oxuyan sənətçi bu gün səkkiz minə toya gedirsə və dediyi qiymətdən bir qəpik aşağı düşmürsə, mən niyə halal-hümmət layihəmdən imtina etməliyəm?

Heç etmədim də... Beləliklə, 17-ci dəfə sizə həftə ərzində baş verən olmayan şou-biznesin xəbərlərini təqdim edirəm.

Bir gecənin içində sosial şəbəkələr vasitəsilə Azərbaycana tanınan, “dünyada ən zil səsə malik sənətçi” titullu Maral Tahirqızının adı heç də xoş olmayan olayda hallandı. Deyilənə görə, sənətçi insan alverində təqsirli bilinir. İşə bax ha, dünyanın ən zil səsə malik sənətçisi insan alveriylə məşğul imiş. Bəs o boyda səs, dünyayla bir şan-şöhrət?

Sənətçinin məsələyə münasibəti də özünəməxsus olub. Əvvəlcə saytımıza açıqlamasında bildirmişdi ki, onun bu işlərə qarışacağı yoxdur. Bir neçə gün öncə isə dedi ki, o, “çujoy paxmel” gedib. Yəni bütün günahlar Esmira adlı saç ustasındadır.

Deyəsən, Maral dünən də açıqlama verib ki, polis məsələni bağlamaq üçün ondan 10 min manat pul istəyib. On min manat ha... Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da bildirib ki, Maral Tahirqızı özünə bəraət qazandırmaq üçün belə söhbətlər uydurur. İndiki məqamda konkret nəsə demək çətindir. Ən yaxşısı, məhkəmənin qərarını gözləməkdir...

Çox maraqlıdır ki, hər zaman hətta ən açıq-saçıq geyinən müğənniləri belə abırlı görkəmdə bizə göstərən “Xəzər” televiziyası son dövrlər teleməkanda ciddi “inqilab” edir. Əkiz bacılarla bağlı baş verənlərin ardınca bu dəfə Zaur Kamalın aparıcısı olduğu “5-də 5” verilişində xoşagəlməz olay yaşanıb.

Müğənnilər Səidə Sultan və Niyam Səlami səhnəcik göstəriblər. Səhnəciyin ortasında elə ifadələr işlənib ki...

Ötən həftə xanəndə Elnarə Abdullayeva da diqqət mərkəzindəydi. Sənətçi jurnalistləri başına toplayaraq fevralın 20-də verəcəyi konsertdən danışdı. Onun çıxışından bir hissəni olduğu kimi təqdim edirəm:

“Məəin hessaddan xəbərim yoxdi. Oxuya bilsəm, çıxıb oxuyacam. O səhnədə zalda nə var ha, hamısı Asifin işidir. Ta bilmirəm orda nə oyın durğuzub. Amma orda nə oyın durğuzulubsa hamısı bınnıxdı”.

Elnarə xanım demək istəyirdi ki, bütün texniki işlərlə prodüser Asif Kərimov məşğul olacaq, onun işi isə oxumaqdır...

Teleaparıcı Mikayıl Güləddinoğlu onu “qıjı” və “kəntoş” adlandıranlara cavab verərək deyib ki, əslində, mən zəif bənd dögüləm, intəhası camaat məə qarşı beinsafçılıq eliyir. Sonra da əlavə edib ki, Zəlimxan Yaqubdan başqa istənilən şəxslə üzbəüz oturub şeir deyişməsinə hazırdı...

Bir-iki həftə əvvəl xəbər yayıldı ki, rəqqasə Aytən Azərbaycandan Türkiyəyə köçür. İş yoldaşlarıma hiss etdirməsəm də, bütün günü dilxor oldum. Hamı da elə bilirdi ki, başqa problemim var. İndi saytlarda rəqqasənin bu açıqlamasını görüb xeyli toxtadım. Deməli, hələ buralardadır. Açıqlamada tam dəqiq demir ki, getməyəcək, amma hələlik Bakıda olduğu dəqiqdir:

“Hamı bilir ki, mən çox səmimiyəm. Necə varamsa, eləyəm. Mənim başıma gəlməsə də, məclislərdə döyülüb-söyülən oriyental rəqqasələr olub. 6 ildir ki, məclislərdə masalara yaxınlaşmıram. Peşəkar rəqqasə olduğum üçün hər şeyi qadınların gözlərindən başa düşürəm. Bilirəm ki, həmin masaya yaxınlaşmaq olmaz, o qadın mənim gəlməyimi istəmir. Problem yaranmaması üçün səhnədə oynayıram”...

El arasında belə bir misal var: ayağını yorğanına görə uzat. Müğənni Xatun nə yaşına, nə tituluna sahib olduğu xalq artisti Nazpəri Dostəliyevaya “ilişib”. Sənətçinin xalq artistini parodiya etməsi narazılıq yaradıb. Dediyinə görə, Dostəliyeva Xatunun qardaşına zəng vurub deyib ki, bacına de, özünü yığışdırsın. Xatun da gedib bu əhvalatı İlhamə Quliyevaya ərz edib. Primadonna da Xatuna deyib ki, narahat olma, qanun var, hüquq mühafizə orqanları var. Amma sən demə, bu işin kökündə başqa söhbət dayanırmış. Xatundan sitat:

“Nazpəri mənim yerlimdir, uzaq qohumluğumuz var. Mən onun, o da mənim bütün nəslimi tanıyır. Bizim ədavətimiz çoxdan olub. Bir toy var idi, o toyu idarə edirdi. Mən tort kəsmə hissəsinə gəlib çatmışdım. Salamlaşdıq, mənə söz verildi. Bu zaman arxaya döndüm ki, mahnımı qoysunlar, oxuyum. Bir də gördüm Nazpərinin ansamblı çaldı, o da oxumağa başladı. Pis hala düşdüm, ağladım. Bu qədər hegemonluq etmək olar? Əlimi Allaha açdım, dedim ki, sən özün bunun bəlasını ver”...

“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı növbəti - üçüncü dəfə ailə həyatı qurub. Sənətçi həmkarları Emil Bədəlov, Yaşar Cəlilov, Əbdül Xalid, Elçin Cəfərov və digərlərini başına yığaraq nikah mərasimini qeyd edib. Qeyd edim ki, o, bundan əvvəl xalq artisti Aftandil İsrafilovun qızı ilə ailə qurmuşdu. Zeynallının ilk nikahından isə iki uşağı var...

Aktrisa Xuraman Əlizadə də şəxsi həyatından danışıb. Deyib ki, kişilər arasında seçim etməyi sevmir və hər zaman açıq danışmağa üstünlük verir:
“Ərə gedəcəyim kişinin maşını olmasa da olar. Amma evi mütləq olmalıdır. Özüm yaxşı qazanıram. İstəyirəm, ailə quracağım kişi də mənimlə birgə evə pul gətirsin. Bir də xasiyyəti mənim üçün önəmlidir. Gözəl olmasa da olar”.

Hər halda, bunu bir anons kimi qəbul edə bilərsiniz. Özünü belə bir izdivaca hazır hiss edən bəylər üçün yaxşı şansdır...

Hər zaman cəsarətli açıqlamaları, yerində olmayan məmurları tənqid etməsi ilə seçilən teleaparıcı Aytən Səfərova yenidən diqqət mərkəzindədir. Səfərovanın budəfəki hədəfi icra başçıları və rektorlar olub. Sitat:

“Saytlarda icra başçılarının qəbul günü yazılır. Amma o görüşdə icra başçısını görən olmur. Öz yerinə müavinlərini göndərirlər. Onlarla görüşmək üçün rayonlardan nə qədər insan gəlir. Camaatı aldatmaq olmaz. Sizi ora xalqa xidmət üçün təyin ediblər. Təkəbbür yox, siyasi mədəniyyət lazımdır. Bəzən ağsaqqallarla elə danışırlar ki, adam şoka düşür. Hamımız azərbaycanlıyıq, rəhmli olmalıyıq. Universitetdə rektorlar yerlərində oturmur, insanlarla görüşmürlər. Adamlarda ikrah hissi yaratmaq olmaz. Gün ərzində bizim “qaynar xətt”ə bununla bağlı nə qədər şikayət gəlir”...

Müğənni Ayan yenidən aşiq olmaq istəyir. Niyə elə düşünürsünüz ki, adam bu tezlikdə yenidən aşiq ola bilməz? Cəmi 25-26 yaşı var. Hələ görün özü nə deyib:

“Yeni eşq istəyirəm. Həyatımda tezliklə dəyişiklik olacaq. Sevgi yox, istəyirəm ki, ailəm olsun. Mən istədiyimə hər zaman nail oluram. Qismətimdə varsa, gəlinlik də geyinəcəm. Övladım qucağımda olacaq və mən təkrarən ailə həyatı quracam”.

Əşşi, məşhur reklamda deyildiyi kimi, qızın cehizi “Quiks”dən olandan sonra ər tapmağa nə var ki? Təki salamatçılıq olsun.

Nadir Qafarzadə ilə Cavanşir Məmmədovun münasibətlərinə Nəsimi Rayon Məhkəməsi aydınlıq gətirib. Cavanşir Məmmədova dediyi “qoca gey” ifadəsinə görə Qafarzadə 10 min manat məbləğində cərimə ödəyəcək. Ancaq deyəsən, Məmmədovun efirdə Qafarzadə ilə barışdıqdan sonra onu cərimələtməsi narazılıq yaradıb. Nadir Qafarzadə deyib ki, cəriməyə görə heyfsilənmir. Amma:

“Elə bilərəm ki, bir toyu pulsuz oxumuşam. Heç bir problem yoxdur. Amma bundan sonra mən həmin həmkarımla dost ola bilmərəm. Heç barışığımız da mümkün deyil. Eşitdim ki, Cavanşir Məmmədov mənim ödədiyim 10 min manatı kimsəsizlər evinə yardım edəcək. Amma insan bir yaxşılığı edirsə, gərək öz pulu ilə edə ki, savab qazana. O savab isə mənim adıma yazılacaq. Bu 10 mini Cavanşirə halal etmirəm”.


Cavanşir Məmmədov isə deyib ki, əslində, Nadirə 10 min yox, daha çox cərimə kəsilməliymiş...

Müğənni Mətanət Əsədova sevgilisindən danışıb. Deyib ki, sevgilisi var, amma hələ evlənib-evlənməyəcəkləri barədə qərar verə bilmir:

”Bəli-bəli, sevgilim var. Ona demək istəyərəm ki, bu məsələ nə vaxta kimi uzanacaq. O bir misal var, deyərlər ki, nə yardan doyur, nə əldən qoyur. Mən çox saf, deyib-gülən, mehriban, ətrafı geniş olan insanam. Amma o, çox qısqancdır. Deyir, oxumaqdan imtina et, səhnə olmayacaq. Əgər həqiqətən, daxilən ikinci Mətanəti tapsam, canlı yayımda mikrofonu qoyub, tamaşaçılarımla vidalaşaram. Amma bu, çox çətindir. Mən and içməyi sevməyən adam bununla olan zaman gərək “Quran” əlimdə gəzim ki, vallah elə deyil, belədir. Məni bu qədər sevən olub, amma beləsi olmayıb, inanın. Bir dəfə aldandım, ərə getdim, artıq çox ciddi düşünməliyəm ki, gülməli olmasın. Daha ayıb olar ki, gedim ərə, üç günə qayıdım gəlim”.

Nəsə ciddi söhbətə oxşayır. Yaza-yaza düşündüm ki, may ayına qədər toy olacaq. Yox əgər mayda olmasa, mütləq sentyabrda. Çünki yay toy eləmək üçün yaxşı fəsil deyil. Toyu gərək ya yazda, ya da payızda edəsən...

Müğənni Lamiyə Novruzovanın atası, əməkdar artist Lalə Məmmədovanın dayısı Yaşar Novruzov dünyasını dəyişib. Allah rəhmət eləsin! İndi Lamiyə Novruzova deyir ki, atasının ölümündə günahkar Lalə Məmmədovadır:

Atamın xəstə düşməsinə əsas səbəblərdən biri Lalə Məmmədova olub. Mənim onun kimi bibim qızı yoxdur. Atam artıq saatlardır ki, bu dünyadan köçüb. Lakin o, hələ də yasa gəlməyib. Hüzr yerinə də gəlsə, mən onu qovacağam. O, mənə düşməndən də betərdir. Rəhmətlik atamın adı ilə də özünü reklam etməsin”.

Vallah, nə yalan deyim, indiyə kimi olmayan şou-biznesimizdə çox qalmaqallar görmüşdüm, ancaq beləsinə rast gəlməmişdim. Yəni bu məsələni ikilikdə həll etmək olmazdı? İndi kimsə desə ki, bu məsələnin kökündə reklam dayanır, Lamiyə Novruzova daş atıb başını tutacaq ki, elə deyil. Ancaq görünən kəndə bələdçilik etmək artıqdır...

Sevinc Ağaşirinovanın prodüseri Elvin Əli həbs olunub. Deyilənə görə, prodüser narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçilib. Allah qapısını açsın. Ancaq Sevinc Ağaşirinova deyib ki, üç aydır iş birliyini dayandırıblar. Şəxsən mənim bildiyimə və eşitdiyimə görə, Elvin həbs olunan günə qədər Sevinclə işləyib. Bu durum Azərbaycanda şou-biznes deyilən “kruq”un əsl vəziyyətinin təzahürüdür. Keçmiş olsun...

Yadınızdarısa, Müğənni Manaf Ağayev bir neçə ay əvvəl canlı yayımda kabab bişirmək istəmişdi, çəkiliş meydançasını tüstü basmışdı, mətbuat bundan yazmışdı… Sən demə, sənətçi bacarığını elə canlı yayımda sübut etmək istəyirmiş. Ağayev bu günlərdə verdiyi açıqlamada deyib ki, mənim kabab bişirməyim oxumağımdan da yaxşıdır:

“Azərbaycanda 10 ən yaxşı kabab bişirən varsa, biri də mənəm. Oxumağımdan çox, yaxşı kababçılığı bacarıram. Evdə ət bazarlığı ancaq mənə həvalə olunub”.

Röya Ayxan həyat yoldaşıyla boşanandan sonra adı gah məmur övladıyla hallandırıldı, gah başqa sevgilisinin olduğu deyildi. Sənətçi ötən həftə bu barədə açıqlama verib və bildirib ki, sevgisiz yaşaya bilmir:

“Mən heç vaxt düzəlməyəcəm. Sevməyin quluyam. Sevməsəm, niyə yaşayıram ki? Keçmişə baxmıram. Hər zaman gələcəyə baxmışam. Birinə bəslədiyin sevginin eynisini başqası ilə yaşaya bilmirsən. İnsan hər dəfə fərqli sevir”.

İndi həmin adamın məmur oğlu, yaxud məmur olacağını demək çətin olsa da, sənətçinin dediyinə inansaq, tezliklə PARTLAYIŞ olacaq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm