• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Mən necə dəli oldum – I YAZI

  • Yazarlar
  • 9 Oktyabr 2015 02:34
  • 4 169 Baxış
Mən necə dəli oldum – I YAZI

Yeniyetməliyimi çox ağır keçirdim. Universitetə qəbul olandan sonra başladı mənim tragikomedik həyatım. Qız sevməyə başlamışdım. Qonşu qızı idi. Heç cür sevgimə cavab vermirdi. Məktub yazır, üz-üzə gələndə sevgimi etiraf edir, qapılarında sabahlayırdım. Heykəl kimi səssiz qalırdı. Bu hal getdikcə məni dəyişməyə başladı.

Bir gün öz-özümə dedim ki, vəssalam ya o qız olacaq həyatımda, ya da avara, tüfeyli həyat tərzi keçirəcəm. Məhəlləmizdə bir dəstə avara, “canlara dəyən” oğlanların “kruq”una qoşuldum. Siqaret çəkməyə başlamışdım. Özü də lap ağırından. Dəstənin lideri mənim qız sevdiyimi anlamışdı. Dedi, gedək bu saat qaçıraq. Razılaşmadım.

Evə gec gəlməyə, anamı-atamı incitməyə başlamışdım. Dedim, axı ya o qız, ya da cəhənnəm həyatı, vəssalam, şüttamam! Üstəlik içkiyə də qurşanmışdım. Harda gəldi “zakuska”sız-filan başıma çəkirdim. İçməkdən, gec yatmaqdan gözümün altı torbalanmışdı.

Günlər keçirdi. Axırım heç də yaxşı görünmürdü. Dəliliyə doğru gedirdim. Gecələr evdəkilər yatandan sonra gizlincə ayaqyolunda kədərli mahnılara qulaq asır, zarıyırdım. Dan yeri ağarana kimi ordan çıxmırdım. Siqareti siqaretə calayırdım. Bir gün anam şübhələnməyə başladı. Anadır axı, ilk onun bilməsi, hiss etməsi təbii haldır. Ona laqeyd, kobud cavablar verirdim. O isə dərdimi bilmək istəyirdi. Təsadüfən sevdiyim qıza yazdığım məktub əlinə keçmişdi. Əli üzündə gözlərini silah kimi üzümə tuşlamışdı. Anamın baxışlarında sonsuz kədər sezilirdi. Zarafatyana dedi ki, ə, heç qonşu qızını da sevərlər, ayıbdır. Dinməz-söyləməz özümü küçəyə atdım. Küçənin tinində dayanan avara dəstəsindən Seymur məni gördü. Onunla hal-kef tutub yollandıq kafelərin birinə. Yenə araq, siqaret, tüstü-duman beynimizi dumanlandırırdı. Bir yandan da Sezen Aksunun ürəkparçalyan mahnıları.

Gecə hamının yatmağını gözləyirdim ki, aradan çıxam. Bu dəfə ayaqyoluna yox, birbaş küçəyə. Şaxta adamı kəsirdi. Otaq qaranlıqlaşdı. Səssiz-səmirsiz yerimə girdim. Özümü yatmış kimi göstərməyə çalışdım ki, şübhə doğurmayım. Aradan bir saat keçdi. Səssiz-səmirsiz, yavaş-yavaş yerimdən qalxmağa başladım. Qaranlıqda paltarlarımı götürdüm. Şkafın qapısının çıxartdığı cırıltı anamı yuxusundan oyatdı. “Niyə yatmırsan? Nə olub sənə?” Onun sözlərini qulaqardına vurub qapının kilidini açdım. Gecə paltarında pilləkənlərlə aşağı düşdüm. Heç kim gözə dəymirdi. Nədənsə soyuğu canımda hiss etmirdim. Liftdə qalın jaketimi, şalvarımı geyinib çıxdım. Boş küçələrdə, prospektlərdə veyilləndim. Qayıdıb qızgilin qapısında oturdum. Səhərə yaxın evə girdim. Çarpayıma uzanıb gözlərimi yumdum. Anamın səsi eşidildi: “Sənin əlindən səhərə qədər gözümə yuxu getməyib. Avara gədə. Dədənə hələ ki heç nə deməmişəm”. Ona cavab vermədən yuxuya getdim. Günorta gözlərimi açanda evdə heç kim yox idi. Anam qonşuda olardı yəqin. Əynimi geyinib qonşu qızgilin qapısını taqqıldatdım. Qapı açılan kimi onun üzündəki təbəssüm məni elə bil ayıltdı.

- Nə istəyirsən? Nə lazımdır?

- Sizə gəlmək istəyirəm.

- Olmaz. Evdə təkəm.

Qapını bağlamaq istədiyi an ayağımla onu saxladım. Əlimlə onu itələdim və içəri keçdim. “Dəli olmusan, sən?” Ona şeirlər oxudum, diz çöküb əllərindən tutdum. Hisslərimin çoşqunluğu onun heç vecinə deyildi, bəlkə də vecinə idi. Ancaq mənim əzab çəkməyim ona zövq verirdi. Deyir, eşq gözü kor eləyir. Eynən belə idi, onun pis tərəflərini görə bilmirdim. Birtəhər məni evdən uzaqlaşdırdı. Gedib binanın damında ağladım. Hava qaralana kimi aşağı düşmədim. Kiminsə arxadan toxunuşu ilə harada olduğumu anladım.

- Alə, neyniyirsən burda?

- Ölmək istəyirəm...

- Dəli olmusan, get cəhənnəm ol evinə.

Ayağa qalxdım. Özümü aşağı tullamaq üçün irəlilədim. Aşağıya baxmadan gedirdim. Qəfil kimsə məni geri dartdı. Üzümə, yanıma təpik vurdu. Eynəyim yerə düşdü. Mənə toxunan adam özünün zibilə düşməməsi üçün həyatımı xilas etmişdi. Söyürdü.

- Məni zibilə salmaq istəyirsən?! Axmağın biri axmaq. Bir qıza görə özünü öldürmək istəyir. Kül sənin kişi başıva.

Aşağı çatanda yağış yağırdı. Küçələrdə işıqlar, adamlar gözümdə ala-bula, boz göürünürdü. Rənglər bir-birinə qarışırdı. Kimlərinsə səsini eşidirdim. Kimsə mənə toxunurdu. Əllərimi hiss etmirdim. Tez-tez gözümdən qara zolaqlar keçir, havalanırdım. Anlaşılmaz, naməlum hisslərin dünyasında itirdim...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR